news Image
2017.02.02
09:00
| A A A
Erməni lobbisinə ABŞ-da vurulan böyük zərbə
Elşən Manafov: “ABŞ-ın yeni prezidentinin erməni lobbisi ilə münasibətlərə yenidən baxmaq istəyi Ermənistan dövləti üçün yaxşı heç nə vəd etmir” Aydın Ağayev: “Amerikada yeni administrasiyanın fəaliyyətə başlaması ilə elə proseslər gedir ki, burada ermənilər, Ermənistan yada düşmür”

ABŞ-da prezident seçilən Donald Tramp erməni lobbisini yaxına buraxmır. Erməni lobbisi dəfələrlə etdyi cəhdlərə rəğmən, Trampa, onun ətrafına yaxın düşə bilmirlər. Əksinə, ermənilərin ABŞ-dan deportasiyası başlanıb. Donald Trampın miqrantların qəbulunda məhdudiyyətlərin qoyulması ilə bağlı fərman imzalamasından sonra bu ölkəyə girmək istəyən ermənilər saxlanılıb. Amerika Erməni Milli Komitəsinin (ANCA) məlumatına görə, ermənilər üçün vəziyyət kritik olaraq qalır.

Ermənistanın “Qraparak” qəzeti isə Avropa ölkələrindən deportasiya olunmuş ermənilərin İrəvana gəldyini yazır: “Miqrasiya siyasətinin kəskinləşməsi ermənilərin ABŞ-dan və Avropa ölkələrindən Ermənistana qayıtmasını sürətləndirəcək. Rusiyada vəziyyət yaxşılaşmasa, oradakı ermənilər də qayıtması istisna deyil. Bu, Ermənistanın böyük böhranla üzləşməsi deməkdir”. 
Politoloq Elşən Manafov qeyd etdi ki, ABŞ-ın yeni prezidentinin erməni lobbisi ilə münasibətlərə yenidən baxmaq istəyi Ermənistan dövləti üçün yaxşı heç nə vəd etmir: “Bildiyiniz kimi, zaman-zaman Qarabağ probleminin tənzimlənməsilə bağlı danışıqlara məhdud şəkildə təsir göstərən amillərdən biri də məhz erməni lobbisinin ABŞ Konqresi, Dövlət Depatamenti ilə olan münasibətləri olmuşdu. Trampın isə bu münasibətlərə yenidən baxmaq istəyi bir sıra amillərdən qaynaqlana bilər. 
Zaman-zaman Azərbaycan diplomatiyasının erməni lobbisinin ABŞ Konqresi və Dövlət Departamentinə olan təsirini zəiflətmək üçün tez-tez müraciət etdiyi ciddi amillərdən biri yəhudi lobbisinə münasibət, İsrail dövlətinin Qarabağ konfliktinə fərqli baxışı və diplomatiyamızın dünyanın super ölkəsində apardığı lobbiçilik fəaliyyəti olmuşdu. Böyük ehtimalla qeyd etmək olar ki, Azərbaycan diplomatiyasının qabaqlayıcı tədbirləri  Tramp iqtidarının ermənilərlə bağlı siyasətinə təsirsiz ötüşməyib. Digər tərəfdən erməni lobbisinin münasibətləri yenidən qurmaq istəyi böyük ehtimalla, belə bir fikri də səsləndirməyə əsas verir ki, Tramp hökuməti hər halda ABŞ-ın həyatı marağı olan bölgələrdə heç bir vəchlə Rusiyaya güzəştə getməyəcək. Məsələ ondadır ki, Trampın hakimiyyət başına gəlməsindən az sonra Rusiya ilə ABŞ arasındakı münasibətlərdəki gərginliyin aradan qaldırılacağı və yeni Vaşinqton adminstrasiyasının MDB məkanındakı bir sıra münaqişələrə münasibətdə Moskvaya güzəştə gedəcəyilə bağlı fikirlər səsləndi. Düzdür, qeyd olunur ki, ABŞ heç bir vəchlə Ukrayna qarşıdurması məsələsində güzəştə getməyəcək. Ehtimal var ki, Krımın ilhaqı məsələsində Tramp Obama adminstrasiyasından fərqli olaraq daha loyal və fərqli mövqe sərgiləyəcək. Amma məsələ ondadır ki, ABŞ-ın Cənubi Qafqaz, Azərbaycan və Xəzər hövzəsindəki maraqları və burada super ölkənin transmilli şirkətlərinin təmsil olunması Vaşinqtonun bu bölgədə də ciddi güzəştlərə getmək fikrində olmadığını göstərir. Bu mənada yeni ABŞ adminstrasiyasının ermənilərlə bağlı tutduğu mövqe böyük ehtimalla Azərbaycan dövləti və diplomatiyasının maraqlarına bu və ya digər mənada cavab verə biləcək mövqe ola bilər. 
Gerçəkdən Tramp erməni lobbisinə münasibətləri bəlli müstəvi üzərinə gətirmək istiqamətində addımlar atacaqsa, bu, Dağlıq Qarabağ konfliktinin tənzimlənməsilə bağlı danışıqlarda dinamizmə ciddi təsir göstərəcək. Düşünürəm ki, Azərbaycan diplomatiyası da məhz bu amildən yetərincə istifadə etməyə borcludur” 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Tramp başqa-başqa məsələlərlə məşğul olduğundandır ki, erməni lobbisini özünə yaxın belə buraxmır: “Ermənilərin həmişə ABŞ-da ciddi qaynaqları olub. Konqres, Senatda və ABŞ-ın digər təşkilatlarında da ermənilərin nümayəndələri olub. 
Digər tərəfdən, Amerikada olan erməni təşkilatı himayədarları ilə çoxdan əməkdaşlıq mexanizmini qurub. Onların fəaliyyəti bəzi Avropa ölkələrində də hiss olunur. Bunlar məlum proseslərdir. Məsələ ondadır ki, ABŞ-da Demokratlar hakimiyyətdə olan vaxtı erməni lobbisinin ABŞ-da fəaliyyətilə bağlı apardığı mexanizm onlar üçün çox yaxşı işləyirdi. Tramp isə yeni adamdır, siyasətdə olmayıb. Onun erməni lobbisi, onları himayə edən dairələrlə əlaqəsi olmayıb. Bu fonda da ermənilərdə bir narahatlıq müşahidə edilir. İndi də çalışırlar ki, bu narahatlığı aradan götürsünlər. 

Lakin Amerikada yeni administrasiyanın fəaliyyətə başlaması ilə elə proseslər gedir ki, burada ermənilər, Ermənistan yada düşmür.  Onlar tamam başqa məsələlərlə məşğuldurlar. Bununla belə erməni erməniliyində qalır. Onlar yenə də çalışacaq ki, əlaqə qura bilsinlər. Hələlik isə bunun da əlamətləri görünmür.  Münaqişələrə gəldikdə, fundamental olaraq yeni administrasiyanın konfliktlərə münasibətini hələlik dəqiq bilmirik. Bu istiqamətdə münasibət bildirilməyib. Hətta Ukraynadakı münaqişəyə birmənalı münasibət bildirilməyib. Ona görə Ukrayna hakimiyyətinin özündə belə narahatlıqlar yaranıb. Qarabağ münaqişəsinə gəldikdə, ümumi şəkildə onu söyləyə bilərik ki, Tramp adminstrasiyası bu istiqamətdə hələlik yeni bir söz deməyib. Amma Azərbaycana münasibətdə pis bəyanat və açıqlamalar da yoxdur. Ona görə də elə bir narahatlığa əsas yoxdur. Hər bir halda əvvəllər də dediyim kimi bir qədər gözləmək lazımdır ki, sular durulsun. Qafqazdakı məsələni gərəkdir ki, daha geniş geopolitik üçbucaq və ya dördbucaqda nəzərdən keçirək. Burada Rusiya ilə münasibətlər, yeni administrasiyanın İranla qalmaqalla başlayan atmosferi var. Hər bir halda hələlik konkret nəsə söyləmək çətin olsa da, Azərbaycan üçün elə bir narahatlığa da əsas yoxdur. Ermənilər isə həmişə olduğu kimi nəsə etməyə çalışacaq. Onların da yeni administrasiya ilə münasibət qurmaq mənasında hansısa gedişləri hələlik nəzərə çarpmır. Baxaq görək, proseslər hansı istiqamətdə davam edəcək”.
Rüfət NADİROĞLU  

money.az currency