Əlaqə Arxiv
news Image
2017.01.18
08:00
| A A A
Azərbaycan dünya miqyasında İslam həmrəyliyini gücləndirir
Samir Adıgözəlli: “Azərbayvanın təşəbbüsü İslam aləmində daha sıx həmrəyliyə gətirib çıxaracaq” Hikmət Babaoğlu: “Azərbaycan hazırkı mərhələdə beynəlxalq münasibətlər sisteminin ən fəal aktorlarından biridir”

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsinə artıq beynəxlaq miqyasda da reaksiyalar verilir, müsəlman ölkələri bunu alqışlayır. Bəs bu fonda Azərbaycanın təşəbbüsü ilə İslam ölkələrinin gedərək daha sıx şəkildə həmrəylik nümayiş etdirməsini gözləmək olarmı?

Dünya Azərbaycanlıları Konqresinin (DAK) icra aparatının rəhbəri Samir Adıgözəlli düşünür ki, Azərbayvanın sözügedən təşəbbüsü İslam aləmində daha sıx həmrəyliyə gətirib çıxaracaq: “Ümumiyyətlə, Azərbaycanın həmrəylik istiqamətində atdığı addımlar beynəlxalq aləmdə, o cümlədən İslam dünyasında ciddi şəkildə diqqətlə qarşılanır. Bu addımlar diqqətlə qarşılanırsa, deməli, ölkəmizin təşəbbüsü İslam ölkələri arasında həmrəyliyin daha sıx xarakter almasına gətirib çıxaracaq. Neçə illərdir, ölkəmizdə dünya və İslam aləmi üçün böyük və nüfuzlu idman yarışları, humanitar toplantılar keçirilir.  
Bu gün dünya böyük gərginlik içindədir. Tez-tez dünya mətbuatı yazır ki, bəşəriyyət üçüncü dünya savaşı ərəfəsindədir. Belə bir ərəfədə gənc Azərbayan dövləti, onun rəhbəri “İslam həmrəyliyi” ili elan etmək və bu istiqamətdə real addımlar atmaqla dünya dövlətlərinin maraq və diqqətinə 
səbəb olub. Bu tədbir bütün dünya, həm türk dünyası, həm də İslam aləmi üçün olduqca əhəmiyyətli təsir gücünə malik olacaq bir addımdır. Ümid edirəm ki, dövlətimizin sözügedən təşəbbüsü cari ildə İslam ölkələrinin daha sıx şəkildə həmrəylik nümayiş etdirmələrinə gətirib çıxaracaq. 
“İslam həmrəyliyi”nin elan olunması çox böyük bir əhəmiyyətli məsələdir. Azərbaycan daim insanlar, xalqlar və qonşular arasında və İslam aləmində dövlət və xalq olaraq bir həmrəylik nümayiş etdirir. Bunun nəticəsidir ki, edilən təşəbbüs artıq müsəlman dünyasında müsbət qarşılanmağa başlayıb. Həmçinin bu istiqamətdə həyata keçiriləcək tədbirlər ölkəmizin nüfuzunu daha da artıracaq. Eyni zamanda, bunlar İslam aləmində xalqımıza qarşı ciddi rəğbət və məhəbbət yaradır. İslam ölkələrinin hökumətləri içərisində bundan belə də Azərbaycanın mövqeləri daha da güclənəcək. Beynəlxalq aləmdə müsəlmançılığın nüfuzunu qaldıracaq. Yəni, məsələyə təkcə İslam dünyasında həmrəyliyin güclənməsi prizmasından deyil, bəşəriyyət prizmasındından da baxmaq lazımdır. Çünki Azərbaycan dövlətinin yeritdiyi siyasət də həmişə həmrəyliyi gücləndirmək istiqamətində olub”. 
Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, Azərbaycan hazırkı mərhələdə beynəlxalq münasibətlər sisteminin ən fəal aktorlarından biridir: “Müxtəlif diplomatik, ideoloji, mədəni, siyasi təşəbbüslərlə çıxış edir. Öz mənafeyinə uyğun olaraq regionda yeni şərtlər formalaşdırır. 
Azərbaycan tarixən yerləşdiyi coğrafiya etibarı ilə Qərblə Şərq arasında bir körpüdür. Ölkəmiz bu missiyanı da həmişə layiqincə yerinə yetirib. Həmrəylik istiqamətində Azərbaycan üzərinə düşən mənəvi-mədəni missiyanı da layiqincə yerinə yetirir. Hazırda müsəlman şərqində baş verən hadisələrə diqqət yetirsək, görəcəyik ki, doğrudan da İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin qorunması olduqca aktualdır. Ona görə heç də təsadüfü deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2017-ci ildə yeni təşəbbüslə çıxış edərək bu ili “İslam həmrəyliyi” ili elan etdi. Bu addım İslam dünyasında
münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına, dialoqun daha da gücləndirilməsi, həqiqi İslam dəyərlərinin təbliği, bu ölkələr arasında əməkdaşlığın yeni şərtlərə uyğun olaraq yeni keyfiyyətlər kəsb etməsi baxımından da aktualdır. Bu gün Qərbdə ayrı-ayrı islamofobiya mərkəzlərinin dünyaya təqdim etdiyi İslam az qala terrorla eyniləşdirilir. Ona görə hesab edirəm ki, həqiqi İslami dəyərlərin xatırladılması və bir daha təbliğ olunması, onun ali, humanist və qlobal dəyərlər olduğunun bir daha dərki baxımından cari ilin ölkəmizdə “İslam həmrəyliyi” ili elan olunması çox vacibdir. 
Hazırda bəşəriyyət mürəkkəb proseslər yaşayır. Bu dövrün xarakterik xüsusiyyətlərindən biri də həqiqi dəyərlərin kölgədə qalması, dəyərlərlə manipulyasiya edilməsidir. Belə bir məqamda İslam dünyası səfərbər olaraq öz dəyərlərinə sahib çıxmaq üçün addımlar atmalı, yeni dialoq qurmalı, imkanlar birlikdə götür-qoy edilməli, həmrəylik gücləndirilməlidir ki, mürəkkəb dövrdə özünü qoruya bilsin. Artıq bir çox müsəlman ölkələrinin dini və siyasi liderləri Azərbaycanın sözügedən təşəbbüsünü dəstəkləyib. Əslində, belə bir təşəbbüslə çıxış etməyə Azərbaycanın mənəvi haqqı da var. Çünki İslam dünyası məzhəb fərqinə görə bölündüyü bir zamanda, Azərbaycan əhalisi dinimizin bütün fərqli xüsusiyyətlərinin daşıyıcıları olmalarına baxmayaraq, özünü sözün həqiqi mənasında müsəlman kimi hiss edir, vəhdət namazı qılırlar. Belə bir nümunənin həm də İslam dünyasına təqdim edilməsi baxımından Azərbaycan nümunəsi olduqca əhəmiyyətlidir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz