Əlaqə Arxiv
news Image
2017.02.03
07:00
| A A A
Tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququmuz bərpa olunacaq?!
Elman Nəsirov: “Hücum taktikasına keçib, tarixi torpaqlarımız üzərində hüquqlarımızın bərpası ilə bağlı işlərə də start verməliyik” Oqtay Sadıqzadə: “Bu, ədalətli, yerinə düşən bir təklifdir”

Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir. Bu təkliflə Milli Məclisin deputatı, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov parlamentin iclasında çıxış edib. 

Deputat bildirib ki, İrəvan da daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kv.km torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırmalıyıq. Y.Mahmudov qeyd edib ki, 9 min kv.km torpaq ermənilərə müəyyən şərtlərlə verilmişdi: "Bu sənədləri xaricdən Tarix İnstitutuna gətirmişik. Şərtlərə əsasən, həmin torpaqlarda azərbaycanlıların yaşamağa davam etməsi təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağıl müvafiq addım atmalıyıq".
Məsələyə münasibət bildirən digər şəxslər də Azərbaycanın tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnun bərpa edilməsinin mümkün olduğnu düşünürlər. Millət vəkili Elman Nəsirov bildirdi ki, ölkə Prezidenti də çıxışlarında bu məsələyə daim toxunub: “Prezident dəfələrlə qeyd edib ki, İrəvandan tutmuş Zəngəzura qədər bir çox ərazilərimiz Ermənistana verilib və biz həmin tarixi Azərbaycan torpaqlarına bir daha qayıdacağıq. Bu gün həmin məsələnin reallaşması nə qədər mümkündür sualına cavab verdikdə demək olar ki, problemə bugünkü reallıq baxımından yanaşmaq düzgün olmazdı. 
Hədəfləri seçmək və o istiqamətdə davamlı addımlar atmaq lazımdır. «Bu gün  bu məsələ mümkün deyil, geosiyasi reallıqlar ona imkan vermir, heç işğal altındakı torpaqlarımızı geri ala bilməmişik» kimi məntiqlə yanaşmaq düzgün olmazdı. Ölkə Prezidenti bizim diplomatiyamızı hücum dilomatiyası kimi müəyyən edib. Biz torpaq iddiası kimi yox, tarixi ədalətsizlik nəticəsində ermənilərə verilmiş torpaqlarla bağlı məsələləri elmə, tarixi sənədlərə söykənməklə geri almağa çalışmalıyıq. Bu işə “başladıq və sabah nail olacağıq” məntiqi ilə yanaşmaq kökündən səhvdir. Strateji hədəf kimi müəyyən etməliyik. Hədəfə çatmaq üçün isə hər il nəticələr əldə etməliyik və işlər kompleks şəklində aparılmalıdır. Bu halda həm də Ermənistan müdafiə mövqeyinə keçəcək.
 Bu gün Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılmasını gündəmdə saxlayırıq. Paralel şəkildə hücum taktikasına keçib, tarixi torpaqlarımız üzərində hüquqlarımızın bərpası ilə bağlı işlərə də start verməliyik. Bu, Ermənistanı müdafiə mövqeyində dayanmağa məcbur edəcək. Çoxları, elə beynəlxalq birlik də bu reallıqdan xəbərsizdir. İnfomasiya məkanında üstünlük əldə edə bilərik. Dünya bilsin ki, təkcə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon deyil, Ermənistanın paytaxtı da Azərbaycanın tarixi torpaqlarıdır. Bütün bunların hamısı hücum diplomatiyamızın mühüm təkib hissəsi olmalıdır. Bu istiqamətdə ilkin işlərə başlamaq olar”.
Tarixçi alim Oqtay Sadıqzadə hesab edir ki, bu, ədalətli, yerinə düşən bir təklifdir: “Əks tərəf bilsin ki, ədalətsiz, heç bir hüquqi əsası olmayan  torpaq iddialarının fonunda bizim də bu cür iddia ilə çıxış etməyimiz məntiqlidir. Bu, yeni hal deyil. Cənab Prezident də dəfələrlə bu istiqamətdə çıxışları olub. Düzdür, bunun beynəlxalq hüquq çərçivəsində icra mexanizmi çox çətindir. Çünki torpaqlar Ermənistan dövlətinin tərkibində təsbit olunub.
1992-ci ildə Ermənistan BMT-yə və digər beynəlxalq təşkilatlara üzv olarkən Ermənistanı bu torpaqların civarında tanıyıblar. Ona görə də iddianın icrası çətin olan məsələdir. Lakin bu məsələləri gündəlik qabartmaq labüddür. Nəzərə alaq ki, tək Ermənistanda yox, digər dövlətlərin tərkibində də tarixi torpaqlarımız qalıb. Üç dövlətin adını çəkmək olar ki, onların tərkibində bizim tarixi torpaqlarımız var. Bütün bunlara rəğmən, Azərbaycan sülhpərvər dövlətdir. Regionda sülhün, təhlükəsizliyin formalaşmasında maraqlı olan dövlətdir. Ona görə də biz bu məsələləri dövlət səviyyəsində yox, Milli Məclis işçiləri, alimlər səviyyəsində qabardırıq. Amma Dağlıq Qarabağ və ətraf 7 rayonun geri qaytarılmasında israrlıyıq. Beynəlxalq hüquq da bu məsələdə bizim tərəfimizdədir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz