news Image
2017.02.03
08:00
| A A A
Azərbaycan ərəb dünyasında mövqelərini möhkəmləndirir
Əflatun Amaşov: “Media sahəsində İslam ölkələri ilə əlaqələrin bəhrəsini yaxın dövrlərdə hiss edəcəyik”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Səudiyyə Ərəbistanına səfəri başlayıb. Əli Həsənovu Kral Xalid Beynəlxalq Hava Limanında ölkənin mədəniyyət və informasiya naziri Adel bin Zeyd Əl-Toraifi qarşılayıb. Səfər zamanı Əli Həsənovun keçirdiyi görüşlərdə Krallıqla Azərbaycan arasında media sahəsində əməkdaşlığın perspektivləri müzakirə mövzusudur. Bəs, Azərbaycanın Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri, eləcə də başqa dünya dövlətləri ilə media sahəsində əməkdaşlığını genişləndirməsi ölkəmizə nə vəd edir?

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov bildirdi ki, ərəb ölkələrilə media sahəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın bu məkanda mövqeyinin daha da möhkəmlənməsi, habelə İslam aləminin qlobal dünyada öz yerini tutmasına töhfə verməyimiz baxımından mühüm əhəmiyyətlidir: “Bildiyiniz kimi, Azərbaycan Prezidenti 2017-ci ili «İslam Həmrəyliyi İli» elan etdi. Söhbət ondan gedir ki, hazırda dünya müxtəlif düşərgələrə bölünüb. Bunlar İslam və xristian düşərgələridir. Azərbaycan İslam dünyasının ayrılmaz tərkib hissəsidir. Dünyada baş verən İslam və xristian qarşıdurmasında əlbəttə, daha çox ziyan çəkən tərəf müsəlman tərəfidir. Cənab Prezidentin «İslam Həmrəyliyi ili» elan etməsi kifayət qədər yerində verilən, İslam dünyasının daha da birləşməsini hədəf götürən vacib bir sənəddir. Azərbaycan da çalışır ki, İslam dünyasında öz yerini möhkəmlətsin və müsəlman ölkələrinin daha da möhkəmlənməsi, birləşməsi prosesinə töhFəsini versin. Həmçinin, İslam Əməkdaşlığı Təşkilatına üzv olan 60-a yaxın ölkə arasında əlaqələr daha intensiv xarakter alsın. Eyni zamanda bildiyiniz kimi, Azərbaycanda cari ildə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Buna görə də Azərbaycanla İslam dünyası ölkələri arasında əlaqələrin möhkmləndirilməsi vacibdir. Bu mənada cənab Əli Həsənovun Səudiyyə Ərəbistanına səfəri Bakı ilə Əl-Riyad arasında hərtərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu fonda da xüsusən media sahəsində əlaqələrin möhkəmlənməsi vacibdir. Çünki Azərbaycanın təşəbbüsü ilə bir müddət bundan əvvəl İslam ölkələri jurnalistlərini birləşdirən bir qurum yaradıldı. Həmin qurumun da məqsədi məhz İslam ölkələrində fəaliyyət göstərən informasiya vasitələrinin birləşməsi və Qərbdə cərəyan edən islamofobiyaya, İslam ölkələrinə baxışda orada mövcud olan ikili standartların aradan qaldırılması, İslam həqiqətlərinin bütün dünyaya çatdırılmasından ibarətdir. Bu fəaliyyətin həyata keçirilməsində məhz İslam ölkələri jurnalist təşkilatının ciddi rolu vardır. 
Cənab Əli Həsənovun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində eyni zamanda media sahəsində ikitərəfli əməkdaşlıq perspektivləri əsas götürüləcək.  Burada əsas məqsəd də ondan ibarətdir ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin daha da möhkəmlənməsi media sahəsində İslam həqiqətlərinin dünyaya çatdırılması işinə töhfə verilməsinə doğru istiqamətlənsin. Əminəm ki, media sahəsində İslam ölkələri ilə əlaqələrin bəhrəsini yaxın dövrlərdə hiss edəcəyik. Cənab Əli Həsənovun Səudiyyə Ərəbistanında olması İslam ölkələri ilə əlaqələrin möhkəmlənməsində medianın rolunu daha da artırmaq məqsədi daşıyır. 

Ərəb dövlətlərilə, ümumiyyətlə, bütün dünya ilə ölkəmizin media sahəsində genişlənən əməkdaşlığı Azərbaycanın planetimizdəki nüfuzunun daha da qalxmasına, onun təbliğatında, ölkəmizdəki həqiqətlərin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək və edir. Bununla Azərbaycan öz həqiqətlərinin dünyaya çatdırılmasında daha bir geniş məkan əldə edir. Belədə Azərbaycan həmçinin İslam dünyasının möhkəmlənməsi və dünyada öz yerini tutmasına da töhfə vermiş olacaq. Bu da sözsüz ki, Azərbaycanın maraqlarına xidmət edən bir addımdır. Ancaq təəssüf edirəm ki, Qərblə İslam dünyası arasında qarşıdurmalar hələ də davam edir. 
Qərb bütün məqamlarda öz potensialını işə salaraq İslam ölkələrinə münasibətdə ikili standartlardan çıxış etməyə üstünlük verir.  İslam ölkələri də öz aralarında olan konfliktləri müəyyən mənada donduraraq birləşməyə cəhd göstərirlər ki, digər dünyanın haqsız hücumlarına tab gətirə bilsinlər. Bu xüsusda da Azərbaycan çox mühüm rol oynayır və oynaya bilər. Məhz Azərbaycanın təşəbbüsü ilə yaradılan İslam ölkələri jurnalistlərinin təşkilatının qarşıya qoyduğu məqsəd də ondan ibarətdir. Eyni zamanda, İslam ölkələri arasında birliyin möhkəmlənməsinə nail olmaqdan ötrü əlaqələrin daha da artırılması, daha çox informasiyaların ötürülməsi lazımdır. Həmçinin İslam ölkələri jurnalistlərini birləşdirərək İslam dəyərlərinin bütün dünyaya çatdırılmasına Azərbaycan olaraq ciddi təkan verəcəyik. Bu mənada mövcud qarşıdurmada əlbəttə ki, medianın rolu mühümdür. Media həqiqətlərin dünyaya çatdırılmasını hədəf götürür. Bu da öz növbəsində İslam dünyanın möhkəmlənməsi, qlobal dünyada öz yerini tutmasına töhfə verəcək. Əli müəllimin Səudiyyə Krallığına səfərində də məqsəd məhz bunlardan ibarətdir”.
Rüfət NADİROĞLU