Əlaqə Arxiv
news Image
2017.02.04
10:30
| A A A
Anti-Azərbaycan qüvvələrlə radikal müxalifətin yeni işbirliyi?
Mais Səfərli: “Bunlar hamısı Azərbaycanı sevməyən bir mərkəzdən idarə olunurlar”

AXCP və Müsavat Partiyaları yenidən antimilli fəaliyyətdə bulunmağa başlayıblar. Azərbaycanda demokratiyanın olmaması və Məmməd Əmin Rəsulzadəyə kifayət qədər hörmət qoyulmaması barədə iddialar səsləndirirlər. Onların Azərbaycanda demokratiyanın olmaması barədə iddia və mövqeləri beynəlxlaq səviyyədə bəzi anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı fəallaşdığı dövrə təsadüf edir. Bu təsadüfdür, yoxsa, planşdırılımış addım?

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, AXCP başda olmaqla radikal müxalifətin yenidən antimilli fəaliyyətə başlamaları və bu prosesin xaricdəki Azərbaycanı istəməyən qüvvələrin fəallşaması ilə eyni dövrə təsadüf etməsi heç də təsadüfün nəticəsi deyil, planlaşdırılmış addımların tərkib hissəsidir: “Azərbaycanda fəaliyyət göstərən AXCP və digər radikal partiyalar öncə öz fəaliyyətlərinə diqqət yetirsələr, daha yaxşı olar. Daha doğrusu, öz fəaliyyətsizliklərinə baxsınlar. Görsünlər ki, bu illər ərzində hansı fəaliyyətdə bulunub, Azərbaycanın xeyrinə hansı addımlar atıb, onun inkişafı üçün nə kimi təşəbbüslər irəli sürüblər. Yəni, əvvəl bir özlərinə baxsınlar, ondan sonra digər proseslərə qiymət verməyə başlasınlar. Bu radikal müxalifət təşkilatlarının heç birində onların özlərinin iddia etdiyi kimi demokratiyadan heç bir əsər-əlamət yoxdur. 
Ötən illər ərzində keçirilən bütün seçkiləri uduza-uduza gələn, cəmiyyətə heç bir çağırış verə bilməyən, platforma və proqram təqdim etməyən, cəmiyyəti irəli aparan təşəbbüslərlə çıxış etmək qabiliyyəti olmayan liderlər uzun illərdir ki, tutduqları postdan bərk-bərk yapışmaqda davam edirlər.  Demokratik cəmiyyətlərin hər birində isə seçkiləri uduzan liderlər dərhal partiya sədrliyindən, bəzən hətta siyasətdən  istefaya gedirlər. Bunu qonşu Türkiyə və Avropanın timsalında görürük. Radikal müxalifət liderləri özlərini kim hesab edir, doğrudanmı, bu qədər demokratdırlar? Onlar rəhbəri olduğu siyasi təşkilatları əslində, feodal qaydaları ilə idarə edirlər. Onların düşüncəsinə görə feodal nə desə, kəndli də onu qəbul etməlidir. 
Radikal müxalifət partiyalarının rəhbərləri fərqli düşüncələri yaxına belə buraxmırlar. Təşkilatlarında kiminsə fərqli fikir bildirmələrinə imkan yaradılmır. Bunu edənlərə qarşı da dərhal iqtidarın adamı damğasını vururlar.  Yəni, belə bir qurumlara rəhbərlik edənlər hansı demokratiyadan və insan haqlarından danışa bilərlər. Azərbaycan hökuməti nəinki dövləti inkişaf etdirərək onu daha da irəli aparır, hətta öz keçmişimizin, irsimizin öyrənilməsi istiqamətində də mühüm addımlar atır. O cümlədən Azərbaycan Demokratik Cümhuriyyəti banilərinin xatirələrinin əbədiləşdirilməsi, onların siyasi irsinin öyrənilməsində böyük işlər həyata keçiriblər. Prezidentimiz bu istiqamətdə müvafiq fərmanlar verib, tədbirlər keçirib.  Bunları görməmək siyasi korluq və nankorluqdan başqa bir  şey deyil. Təbii ki, radikal müxalifətin və eyni zamanda xaricdəki anti-Azərbaycan dairələrinin fəallaşması ölkəmizdə qarşıdan gələn prezident seçkilərinə yönəlib.  Gələn il ölkəmizdə prezident seçkiləri baş tutacaq. Bu mənada sözügedən iki qüvvənin fəallaşması da həmin prosesə hesablanıb. Ona görə də Prezidentin gördüyü böyük, möhtəşəm işlərə kölgə salmaq, gündəmdə qalmaq üçün bu kimi çirkin fəaliyyətdə bulunurlar. Amma o da var ki, artıq Azərbaycan xalqı ağı qaradan gözəl seçməyi bacarır. Onlar hər şeyə düzgün, o cümlədən siyasi qiymət verməyi bacarır. Radikal müxalifətin dedikləri daldan atılan daş kimidir, heç topuğa da dəymir, bumeranq kimi qayıdıb özlərinə dəyir. Azərbaycan cəmiyyəti radikalların belə  fikirlərinə heç bir əhəmiyyət vermir. Bunun nəticəsidir ki, radikalların ətrafında 5-10 adam belə yoxdur. Ətraflarında özləri, yaxın qohum və dostlarından başqa heç kəs yoxdur. Bu mənada radikal müxalifətin antimilli fəaliyyətlərini gücləndirməsi ilə xaricdəki anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı fəallaşması heç də təsadüfü deyil, bunlar hamısı Azərbaycanı sevməyən bir mərkəzdən idarə olunurlar. Ona görə də hər iki dairənin eyni vaxtda fəaliyyətə başlaması planlaşdırılmış ssenarinin tərkib hissəsidir.  Qarşıda Azərbaycan prezident seçkilərinə doğru gedir. Bu mənada radikallar da atılıb düşməklə Azərbaycanı istəməyən qüvvələrdən maliyyə və digər dəstək almağa çalışırlar. Özləri də bilirlər ki, seçkilərə qatılsalar da yenə də uduzacaqlar. Amma seçki ərəfəsi belə can-fəşanlıq nümayiş etdirməklə ola bilsin, nələrisə əldə etmək, Azərbaycanı istəməyən qüvvələrin diqqətini özlərinə cəlb etmək və bundan yararlanmaq istəyirlər”.
Mübariz BAYRAMOV  

Sizin Reklam Yeriniz