Əlaqə Arxiv
news Image
2017.02.17
09:40
| A A A
İslam həmrəyliyinə çağırış dünyada sülh modelinə çevrilə bilər
Azərbaycandan başlanan həmrəylik çağırışları dünya xalqları üçün də böyük önəm daşıyır

Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı çağırışı dərin siyasi çalarları və sülhpərvərliyi ilə bütün diqqəti cəlb edir. Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunmasına müsəlman ölkələrindən artıq yüksək reaksiyalar gəlir. Görkəmli dövlət və ictimai xadimlərdən, İslam mütəfəkkirlərindən, digər din mənsublarından bu çox vacib təşəbbüs yüksək  dəyərləndirilir və müsəlman dünyası üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilir. 

“İslam həmrəyliyi” anlayışı böyük məna daşıyır. Dinşünas alimlər bildirirlər ki, həmrəylik dedikdə müxtəlif ölkələrin dini icmalarının birliyi ilə yanaşı, dindaxili birlik də nəzərdə tutulur. Yəni, hansısa mənfur siyasi qüvvələrin fəaliyyəti ilə yaradılmış və parçalanmaya xidmət edən müxtəlif məzhəblərin, dini fanatizmin, digər dinlərə qarşı dözülməzlik hissinin aradan qaldırılması, dinin cəmiyyətdəki yerinin düzgün başa düşülməsi və bəşəri dostluq tellərinin möhkəmlənməsində İslamın əvəzedilməz rolunun dərk edilməsi həmrəylik platformasının başlıca məziyyətidir. Buna görə də müsəlman ölkələrinin rəhbərləri və din üləmaları bu təşəbbüsün vaxtında irəli sürüldüyünü qeyd edir və onu dəstəkləyirlər.
Hazırda İslam Əməkdaşlıq Təşkilatının üzvlüyündə 60 ölkə var. Həmin ölkələrdə ümumilikdə 1,5 milyarda yaxın insan yaşayır. Bu ölkələrin 46-da əhalinin mütləq çoxluğu müsəlmandır. 14 ölkədə isə müsəlmanlar say etibarilə üstünlük təşkil etmirlər. Məsələn, 1 milyarddan çox əhalisi olan Hindistanda 150 milyon müsəlman var. Bu, müsəlmanların ən çox yaşadığı sayca 3-cü dövlətdir. Buna baxmayaraq, Hindistan İslam ölkəsi deyil. Digər tərəfdən müsəlmanların daha çox toplaşdığı Kəşmir vilayətində tez-tez dinlərarası toqquşmalar baş verir. Bu mənada  həmrəylik çağırışı münasibətlərin vacib elementi kimi meydana çıxır və onun inkişaf mexanizmi yaradılanda artıq sülh modelinə çevrilmək ehtimalı yaranacaq.
Həmrəylik prosesi qarşılıqlı yardıma əsaslanan yüksək mənəvi prosesdir. Bütövlükdə Azərbaycanın bu istiqamətdə apardığı siyasət və əməli fəaliyyəti barədə kifayət qədər faktlar mövcuddur. Ölkədə keçirilən müxtəlif beynəlxalq forumlarda müzakirəyə çıxarılan və qəbul edilən qərarlar bunu sübut edir. Həmin mövzuların əsasında İslamın ali məfkurəsi durur. Bu isə dinc yanaşı yaşamaq prinsiplərinə tamamilə dolğun cavab verir. 
Bu günlərdə Birləşmiş Ərəb Əmirlikləri əmirinin hüquqi və dini məsələlər üzrə müşaviri Əl-Sayid ben Əl-Sayid Əbdülrəhman əl-Haşimi mətbuata müsahibə verərək Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsünu yüksək qiymətləndirib: “Həmrəyliyə, birliyə və tolerantlığa çağırış İslamın Məhəmməd Peyğəmbər (s.ə.s.) tərəfindən təbliğ edilən mühüm prinsiplərindən biridir. Bütün peyğəmbərlər müqəddəs Quranda və bütün digər müqəddəs kitablarda təsvir edilən əxlaqi dəyərlərə çağırıblar. Sevindirici haldır ki, Azərbaycan məhz bu yolu seçib və belə bir çağırışla çıxış edib. Prezident İlham Əliyevin təşəbbüsü, heç şübhəsiz, çox dəyərli və sanballı təşəbbüs olmaqla, dünyada baş verən proseslərin və müşahidə edilən meyillərin dərindən dərk olunmasına dəlalət edir”. 
Əl-Sayid Əli ben Əl-Sayid Əbdülrəhman əl-Haşimin fikrincə, müsəlmanlar dərindən anlayırlar ki, bütün bəşəriyyət tarixən qohumluq əlaqələri ilə bağlıdır, çünki müqəddəs Quranda göstərildiyi kimi, insan övladının ulu əcdadları Adəm və Həvva olub. Terrorizm, düşmənçilik, aqressivlik kimi neqativ hallar müsəlmanlara xas deyil, əksinə, müsəlmanlar həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərlərə çağırırlar. Bütün bunlar sabitliyin, təhlükəsizliyin, quruculuğun və ümumi rifahın rəhnidir. 
Bu sözlər Azərbaycanda elan edilmiş “İslam Həmrəyliyi İli”nin real köklərə söykəndiyini sübut edir. Bu gün bütün dünyada islamofob meyillərin güclənməsi və müsəlmanların əsassız təqib edilməsi prosesinin dayandırılmasında, eyni zamanda xristian dünyasında siyasi məqsədlərlə süni şəkildə formalaşdırılan “müsəlman-terrorçu” obrazına qarşı mübarizədə həmrəy olmaq olduqca vacibdir. Hətta xristian ölkələrinin özündə də həmrəyliyə ehtiyac böyükdür. Çünki, bu ölkələrdəki siyasi qüvvələr hakimiyyət uğrunda mübarizədə ayrı-seçkilik metodundan geniş istifadə edirlər. İslam həmrəyliyinin gücləndirilməsi son məqamda daha geniş coğrafiyada və bəşəri anlamda bütün dünyada insanların həmrəyliyinə çevrilə bilər və Azərbaycandan başlanan həmrəylik çağırışları yol xəritəsinə çevrilərək dünya xalqlarının birlik modeli halına gələr.

N.NOVRUZ

Sizin Reklam Yeriniz