news Image
2017.02.17
09:30
| A A A
Moskva və Vaşinqtondan Bakıya böyük etimad
Nüvə nəhənglərinin ziddiyyəti Azərbaycan paytaxtında çözülür

Bakıda keçiriılmiş ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeri Gerasimov arasında görüş dünyanın siyasi arenasında geniş əks-səda doğurub. Təbii ki, görüşün detalları tam açıqlanmayıb və buna görə də söhbətin məzmunu haqda yalnız fərziyyələr və gümanlar əsasında danışmaq mümkündür. Amma bu mühüm görüş üçün  Azərbaycanın paytaxtı Bakının seçilməsi mövzusu açıq və yerli-yataqlı mülahizələr üçün kifayət qədər arqument verir. 

“The New York Times” qəzetinin yazdığına görə, görüşün mövzusu və harada keçirilməsi haqda razılıq bir neçə ay davam edən müzakirələrdən sonra əldə olunub. Tərəflər neytral şəhər kimi Bakını seçiblər. Xatırladaq ki, görüş haqda ilk rəsmi məlumatı ABŞ-ın Birgə Qərargahlar rəisinin ofisi yayıb. Burada qeyd olunur: “Hərbi liderlər hazırda Amerika-Rusiya hərbi münasibətləri və iki ölkə arasında səhvlərə və potensial böhranlara yol verilməməsi məqsədilə daimi və dəqqi kommunikasiyaların əhəmiyyətini müzakirə edəcək”. Daha sonra da Rusiya Müdafiə Nazirliyi tərəflərin Bakıda görüş barədə məlumat yayıb: "Razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir. Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq". Beləliklə, rəsmi məlumatlardan görünür kimi görüşdə əsas diqqət mərkəzində Rusiya və ABŞ arasında hərbi ziddiyyətləər son qoyulması durur.
Belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu təqdirdə, nəyə görə məhz Azərbaycan seçilib? Adətən, yüksək səviyyəli görüşlər üçün yer seçilərkən ilk növbədə təhlükəsizlik meyarları nəzərə alınır. Dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbeo” resursu tərəfindən hazırlanmış reytinq siyahısına görə, təhlükəsiz ölkələr siyahısında Azərbaycan 125 ölkə arasında 18-ci yeri tutur. Bu, sadəcə quru rəqəmlərdən ibarət göstərici deyil. Bu rəqəmlərin arxasında ölkənin sosial-iqtisadi və siyasi inkişafı durur. Bu gün Azərbaycan çox böyük sürətlə irəliləyir, ən çox inkişaf etmiş ölkələrlə bərabər layihələr həyata keçirməyi bacarır, dünya siyasi arenasında öz mövqeyini gücləndirir, nüfuzunu gündən-günə artırır.
Azərbaycanın beynəlxalq aləmdə getdikcə güclənən rolu Prezident İlham Əliyevin ardıcıl, qətiyyət və inamla həyata keçirdiyi balanslı siyasətin məntiqi nəticəsidir. Siyasi təhlilçilər və ekspertlər daim vurğulayırlar ki, böyüklük özünü sayla deyil, konkret iş və nəticə ilə təsdiq edir. 3 il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib 2 il ərzində burada təmsil olunanda artıq Azərbaycanın balanslı siyasətinin nə qədər uğurlu olması təsdiq edilmişdi. Ötən il dünyanın iki böyük dövləti – Rusiya Federasiyası və Türkiyə Respublikası arasında yaranmış gərgin və barışdırılması mümkünsüz görünən vəziyyətin normallaşdırılmasında Azərbaycanın dövlət başçısının daşıdığı siyasi missiya siyasi mükəmməlliyə şərəfli nümunə kimi yadda qalıb. Bu gün dünyada İlham Əliyev qədər enerjili, işgüzar və sülhsüvər təşəbbüslər irəli sürən ikinci bir dövlət başçısı tapmaq çətindir. Ötən il İran-Azərbaycan-Rusiya üçtərəfli formatının yaranması birbaşa Azərbaycan rəhbərliyinin şəxsi fəaliyyətinin nəticəsidir. Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Rusiya siyasi tandemləri, Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanan TAP-TANAP qaz boru kəmərləri şəbəkəsi bilavasitə Azərbaycan Prezidentinin təşəbbüsü və məsuliyyəti ilə bağlıdır və Avropanın enerji təhlükəsizliyi proqramında önəmli yer tutur.  
Bu gün Azərbaycan regionun lider dövlətidir. Onun iştirakı və razılığı olmadan Cənubi Qafqazda hər hansı beynəlxalq layihənin həyata keçirilməsi mümkünsüzdür. Bu aksiomu yaradan Prezident İlham Əliyevin şəriksiz həyata keçirdiyi mükəmməl siyasətdir. Təsadüfi deyil ki, o, artıq bir çox beynəlxalq məclislərə dünya liderlərinin sırasında dəvət olunur. Azərbaycanın dövlət başçısının fikirləri, təklifləri, vaxtında irəli sürdüyü cəsarətli təşəbbüslər ona lider statusunu qazandıran başlıca məziyyətlərdir. Prezident İlham Əliyevin beynəlxalq layihələrin həyata keçirilməsində fəal çalışması, rəhbərlik etdiyi gənc dövlətin bütün resurslarını peşəkarlıqla inkişaf yoluna çıxarması, qısa müddətdə böyük işlər görərək inkişaf etmiş ölkələrlə xoş rəqabət aparması onun dünya miqyasında böyük nüfuz qazanmasının başlıca şərtləridir. Təsadüfi deyil ki, Qərbdən Şərqə, Şimaldan Cənuba istiqamətlənmiş bütün nəqliyyat növlərinin mərkəzi qovşağı Azərbaycandır. Azərbaycanın özündən böyük dövlətlər çətinə düşəndə Prezident İlham Əliyevə müraciət edirlər. BMT-nin sülhməramlı qüvvələri tərkibində Azərbaycan hərbçiləri müxtəlif regionlarda sülhün və sabitliyin qorunmasında uğurla iştirak edirlər.   
Münasibətləri xeyli dərəcədə gərgin olan ABŞ və Rusiya kimi dünya nəhənglərinin iki yüksək rütbəli hərbçisinin Bakıda görüşməsi və gərginliyin səngiməsi üçün fikir mübadiləsi aparması təsadüfidirmi? Əsla!  Bu, Azərbaycanın balanslı xarici siyasətinin uğuru və dünyanın belə siyasətə ehtiyac duymasının təzahürüdür. Fikir verin, İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq əlaqələrinə malikdir. Onun ABŞ prezidenti Donald Trampla da isti münasibətləri var. Əminliklə iddia etmək olar ki, ABŞ və Rusiya yüksək rütbəli hərbçilərinin Bakı görüşü  bu iki ölkə arasında gələcək dostluq üçün bir müjdədir. Çünki, toplanmış təcrübədən çıxış edərək söyləyə bilərik ki, İlham Əliyevin fenomenal ünsiyyətcilliyi və təşəbbüskarlığı, sülhsevərliyi və liderlik bacarığı ABŞ və Rusiya arasında yanmış körpülərin bərpası üçün ən güclü vasitə ola bilər. Çünki, Azərbaycan dövlətinin və onun başçısının etibarlılıq əmsalı çox yüksəkdir. Rusiya və ABŞ prezidentləri Azərbaycan dövlət başçısı haqda yüksək rəy söyləyib, ona olan hüsn-rəğbətlərini ifadə ediblər. Ümumiyyətlə isə Qafqazda ABŞ-Azərbaycan-Rusiya əməkdaşlıq formatının yaranmasına ehtiyac duyulur. Zamanın bu tələbi Azərbaycanın balanslaşdırılmış siyasətinin gücü daxilindədir.         
Hərbi ekspert, general-leytenant Yaşar Aydəmirov bildirir ki, Cozef Danford və Rusiya m Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dünyamiqyaslı nüfuzlu ölkədir və ona böyük diqqət və etimad göstərilir. Generalın fikrincə, ABŞ-Rusiya hərbi dairələri arasında yüksək səviyyəli görüşün məhz Bakıda keçirilməsinin səbəbi ölkəmizin regionda oynadığı rol və həyata keçirdiyi siyasətlə bağlıdır: "Həm Rusiya və həm də ABŞ Azərbaycan ordusunun inkişafını və gücləndiyini, ölkəmizin regionda mühüm rol oynadığını bilirlər. Ona görə də belə bir yüksək səviyyəli görüşün nə digər dövlətlərdə, nə də bizə qonşu ölkələrdə yox, məhz Bakıda keçirilməsi məsləhət olub. Hələlik görüşdə hansı məsələlərin dəqiq müzakirə olunduğu bilinmir. Böyük ehtimalla Suriya mövzusu, regiondakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ probleminə toxunulub". Danfordla Gerasimov arasındakı görüş həm də Azərbaycanın regional təhlükəsizlik, sabitlik və normal dövlətlərarası münasibətlərdə maraqlı olan ölkələr arasında ön yerlərdən birini tutduğunu, xüsusilə də NATO və MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regiona maraqlarının uzlaşmasında əlahiddə rol oynadığını göstərir. Milli Məclisin deputatı Hikmət Babaoğlu isə APA-ya açıqlamasında deyir: “ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında mühüm görüşün məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl bu fakt dünya siyasətini müəyyənləşdirən iki böyük dövlətin Azərbaycana olan inam və etimadının göstəricisidir”. 
Millət vəkili bildirib ki, dünyanın maraqla izlədiyi bu görüşün Bakıda baş tutması Azərbaycana çoxlu sayda strateji dividendlər qazandıracaq: “Digər tərəfdən, bu görüşün Bakıda keçirilməsi Azərbaycanın hər iki ölkə ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin nəticəsidir. Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir. Prezident İlham Əliyev həmişə qeyd edir ki , Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi prosesdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Ona görə də bu görüşün ən müxtəlif ölkələrdə keçirilməsi məsələsi uzun müddət müzakirə edilsə də, sonunda Bakıda baş tutması dediyimiz məsələlərlə bağlıdır”.
 H. Babaoğlu qeyd edib ki, bununla yanaşı, Azərbaycan prezidentinin ABŞ və Rusiya prezidentləri ilə yaxşı münasibətlərinin olması, ABŞ və Rusiya prezidentlərinin Azərbaycan prezidenti İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul etməsi, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmələri qlobal hərbi-strateji əhəmiyyəti olan belə bir görüşün Bakıda keçirilməsini zəruri edib: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bu quruma iki illik rəhbərliyi dövründə öz missiyasını və vəzifəsini uğurla yerinə yetirməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş imicini qazanması, regionda ən müxtəlif hərbi siyasi qütblərdə dayanan iki hərbi siyasi təşkilatlanmanın, NATO və KTMT maraqlarının uzlaşdırılmasında xüsusi rol oynaması, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında yaxından iştirak etməsi, eyni zamanda üçtərəfli formatda yeni əməkdaşlıq platformaları yaratması ölkəmizi tərəfdaşlıq üçün cazibədar hala gətirib və bu, Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir”.
N.NOVRUZ

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs