Əlaqə Arxiv
news Image
2017.02.04
09:00
| A A A
Avropanın həsəd apardığı Azərbaycan modeli
Multikultural və multikonfessial dəyərlər mədəni irsin tarixən qazandığı komponentlərdir

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub. Komitənin sədri Mübariz Quurbanlı ilə söhbətdən sonra səfir ölkəmizdə hökm sürən mənəvi dəyərlərə münasibətini belə bildirib: “Azərbaycandakı  tolerant mühit digər ölkələr üçün örnək olmalıdır”.

Səfir Kerol Meri Kroftsun gəldiyi nəticə həqiqətən bu gün bütün dünya üçün böyük aktuallıq kəsb edən məsələdir. Hər yanda dini qızışdırıcılıq meyillərinin artdığı bir dövrdə müxt\lif mədəniyyətlərə və inanclara malik xalqların və etnik qrupların dinc yanaşı yaşamaq üslubu və vərdişləri qibtəediləcək meyardır.
Müasir dövrün mədəniyyət beşiyi sayılan Avropanın ən inkişaf etmiş dövlətləri başda olmaqla bütün bölgələrində dini dözümsüzlük, insanların inam və hissləri ilə oynamaq adi hal alıb. Bütün xristian dünyasında islamofobiya tüğyan edir. Demokratiyanın qarantı sayılan Amerika Birləşmiş Ştatlarında müsəlmanların ölkəyə girişinə məhdudiyyətlər tətbiq edilir. Dünənə qədər qloballaşma prosesindən, xalqların və millətlərin inteqrasiyasından, dinlərin qardaşlıq əlaqələrinin formalaşmasından dəm vuranlar artıq bu gün dünyanı bölməyə balayıblar. Almaniya neofaşizmi pisləsə də onun yoluyla gedir. Qərbin baş memarı olduğu Suriya bataqlığından canını qurtarıb ölkəyə pənah gətirmiş insanları saf-çürük edərək iki sorta ayırır, xristianları qəbul edir, müsəlmanları geri qaytarırlar. Fransada məscidlərin qapılarına donuz başları bağlayır, islam məbədləri yandırılır, islam üləmalarını qətlə yetirməkdən belə çəkinmirlər. Hətta İngiltərənin özündə xristianlığın iki məzhəbi- protestantlarla katoliklər arasında uzun əsrlər boyu davam edən mənasız qanlı çəkişmələrin qarşısını almaq mümkün deyil. 
Belə mürəkkəb və ziddiyyətli dövrdə əsrlər boyu formalaşmış milli və dini əlaqələrin tarazlı münasibətinin qorunub saxlanmasınin iksiri nədədir. Mütəxəssislərin düşüncəsinə görə yalnız  demokratiyanın, ədalətli idarəetmənin, beynəlmiləlçiliyin bərqərar olduğu cəmiyyətlərdə bu cür sivil münasibətlərin qurulması mümkün görünür. Belə olan təqdirdə sual oluna bilər ki, Avropa demokratiyasının təntənəsi hara itib? Haqlı sualdır. Amma məsələ burasındadır ki, qoca qitə ölkələrinin siyasətində ikili standartların formalaşması sübut edir ki, bu siyasətin zahiri ilə batili əks istiqamətdə inkişaf edən cərəyanlar imiş Bəli, Avropanın indi yaşadıqlarının günahı onun öz boynundadır. Nə qədər ki, avropalı siyasilər Dağlıq Qarabağ münaqişəsinin həllində tutduqları kimi ikili mövqe sərgiləyəcəklər, onlar həyatın digər sahələrində də axıradək uğurlu siyasət apara bilməyəcəklər. Axı, “cidanı çuvalda gizlətmək” axıra qədər mümkün olan iş deyil. O üzə çıxanda isə bütün görülən işin əhəmiyyəti yoxa çıxır. 
Davamlı, ardıcıl siyasət yürüdülən Azərbaycanda qazanılmış dəyərlərin kökündə milli özünəməxsusluqla yanaşı dövlətin sözübütövlüyü də rol oynayır. Adamlar sözə inanır və onun əmələ keçməsi üçün tərəddüd göstərmir. Qarşılıqlı etimad üçün bu keyfiyyətin əhəmiyyəti danılmazdır. Bunları misal çəkməkdə məasəd odur ki, Azərbaycan multikultiralizmini nümunə kimi tətbiq etmək istəyənlər mütləq ona gedən yolun xarakterik xüsusiyyətlərini də mənimsəməlidirlər. Təbii ki, onların bu xüsusiyyətləri qəbul etməyə mənəvi gücləri çatsa. Hər bir halda, arzuedənlər üçün Azərbaycan modeli həmişə açıqdır.

N.NOVRUZ      

Sizin Reklam Yeriniz