Əlaqə Arxiv
news Image
2017.01.20
09:15
| A A A
Tramp Azərbaycanla da münasibətlərdə yeni səhifə açır
Natiq Miri: “Tramp və onun administrasiyası həqiqətən də açıqlamalarına uyğun siyasət yürüdəcəklərsə, bu, Azərbaycan-ABŞ münasibətlərinə yeni nəfəs gətirəcək” Asim Mollazadə: “Ümidvarıq ki, ABŞ-Azərbaycan münasibətləri yeni administrasiya dövründə tamamilə dəyişəcək”

Dövlət Departamentində ABŞ-ın yeni administrasiyasından xarici siyasət gözləntilərinə dair konfrans keçirilib. Amerika Xarici Siyasi Xidməti Assosiasiyası (The Associates of the American Foreign Service Worldwide) tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi Vaşinqtonda akkreditə olunmuş diplomat və ekspertlərin iştirakı ilə məsələ üzrə fikir mübadiləsinin aparılması olub.

Tədbirdə natiq qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Sinqapurun ABŞ-dakı səfiri Aşok Kumar Mirpuri və tanınmış siyasi şərhçi Duqlas Makqreqor çıxış ediblər. Konfransa Dövlət Departamenti və Vaşinqtondakı düşüncə mərkəzlərinin nümayəndələri, habelə diplomatik korpusun təmsilçiləri də daxil olmaqla təqribən 150 nəfər qatılıb.
Səfir E.Süleymanov çıxışında Azərbaycan ilə ABŞ arasındakı mövcud münasibətlərin tarixindən danışıb, son 8 ildə ABŞ-ın apardığı xarici siyasətin bu ölkənin bir çox müttəfiq və tərəfdaşlarını məyus etdiyini xatırladıb. O, yeni administrasiyanın ardıcıl, strateji yanaşma tətbiq etməklə suveren bərabərlik, qarşılıqlı hörmət və maraqlar əsasında öz tərəfdaşları ilə münasibətləri inkişaf etdirəcəyinə dair ümidini ifadə edib.
Siyasilərin fikrincə, ABŞ və Azərbaycan arasında D. Tramp dövründə əməkdaşlığın yeni mərhələsinin başlanmasını gözləmək olar. ABŞ-ın əvvəlki iqtidarından fərqli olaraq indiki hakimiyyət komandası Azərbaycana daha yaxın görünür.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirdi ki, hər bir halda bu tədbir qabaqlayıcı tədbir kimi dəyərləndirilməlidir: “O mənada ki, Barak Obama dönəmində ABŞ-Azərbaycan münasibətləri o qədər də rəvan keçmədi. O mənada ki, ABŞ-ın bəzi siyasəti ilə bağlı Azərbaycanın razı olmadığı bir çox məqamlar var idi. Bu məqamlardan biri də ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışmasıdır. Bu kontektsdə Dağlıq Qarabağ probleminin həlli prosesində ABŞ passiv qaldı. Ancaq yeni administrasiya – D.Tramp dönəmi ola bilsin ki, bir qədər fərqli olsun. 
Hər bir halda seçki ərəfəsində D.Trampın bəyanatlarına, açıqlamalarına inansaq, artıq bundan sonra ABŞ digər ölkələrin daxili işlərinə qarışmaq və həmin ölkələrdə rejimlərin dəyişilməsi prosesinə son verəcək. Tramp əsasən əməkdaşlığa üstünlük verəcəyini, terrorla daha ciddi mübarizə yürüdəcəyini bəyan edib. Əgər Tramp və onun administrasiyası həqiqətən də açıqlamalarına uyğun siyasət yürüdəcəklərsə, bu, Azərbaycan-ABŞ münasibətlərinə yeni nəfəs gətirəcək. Proses bəbarəhüquqlu münasibətlər təmənlində davam edəcək. Ona görə də Azərbaycanın ABŞ-dakı səfirinin bu tədbirdə iştirakı təqdirəlayiqdir”. 
“Ümidvarıq ki, ABŞ-Azərbaycan münasibətləri yeni administrasiya dövründə tamamilə dəyişəcək”. Bu sözləri  Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bildirdi: “Məlumdur ki, yeni seçilmiş ABŞ prezidentinin və onun komandasının  erməni icmasının qarşısında öhdəlikləri yoxdur. Barak Obama admnistrasiyasının isə bir neçə ən yüksək səviyyəli nümayəndələri vaxtı ilə “907-ci düzəliş”in müəllifi olublar. Hansı ki, bu da ölkələr arasında yaşanan problemlərin ən əsas səbəbi idi”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz