Əlaqə Arxiv
news Image
2017.02.17
07:00
| A A A
Sülh Platforması Ermənistana ciddi təzyiq vasitəsinə çevrilir
Elman Nəsirov: “Ermənistan-Azərbaycan Sülh Platforması layihəsi çərçivəsində problemin həllinə yeni yanaşma ortaya çıxıb” Qabil Hüseynli: “Hələlik ilk addımlar atılmaqdadır”

"The American Spectator" nəşri yazır ki, Ermənistan-Azərbaycan Sülh Platforması son iyirmi il ərzində danışıqlarda heç bir nailiyyət əldə etməmiş ATƏT-in Minsk qrupu kimi vasitəçilərlə müqayisədə fərqli yol tutub. Mətndə Sülh Platformasının hesablaşmamaq mümkün olmayan bir qüvvəyə çevrildiyi qeyd olunur.  Bildirilir ki, “Ermənistan ilə Azərbaycan arasında Sülh üçün Platforma” ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə heç bir nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupunun simasında “sülhməramlıları” geridə qoymağa və sülh yaratmağa çalışır. Elə yerli siyasi təhlilçilər də yaradılmış Sülh Platformasının Qarabağ münaqişəsinin həllinə töhvə verə biləcəyini qənaətindədirlər. 

Millət vəkili Elman Nəsirov  bildirdi ki, Ermənistan-Azərbaycan Sülh Platforması say tərkibi baxımından genişlənməkdədir: “Ən başlıcası odur ki, Ermənistanda müxtəlif təbəqələrdə olan insanlar bu layihəyə qoşulmağa başlayıblar. Layihə təkcə Ermənistanla kifayətlənmir. Xarici ölkələrdə yaşayan ermənilər də Ermənistan-Azərbaycan Sülh Platformasında maraqlı olduqlarını gizlətmirlər. Bu, onu göstərir ki, Ermənistan-Azərbaycan Sülh Platforması layihəsi çərçivəsində problemin həllinə yeni yanaşma ortaya çıxıb. Yeni yanaşmanın özəlliyi cəlbedicilik əmsalı baxımından seçilməsidir. 
Platformaya qoşulanların sayının artmasını xalq diplomasiyasının təntənəsi kimi dəyərləndirmək olar. Müxtəlif insanlar Platformada iştirak etdikcə, cəmiyyətin problemin həllinə olan münasibəti bəlli olur. İnsanlar Platformada daha çox təmsil olunmaqla “müharibəyə yox”, işğala yox” deyirlər. Bununla da status-kvonun dəyişməsinin tərəfdarı kimi çıxış edirlər. Düzdür, hesab etmək olmaz ki, Ermənistan-Azərbaycan Sülh Platforması münaqişəni həll edəcək. Bu cür düşünmək məsələyə bir qədər sadəlövhcəsinə yanaşmaq olardı. Lakin bir həqiqət var ki, beynəlxalq ictimai fikrin məlumatlandırılması, ictimai rəyin formalaşması, Ermənistandakı hakimiyyətin getdikcə daha çox beynəlxalq qınaq obyektinə çevrilməsi baxımından Platformanın əhəmiyyəti böyükdür”.
Millət vəkili əlavə etdi ki, xalq diplomatiyası Ermənistan-Azərbaycan münaqişəsini həll etməyəcək: “Bu münaqişəni iki dövlətin rəhbəri danışıqlarla həll etməlidir. Danışıqlarla həll etmək mümkün olmadıqda isə alternativ varinatlar da var. Odur ki, Sülh Platformasını və xalq diplomatiyasını problemin həlli yolunda bir katalizator kimi dəyərləndirmək olar. Bu faktor getdikcə kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməkdədir. Daha çox insnların Platformaya qoşulması prosesi başlayıb. Bütün bunlar müəyyən mənada münaqişənin həll prosesinə öz töhfəsini verə bilər”. 
Politoloq Qabil Hüseynli bildirdi ki, Ermənistan-Azərbaycan Sülh Platforması xalq diplomatiyasının bir formasıdır: “Platforma xalqların bir-birinə yaxınlaşmasında, bəlli düşmən obrazının məhv edilməsində müəyyən rol oynaya bilər. Lakin bu, kütləvi xarakter alsa, sülhyaratma prosesinə təsir imkanları genişlənər. Hələlik ilk addımlar atılmaqdadır. Düzdür, bunun bütünlükdə sülhyaratma prosesini təşkil etməyini düşünmək sadəlövhlük olardı. 
Məsələ ondadır ki, Ermənistanda əhalinin böyük bir hissəsi Serj Sarkisyan hakimiyyətinin millətçi şüarlarının təsiri altındadır. Onları Sülh Platformasına gətirmək o qədər də asan deyil. Platformada iki xalq arasınsa sülh yaratmaq nəzərdə tutulub, sülhə çağırış var. Ona görə də yaxşı ideyadır, amma bunun uzun müddət yol getməsi lazım gələcək”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz