Əlaqə Arxiv
news Image
2017.02.16
09:40
| A A A
Azərbaycan hərb sənayesi yeni uğurlara imza atır
Tərlan Eyvazov: “Əsas odur ki, “Tufan” zirehli nəqliyyat vasitəsi daxildə hazırlanır” İbrahim Rüstəmli: “Bu, bütün bunlar ermənilər üçün ilk növbədə mükəmməl təsir vasitəsi, ciddi mesajdır”

Fevralın 14-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində fəaliyyət göstərən “Aqreqat” İstehsalat Birliyinin Bakı cihazqayırma zavodunda müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan minaya davamlı “Tufan” ilk milli zirehli nəqliyyat vasitəsinin təqdimatı olub. Təqdimat mərasimində çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov bu nəqliyyat vasitəsinin təcrübə-sınaq nümunəsinin MSN-in Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) hazırlandığını bildirib. 

Nəqliyyat vasitəsi döyüş şəraitində yerləşən şəxsi heyəti nəql etmək üçün nəzərdə tutulub. Maşın NATO-nun “STANAG 4569” standartının üçüncü səviyyəsinin tələbinə uyğun daşınan şəxsi heyəti məhvedici təsirlərindən qoruyur. Müxtəlif sınaq işlərindən sonra bu avtomaşının seriyalı istehsalına başlanılacaq. Artıq xarici ölkələrdən gələn qonaqlar tərəfindən “Tufan”a böyük maraq yaranıb. Mütəxəssislərin sözlərinə görə, sözügedən texnika Azərbaycan hərb sənayesinin növbəti uğuru, xarici hərbi məhsullardan asılılığıın azalmasının göstəricisidir. Eyni zamanda, düşmən də bütün bunlardan mesaj almamış olmayacaq. 
Hərbi məsələlər üzrə ekspert Tərlan Eyvazov bildirdi ki, bu texnika ötən il ADEX-2016 beynəlxalq müdafiə sərgisində də nümayiş etdirilmişdi: “Azərbaycanın şəraitinə, relyefinə uyğun bir maşındır. Düzdür, müəyyən hissələri xaricdən alınıb. Amma nəzərə alaq ki, dünyanın ən məşhur şirkətləri belə istehsal etdiyi məhsulun müəyyən hissələrini xaricdən alırlar. Əsas odur ki, “Tufan” zirehli nəqliyyat vasitəsi daxildə hazırlanır. Bununla da xaricə valyuta axını baş vermir. 
Eyni zamanda, nümayiş etdirildikdən sonra xaricdən də alıcılarının yaranması mümkündür.  “Tufan” vaxtı ilə istifadə edilmiş rus istehsalı olan BTR, BRDM-ləri xatırladır. Lakin “Tufan” tam müasir texnikadır. Bu cür maşınlarda ən vacib element minalardan qorunmaqdır. “Tufan” da minalardan öz şəxsi heyətini qoruya bilmək imkanlarına malikdir. Eyni zamandan BTR-lə müqayisədə eyni qədər ekipaj götürsə də, daha yığcamdır. Bu yığcamlıq da son müharibələr fonunda üstünlük deməkdir. 
Hazırda dünyanın bəzi yerlərində gedən müharibələr daha çevik, daha mobil texnikaya ehtiyacın olduğunu təsdiqləyir.  Bu maşının da o cəhəti diqqəti çəkir. Həmçinin, nəzərə alaq ki, “Tufan”ın mühərriki «Kamaz» mühərrikidir. Bu da üstünlük qazandırır. Çünki, mühərrikdə yaranmış problemi adi kənd təmir servisində belə təmir etdirmək mümkündür. Eyni zamanda, “Tufan”nın tibbi maşın kimi də istifadə olunma imkanları var. Bu isə olduqca vacib amildir. Qarabağ müharibəsi göstərdi ki, tibb maşını adi ov tüfəngi ilə də deşilə bilir. Odur ki, “Tufan”nı uğurlu istehsal hesab etmək olar”. 
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, bu, bütün bunlar ermənilər üçün ilk növbədə mükəmməl təsir vasitəsi, ciddi mesajdır: “Azərbaycanın döyüş imkanlarını günbəgün yüksəltməkdən başqa yolu qalmayıb. Buna bizi öz sözünə hörmət qoymayan beynəlxalq təşkilatlar, dünya birliyi və əlbəttə, təcavüzkar Ermənistan vadar edir. Yəni, ölkəmiz üçün öz döyüş imkanlarını daim artırmaq artıq həyat normasına, yaşam tərzinə çevrilib. Biz nəinki ayaq üstündə qalmaqdan, həm də işğal olunmuş torpaqlarımızı düşməndən azad etməkdən ötrü daim silahlanmalı, hücum taktikasına üstünlük verməliyik. Bu yolda Azərbaycanın bir dövlət kimi, xüsusilə, hərbi sənaye sahəsində qazandığı uğurlar müəyyənedici xarakter daşıyır”.  
Ekspert əlavə etdi ki, heç bir qüvvənin ölkəmizi bu yoldan döndərə bilməyəcəyini düşmən bilməlidir: “Azərbaycan haqqı uğrunda apardığı mübarizədə sonadək iradə, dözüm və mübarizlik sərgiləyəcək. Artıq zaman dəyişib. Vaxtilə ermənilər, əgər belə demək mümkünsə,  çox asanlıqla əldə etdiklərini bu gün çox çətinliklə geri qaytarmalı olacaqlar. O üzdən erməni xalqının sadə nümayəndələri Qarabağ probleminin onlardan ötrü əlavə başağrısı olduğunu anlayırlar. İndi bunu mafiyalaşmış erməni iqtidarının da anlamasına ciddi ehtiyac yaranıb. Onun reallaşması üçün düşmən tərəfin daim təzyiq altında saxlanması əsas şərtdir. Bir az da səbrli və tədbirli olmağımız zamana sözünü dedirtdirəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz