news Image
2017.02.01
09:40
| A A A
Regionların inkişafı sahəsində mühüm uğurlar əldə olunub

Yanvarın 30-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ildönümü ilə bağlı keçirilən konfrans Azərbaycanın qlobal-maliyyə böhranı şəraitində dinamik inkişaf etdiyini bir daha təsdiqləyib. Konfransın yekunları deməyə əsas verir ki, ötən üç ildə proqram çərçivəsində həyata keçirilən tədbirlər ölkənin dayanıqlı inkişaf və tərəqqisi üçün etibarlı zəmin formalaşdırıb.

Xatırladaq ki, regionların inkişafına xidmət edən ilk regional proqram 2004-cü il 11 fevral tarixində qəbul olunub. Ölkə başçısının 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) uğurlu icrası regionların inkişafında yeni mərhələnin yaranmasına səbəb olmaqla ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaratdı. 2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edildi. II Dövlət  Proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edildi, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynadı. Regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalandı. 


Ümumilikdə, 2004-2014-cü illərdə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb oldu. Ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artdı, orta illik iqtisadi artım 12,9 faiz təşkil etdi. Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artdı. Bundan əlavə, daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artdı, regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldildi. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,3 milyondan çox yeni açıldı, 60 minə yaxın yeni müəssisə yaradıldı. 
Ölkə başçısının 27 fevral 2014-cü il tarixli müvafiq fərmanı ilə təqsid edilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın təsdiq edilməsi regionların inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır. 
Konfransda geniş nitq söyləyən Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarının 13 ildir ki, uğurla icra edildiyini, nəticədə iqtisadiyyatın bütün sahələrdə dinamik inkişafın əldə olunduğunu bildirmişdir. Dövlət başçısı həmin proqramların uğurlu icrası nəticəsində ötən illərdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı sahəsində bir sıra mühüm nəticələrin qazanıldığını diqqətə çatdırmışdır: "2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı şəhəri, bizim əsas şəhərlərimiz - Gəncə, Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bizim bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər".
İclasda qeyd olunduğu kimi, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir - kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi 5 faiz artıb. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və aparılan dərin islahatlar nəticəsində bu inkişaf təmin edilib. 
Konfransa çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayevin dediyi kimi, dövlət proqramlarından irəli gələn vəzifələrin və ötənilki konfransda verdiyiniz tapşırıqların icrası üçün hesabat dövründə regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. Eyni zamanda, şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bəzi mühüm layihələrin icrası məqsədilə imzalanmış 67 sərəncamla 261 milyon manat vəsait ayrılıb: "Hesabat ilində regionlarda 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Tapşırığınıza uyğun olaraq, əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb. Ötən il bir elektrik stansiyası istifadəyə verilib, 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin 8200 kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 36 rayon üzrə 209 yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 92 faizə çatıb".
Konfransda qeyd olunub ki, proqram çərçivəsində regionlarda 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa edilib. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb. Meliorasiya və irriqasiya tədbirləri çərçivəsində keçən il 87 min hektar torpağın su təminatı yaxşılaşdırılıb, 12 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin edilib: "Bu il dövlət investisiya xərcləri və Dövlət Neft Fondunun vəsaitləri ilə icra olunacaq layihələr hesabına 154 min hektardan çox əraziyə suvarma suyu çatdırılacaq. Texniki iqtisadi əsaslandırılması hazırlanan Yuxarı Şirvan Kanalının yenidən qurulması layihəsi 10 min hektarlarla torpaq sahəsinin dövriyyəyə cəlb olunmasını mümkün edəcək. 
Qeyd olunub ki, gəlirlərin azalmasına baxmayaraq, hesabat ilində də bütün sosial layihələr tam həcmdə icra olunub. Regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Bu il regionlarda qəzalı, istismara yararsız və şagird sayı az olan məktəblər üçün 100-dən çox modul tipli məktəb quraşdırılacaq, gələn il işlər davam etdirilərək, bu problem iki il ərzində tam həllini tapacaq. Həmçinin minimum əməkhaqqının artırılması və pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi, elektrik enerjisi və qazın tariflərində diferensial yanaşmanın tətbiqi, dərman bazarının tənzimlənməsi və digər tədbirlər vətəndaşlara göstərilən qayğının bariz göstəriciləridir.
İqtisadiyyan naziri həmçinin vurğulayıb ki, ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir: "Hesabat ilində 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür".
Bundan əlavə, regionların inkişafında mühüm rolu olan qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili ötən il də davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilmiş məhsulun 56 faizi ixrac olunub. Daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq, 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

 

Samir Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.