news Image
2017.02.01
09:00
| A A A
Azərbaycana qarşı qarayaxma kampaniyaları iflasa uğrayır
Niyaməddin Orduxanlı: “Heç zaman ölkəmiz əleyhinə olan qüvvələr ciddi nəticələr əldə edə bilməyəcəklər” Mais Səfərli: “Xalqla iqtidarın bir olduğu məkanda heç kim Azərbaycana öz istəyini diqtə edə bilməz”

“Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir”. Bunu Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda deyib. 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz yolu ilə gedir və həyat hər şeyi öz yerinə qoyur: "Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik". 
Bu açıqlamalar fonunda demək olarmı ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları sürətlə iflasa uğrayır və bundan sonra da uğrayacaq?
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirdi ki, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları heç zaman uğur qazana bilməyəcək, bu əsasda da belə çirkin əməllər iflasa uğrayır və uğramaqda davam edəcək: “Cənab Prezidentin qaldırdığı məsələ Azərbaycanın milli məsələsidir. Bir sıra beynəlxalq təşkilatlarda Azərbaycan dövlətçiliyinə qarşı qarayaxma, ölkəmizin imicinin korlanmasına yönəlik bir kampaniya aparılır. Cənab Prezident də haqlı olaraq bunu xüsusi qabardıb cəmiyyətə çatdırdı.  
Uzun müddətdir ki, Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə belə bir çirkin kampaniya aparılır. Bu prosesə də Azərbaycanı sevməyən bəzi beynəlxalq qurumlar da təəssüf ki, qoşulublar. Hansı ki, həmin qurumlar erməni lobbisi və diasporu ilə yaxından əməkdaşlıq edir, onların maliyyə dəstəyilə fəaliyyət göstərirlər. Bəzən onların bu kimi çirkin əməllərinə bir sıra qonşu müsəlman ölkələrindən də dəstək gəlir. Erməni lobbisinin Azərbaycana yönəlik çirkin kampaniyada təəssüf ki, onlar da iştirak edirlər. Onlar açıq şəkildə Azərbaycanın milli maraqlarına, imicinə zərbə vurmaq yolunu tutublar. Təəssüflə bir faktı da diqqətinizə çatdırmaq istəyirəm ki, bir çox hallarda Azərbaycanın dövlət olaraq beynəlxalq qurumlarda fəaliyyətinə də kölgə salınmağa cəhdlər olur. Bilirsiniz ki, bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının qış sesiyası başlanan ərəfədə Ermənistan dövlətinin Çexiyada fəaliyyət göstərən, düşmən ölkədə güclü fəaliyyəti olan “Pin” təşkilatı ilə birgə layihəsi çərçivəsində təəssüflə qeyd etmək istəyirəm, bir sıra Azərbaycan vətəndaşının AŞPA-ya müraciəti oldu. Mətbuatda kimliyini açıqladığım 58 azərbaycanlının bununla bağlı müraciəti oldu. Onlar içərisində QHT rəhbərləri, hüquq müdafiəçiləri və bəzi jurnalistlər var idi. Onlar həmin layihə çərçivəsində AŞPA prezidentinə müraciət edirdilər ki, Azərbaycan dövləti bu qurumdan xaric, ya da səsvermə hüququndan məhrum edilsin. Bu da xüsusi olaraq erməni lobbisinin hazırladığı bir layihə idi. Onlar bununla Azərbaycanı beynəlxalq təşkilatlardan uzaqlaşdırmaq, dövlətimizin imicinə zərbə vurmağa, Dağlıq Qarabağ məsələsində ölkəmizin əlaqələrini zəiflətməyə çalışırdılar. Təəssüf ki, özlərini “qəhrəman”, “vətənpərvər” kimi təqdim etməyə çalışan bir sıra azərbaycanlı insanı da bu məsələyə imza atıb. Bu isə bağışlanılmaz səhv idi. Bu fonda Cənab Prezident haqlı olaraq sözügedən məsələni qabardıb. Təbii ki, bu barədə də onun informasiyası daha çox və zəngindir. AŞPA-da bildiyiniz kimi həmin müraciətdən sonra səsvermə oldu. Bu əsasda da həmin şəxslərin müraciəti və ermənilərin can-fəşanlığı heç bir nəticə vermədi. Hər halda AŞPA-da fəaliyyət göstərən insanlar da bunun fərqindədir. Onlar Azərbaycan dövlətinin doğru yolda olduğunun da fərqindədirlər. Ona görə də sevindirici haldır ki, bu cür təxribatlara əhəmiyyət vermirlər. Bu faktın özü də onu göstərir ki, bəzi xarici dairələr, erməni lobbisi və onlara dəstək olan daxildəki satqınların dövlətimiz əleyhinə yönəlik əməkdaşlığı heç bir nəticə verməyib və bundan sonra da verməyəcək. Belə qüvvələr heç bir nəticə əldə etmədi və fəaliyyətləri bununla da bütövlükdə iflasa uğradı. Heç zaman ölkəmiz əleyhinə olan qüvvələr ciddi nəticələr əldə edə bilməyəcəklər. Bu da Azərbaycan dövlətinin yeritdiyi siyasət və tutduğu doğru mövqedən irəli gəlir”.
Yurddaş Partiyasının sədri Mais Səfərli də qeyd etdi ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bütün qüvvələr hər zaman iflasa uğrayıblar və bundan sonra da öz çirkin niyyətlərinə çatmayacaqlar: “Azərbaycan müstəqillik əldə edəndən üzü bəri xaricdəki bir sıra qüvvələr, erməni lobbisi daim çalışıb ki, ölkəmizi nüfuzdan salsınlar, onun imicinə zərbə vursunlar. Bu istiqamətdə düşmənlərimiz həmişə fəaliyyətdə bulunub, Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyası aparıblar. Təəssüf ki, daxildəki “sapı özümüzdən olan baltalar” da bir çox hallarda dövlətimiz əleyhinə olan bu dairələrə dəstək olub, onların dediklərini icra ediblər. Lakin Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan öz yolu ilə gedir, heç kim bizi yolumuzdan sapdıra bilməz. İndiyə kimi düşmənlərimiz və onlara dəstək verən daxildəki qüvvələr dəfələrlə bu kimi çirkin kampaniyaya baş vurublar. Amma hər dəfə də onların bu çirkin niyyətləri baş tutmayıb. Çünki Azərbaycanda xalqla hakimiyyət birdir. 
Dövlət başçısının ölkəmizin və xalqımızın maraqları naminə apardığı uğurlu siyasət daim mütləq əksəriyyətdən ibarət olan vətəndaşlarımız  tərəfindən dəstəklənib və dəstəklənməkdə davam edir. Xalqla iqtidarın bir olduğu məkanda isə heç kim Azərbaycana öz istəyini  diqtə edə  bilməz. Bu mənada düşmənlərimizin və daxildəki çirkin qüvvələrin dövlətimiz, xalqımız əleyhinə yönəlik bütün fəaliyyətləri iflasa uğrayıb və bundan sonra da uğrayacaq. Heç kim Azərbaycanı öz  yolundan döndərə bilməz”.
R.SULTAN