Əlaqə Arxiv
news Image
2017.01.17
09:07
| A A A
Hakimiyyət daxilində klanlararası savaşın yeni mərhələsi başlanır
Forpost dövlətdə əlaltı olmaq uğrunda da yarış gərginləşir

Bu ilin aprelində Ermənistanda keçiriləcək parlament seçkilərinə siyasi hakimiyyət ciddi hazırlaşır. Keçənilki aprel döyüşlərindən sonra hakimiyyətin daha qabarıq görünən çürüklüyü cəmiyyəti xeyli dərəcədə silkələmişdi. Buna rəğmən, Ermənistan prezidentinin klanı və digər oliqarx qruplar arasında hakimiyyət ierarxiyasında yerini qorumaq üçün mübarizə başlamışdı. 

Mübarizəyə “islahat” adı verməklə ölkədə başlanan struktur dəyişikliyi zamanı bir çoxları ya vəzifəsini itirib, ya da mövqeyini dəyişib. Lakin bu mövzuda əsas məsələ parlament seçkilərinin nəticəsindən asılı olacaq. Çünki, konstitusiya dəyişiklikləri nəticəsində Ermənistan hakimiyyəti idarəetmədə prezident üsulundan parlament üsulina keçməlidir. Yəni, ölkənin əsas işgüzar fiquru prezident deyil, baş nazir olacaq. Daha doğrusu, ölkədə real hakimiyyət prezident və baş nazir arasında bölünəcək. İndi siyasi partiyalar və oliqarx qrupları bu iki vəzifə uğrunda daha inadla mübarizə aparırlar. Düzdür, əslində, hər iki vıəzifənin başı üzrəində Kremlin hökmü tüğyan edir. Lakin bu hökm daxildə kiminsə varlanmasına qarşı çıxmır, əksinə, bunu səylə genişləndirir. Çünki, yaxşı bilir ki, Ermənistanda halal yolla pul qazanmaq mümkün olan iş deyil. Çirkin yolla qazanılmış milyonlara görə isə insanları qarmaqda saxlamaq daha asandır.
Ermənistanda gündən-günə kəskinləşən qruplararası mübarizədə  prezident Serj Sarkisyanın da, necə deyərlər, quyruğu qapı arasındadır. Ölkədə yoxsulluğun artması, cinayətkarlığın və digər mənfi halların dəhşətli statistikası onun zorakı rəhbərliyinə qarşı xalqda ciddi narazılıq yaradıb. Bir tikə çörəyini yeyib “nə işimə qalıb” deyənlər artıq onları loyallaşdıran bir tikə çörəyi tapa bilmirlər. Hökumət vətəndaşlarının qarnını daha yavan çörəklə doldurmağı bacarmır. Bu isə hakimiyyətə qarşı narazılığı ciddi surətdə gücləndirir. 
Məsələ burasındadır ki, 2018-ci ildə Ermənistanda prezident seçkiləri keçiriləcək. Serj Sarkisyan postunu tərk etmək arzusunda deyil. Buna görə də onun öz ətrafını möhkəmləndirməyə ehtiyacı var. Moskvadan göndərilmiş indiki baş nazir Karen Karapetyan, belə görünür ki, Serjin tələblərinə cavab vermir. Bu da təbiidir. Axı, cəmi 3 aydan sonra onun səlahiyyətləri daha da genişlənəcək. Bax, onda baş nazir özünü respublikanın “ağası” hiss edəcək. K.Karapetyan da gələndən öz ətrafını möhkəmlətməklə məşğuldur. Vəzifəsinin 100-cü günündə keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən K.Karapetyanın dediyi “Oliqarxların əhatəsində özümü yaxşı hiss edirəm” fikri cəmiyyətdə birmənalı qarşılanmayıb. Artıq bu, o deməkdir ki, onun komandası formalaşıb. Bu isə Serji əndişələndirib. Çünki, Karapetyanın prezidenti dəyişmək və ya onun yerinə keçmək eşqi ilə yaşaması tamamilə mümkündür. Axı, onun da arxasında Moskvadır. Bu səbəbdən hazırkı baş nəzirin dəyişilməsi və Sarkisyana daha loyal birinin bu kürsüyə əyləşdirilməsi köhnə klan üçün zərurətə çevrilib. 
Ekspertlərin fikrincə, müdafiə naziri Vigen Sarkisyanı ölkənin baş naziri postuna gətirmək prezident Sarkisyanın ən yaxın planına daxil edilib. Lakin bu, heç də asan məsələ deyil. Çünki, Kremlin planına düzəliş etmək Ermənistanın hakimiyyət mənsublarının səlahiyyəti daxilində deyil. Sadəcə olaraq, belə vəziyyət ölkədə qarşıdurmanı bir qədər gücləndirəcək. Bu isə Moskvanın işinə yarayır. Çünki, tərəflər kömək üçün Kremlə müraciət edəcək və nəticədə ermənilərin şimal dostu onlara istədiyini qəbul etdirmək şansı qazanacaq. 
Ümumiyyətlə, Ermənistanda gedən proseslər göstərir ki, prezident Sarkisyanın mövqeyi tamamilə zəifləyib. Buna görə hələlik üstünlük baş nazirin tərəfindədir və gözləmək olar ki, Serjin özünün dəyişilməsi parlament seçkilərindən sonra daha böyük aktuallıq kəsb edəcək.

N.NOVRUZ
 
  

Sizin Reklam Yeriniz