Əlaqə Arxiv
news Image
2017.01.18
09:00
| A A A
Parlament seçkilərinə görə cəbhədə düşmən təxribatları artır
Elman Nəsirov: “Ermənistanın son zamanlar cəbhə xəttində təxribatları artırmasının kökündə iki amil dayanır” Elşən Manafov: “Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi onun cəbhədə də təxribatlara əl atmasının başlıca səbəbidir”

Cəbhədə yenidən ağır artilleriya, məsələn iriçaplı minatanlar işə düşür və bu xüsusda təxribat yenə ermənilər tərəfindən törədilir. Ümumiyyətlə, yeni il başlayar-başlamaz Ermənistan yenidən cəbhə xəttində gərginliyi artırıb. Özü də ermənilər gözəl bilirlər ki, Azərbaycan Ordusunun qüdrəti qarşısında tab gətirmək güc və qüvvətində deyillər. Keçən ilin aprelində aldıqları ağır zərbə əyani şəkildə göstərdi ki, erməni ordusu olduqca zəifdir və nəinki hazırda işğal etdikləri əraziləri, hətta indiki Ermənistanı belə qorumaq gücündə deyillər.  Lakin bütün zəif cəhətlərinə baxmayaraq, ermənilər təxribatlarını gücləndirirlər. 
Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, Ermənistanın son zamanlar cəbhə xəttində təxribatları artırmasının kökündə iki amil dayanır: “Ermənilərin atəşkəsi yeni ildən başlayaraq ağır artilleriyanın iştirakı ilə pozmağa başlamaları heç də təsadüfü deyil. Ermənistan belə təxribatlara getməklə hesab edirəm ki, bir neçə məqsəd güdür. 
2017-ci il Ermənistan üçün sıradan olan illərdən olmayacaq. Belə ki, cari ilin aprelin 2-də işğalçı ölkədə parlament seçkiləri keçirilməlidir. Bu seçkilərə də hakim Respublika Partiyası heç bir sosial baza ilə getmir. Ölkədə səfalət hökm sürür. Əhali kütləvi şəkildə ölkəni tərk etməkdə davam edir. Hətta bəzi erməni ekspertləri qeyd edir ki, daha erməni əhalisi Ermənistanı tərk edir ifadəsi yox, ölkədən qaçır ifadəsinin işlədilməsi daha düzgün olardı. Yəni, Ermənistanda dövlətin bütün sferalarında ciddi bir böhran yaşanır. Belə bir böhranın hakim olduğu bir reallıqda da Ermənistan hakimiyyəti qalib gəlmək üçün seçkilərə gedir.  Məntiqlə yanaşsaq, bu seçkilər normal, obyektiv, şəffaf keçirilsə, hakim Respublika Partiyasının məğlubiyyəti labüddür. Bu baş verməsin deyə, Ermənistan hakimiyyəti həmişəki kimi bulanıq suda balıq tutmaq taktikasını seçir. Yəni, cəbhə xəttində vəziyyəti gərginləşdirirlər. Amma bu gərginliyin yaranmasında da Azərbaycanı ittiham edirlər. Bununla da həmişə olduğu kimi Ermənistan ictimaiyyətinə mesajlar göndərirlər ki, bütün ümum-küsüləri unudub yalnız bir ideya əsasında, Dağlıq Qarabağın Ermənistana birləşməsi ideyası ətrafında sıx birləşmək lazımdır. Yəni, burada seçkilər ərəfəsi Qarabağın taleyini düşünməyin daha vacib olduğu ideyasını erməni ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar. Bu tezis hakim tezisdir və cəbhə xəttində atəşkəsin pozulmasında da önəmli yer tutur. 
Bu il həmsədrlərin xarici işlər və prezidentlər səviyyəsində yenidən görüşlərin təşkili məsələsi gündəmə gəlir. Belə olan halda atəşkəsin hətta ağır artilleriyanın iştirakı ilə pozulması təbii ki, həmin danışıqlar prosesinə ciddi maneə ola bilər. Ermənistan hakimiyyəti də hər vəchlə çalışır ki, danışıqlar baş tutmasın. Ona görə də təxribatlara əl atırlar. Onlar hətta danışıqlar baş tutarsa belə, çalışırlar ki, digər məsələlərin müzakirəsi kənarda qalsın və  ancaq atəşkəsin qorunub saxlanılması məsələsi müzakirə edilsin. Bu, Ermənistanın ənənəvi taktikası, ənənəvi təxribat üsuludur. Növbəti dəfə bunun şahidiyik”. 
Politoloq Elşən Manafov da qeyd etdi ki, Ermənistan hakimiyyəti cəbhədə təxribatları artırmaqla seçki ərəfəsi erməni ictimai rəyini yenə də azdırmağa çalışırlar: “Təbii ki, Ermənistandakı son durum və ölkənin parlament seçkiləri ərəfəsində olması İrəvan iqtidarını cəbhə xəttində təxribatlara getməyə sövq edir. Ermənistan rəsmilərinin verdiyi açıqlamaları nəzərə alsaq, görərik ki, son ildə bu ölkəni 60 mindən çox erməni tərk edib. Bu da Ermənistanın sosial-iqtisadi durumunun yetərincə ağırlaşması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, kəskin inflyasiyanın və ölkə iqtisadiyyatındakı problemlərin kəskin dərəcəyə çatmasının nəticəsidir. 
Ermənistan iqtisadiyyatının müxtəlif sahələrini inhisar altında saxlayan şəxslər də Sarkisyan və bilavasitə ona yaxın olan dairələrdir. Şübhəsiz ki, bu fonda xalqı psevdomillətçilik ruhuna kökləmək, Ermənistandakı mövcud problemlərin əksəriyyətinin Qarabağ münaqişəsinin doğurmuş olduğu problemlərlə əlaqələndirmək Sarkisyan iqtidarının illərdən bəri müraciət etdiyi və təbii ki, sınaqdan keçirdiyi bir metoddur.  Bu mərhələdə erməni müxalifətinin də müəyyən mənada fəallaşacağı istisna deyil. Ancaq maraqlı məqam ondan ibarətdir ki, Ermənistanda Sarkisyan rejiminə qarşı duran ən ciddi siyasi qüvvələr belə daha çox Rusiyayönümlü siyasi qüvvələr anlamında qəbul olunurlar. Qərblə əlaqələrə xüsusi önəm verən siyasi qüvvələrin isə siyasi çəkisi və erməni iqtidarına təsir imkanları yox dərəcəsindədir. Ona görə də daha çox Qərblə münasibətlərə önəm verən qüvvələrin parlament seçkilərində uğur qazanmaq imkanları kifayət qədər aşağıdır. Sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi əsas müxalifət təşkilatları gözəl anlayırlar ki, mövcud vəziyyət davam etdikcə, Ermənistan bölgə ilə bağlı geoiqtisadi layihələrdən kənarda qalacaq. Təbii ki, Ermənistanı bu layihələrdən kənarda saxlayan bölgənin lider dövləti olan Azərbaycandır.  
Belədə düşünürəm ki, Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi onun cəbhədə də təxribatlara əl atmasının başlıca səbəbidir. Bu təxribatların arxasında seçki ərəfəsi ictimai rəyi yanlış istiqamətə yönəltmək, iqtidarın guya psevdomillətçi və psevdodemokrat olması düşüncəsini aşılamaq, nə yolla olursa-olsun, qəsb olunmuş hakimiyyəti əldə saxlamaq istəyi dayanır”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz