news Image
2017.02.01
08:00
| A A A
Cocuq Mərcanlı olayı Ermənistanda hakimiyyətə qarşı yeni təzyiq dalğası yaradıb
Aydın Mirzəzadə: “Prinsipcə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdən başqa Ermənistanın çıxış yolu yoxdur” Azər Həsrət: “Ermənistan hakimiyyətində də yaxşı anlayırlar ki, Azərbaycan güc yolu ilə istədiyi an torpaqları işğaldan azad etmək iqtidarındadır”

Cəbrayılın Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qərar Ermənistanda Serj Sarksiyan hakimiyyətinə qarşı etimadsızlığı və narazılığı artırıb. Burada hesab edilir ki, Azərbaycan tezliklə ərazi bütövlüyünü bərpa edəcək. İndi açıq firkirlər səslənir ki, rəsmi İrəvan münaqişəni sülh yolu ilə həll etməlidir, əks halda Ermənistan daha böyük ziyan görəcək. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində mövqeyi birmənalıdır: “Ölkəmizin ərazi bütövlüyü təmin edilməli, işğal edilmiş torpaqlardan Ermənistanın silahlı qüvvələri çıxardılmalıdır. Yalnız bundan sonra Ermənistanla əlaqələr qurula, gərginlik aradan qalxa bilər. Dağlıq Qarabağa isə Azərbaycan ən yüksək muxtariyyət vermək təklifini edib. 
Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Cənab Prezidentin verdiyi Sərəncam Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək istiqamətində nöbəti və çox təsirli bir addımdır. Ermənistan üçün bu çox ciddi bir mesajdır. Hesab edirəm ki, həmin mesaj da artıq Ermənistan cəmiyyətində gərgin şəkildə bilinməkdədir. Təsadüfü deyil ki, Ermənistan əhalisi sosial şəbəkələrdə Azərbaycan Prezidentini öz dövlət başçılarına nümunə göstərərək, ölkəmizin artıq Şuşa, Laçın barəsində düşündüyünü, hətta İrəvana gəlib çıxacağımızı bildirməyə başlayıblar.  Prinsipcə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdən başqa Ermənistanın çıxış yolu yoxdur. Ermənistan nə qədər ki, öz işğalçılıq siyasətini davam etdirəcək, daima Azərbaycan öz suveren hüquqları çərçivəsində İrəvana təzyiq göstərəcək”.
Siyasi şərhçi Azər Həsrətin fikrincə, Ermənistanda Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyənlərin, əks halda mövcud vəziyyətin ölkə üçün daha ağır nəticələr gətirəcəyini anlayanların səslərini ucaltmağa başlaması sözsüz ki, konfliktin həllində Azərbaycanın mövqelərinin möhkəmlənməsindən xəbər verir: “Əslinə qalanda, bu mövqe Ermənistanda heç də hamının düşüncəsiz adam olmadığını bir daha göstərir. Uzun illər ərzində Ermənistandan bu düşüncəni gözləyirdik. Lakin Serj Sarkisyan rejiminin yaratdığı qorxu ölkədə insanların öz fikirlərini azad şəkildə ifadə etmələrinə əngəl olurdu. Ona görə də Ermənistanda münaqişənin mahiyyətini doğru-dürüst qavraya bilən insanlar səslərini yüksəldə bilmirdi. İndi isə vəziyyət dəyişib. Real gücümüzü gördükdən sonra görünür, Ermənistan hakimiyyəti özü də məcburiyyət qarşısında ictimai rəyin xaricə çıxmasına şərait yaratmağa başlayıb. 
Faktiki olaraq, Ermənistan hakimiyyətində də yaxşı anlayırlar ki, Azərbaycan güc yolu ilə istədiyi an torpaqları işğaldan azad etmək iqtidarındadır. Təbii ki, aprel hadisələri zamanı Ermənistanın meydanda tək qalması və ona arxa olan qüvvələrin prosesə müdaxilə etməməsi də erməni ictimai rəyinə təsirini göstərib. Ona görə də insanlar tədricən Sarkisyan hakimiyyətini inandırmağa çalışırlar ki, münaqişəni tezliklə və dinc yolla həll etmək lazımdır. Həll yolu da hamımızın bildiyi bir yoldur. Azərbaycanın ərazi bütövlüyü tanınmalı və bərpa ediməli, ondan sonra da dinc qonşuluq münasibətlərinə qayıdıla bilər. Belə olacağı halda Ermənistanda Azərbaycanla bərabər iqtisadi inkişaf yolunda addım ata biləcək. Əks təqdirdə, Ermənistandakı iqtisadi-siyasi böhran,  ölkənin ac-yalavac duruma düşməsi daha da dərinləşəcək. Orada Sarkisyan əleyhinə səslərin yüksəlməsi də məhz bununla bağlıdır. Ermənistanda bir çoxları vəziyyəti tam dramatikliyilə başa düşməyə başlayıb, ona görə də belə fikirlər səsləndirirlər”.
Rüfət NADİROĞLU