Əlaqə Arxiv
news Image
2017.02.18
08:00
| A A A
ABŞ Azərbaycanla yeni hərbi əməkdaşlığa başlayır
Üzeyir Cəfərov: “Azərbaycan həm Rusiya, həm də ABŞ üçün önəmli ölkədir” Sədrəddin Soltan: “Azərbaycan ABŞ-la birlikdə bir sıra beynəlxalq hərbi proqram və layihələrdə fəaliyəyyət göstərir”

Məlumdur ki, fevralın 16-da Amerika Birləşmiş Ştatlarının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda görüşü oldu. Görüşdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılığa gəliblər. 

Cozef Danford və Valeri Gerasimov ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər mühüm regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar. Eləcə də Cozef Danfordun Prezident İlham Əliyev və müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşündə  Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq məsələsi müzakirə edilib. Mütəxəssislərin fikrincə, bu səfər tərəflər arasında hərbi əməkdaşlıq məsələlərində yeni səhifə aça bilər. 
Hərbi məsələlər üzrə mütəxəssis Üzeyir Cəfərov bildirdi ki, bu, önəmli səfər oldu: “ABŞ adiministrasiyasında yeni bir dönəm başlayıb. Cozef Danfordun Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşü sıradan bir görüş deyil. Bakı da elə-belə görüş yeri seçilməyib. 
Azərbaycan həm Rusiya, həm də ABŞ üçün önəmli ölkədir. Regionda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycanın hər iki ölkə ilə əlaqəi var. Ölkə başçısının Cozef Danfordla görüşü və müzakirələr onu deməyə əsas verir ki, Azərbaycan ABŞ ilə hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirəcək. Bu, birmənalı olaraq o anlama gəlir ki, biz daha çox görüşlərin, tədbirlərin iştirakçısı olacağıq. Bütün bunlar da səbəbsiz deyil. Həm regionda baş verən hadisələr, həm dünyada baş verən proseslər Azərbaycanı bu addımı atmağa məcbur edir. Xüsusən də Dağlıq Qarabağla bağlı məsələlərdə bizə qarşı hiss olunan ədalətsizlik açıq şəkildə büruzə verilməkdədir. Odur ki, bu müzakirələrin böyük əhəmiyyəti ola bilər. 
Bütün hallarda ABŞ Yaxın Şərqlə bağlı Rusiyaya gedə biləcəyi sərhədi göstərib. Çünki son zamanlar Rusiyanın ABŞ ilə bağlı böyük gözləntiləri var idi. Amma artıq Donald Tramp Krımla bağlı Rusiyaya qarşı loyallıq nümayiş etdirməyəcəyini açıqladı. Ona görə də güman ki, Yaxın Şərq məsələlərində də Cozer Danfordla önəmli müzakirələr aparılıb. Bu müzakirələrin yaxın zamanda müəyyən nəticələrini görəcəyik. Lakin Rusiya ilə ABŞ-ın yaxınlaşmasını düşünmək olmaz. Sadəcə, görüş anlamında dəyərləndirmək lazımdır. Qətiyyən Rusiya ilə ABŞ-ın hərbi əməkdaşlığından söhbət gedə bilməz. Çünki mövqelərdə çox böyük fərqlər var. ABŞ İŞİD və PKK ilə mübarizədə Rusiyanın tutduğu mövqeyi dəqiqləşdirmək istəyir. Eyni zamanda Azərbaycan da NATO üçün önəmli tərəfdaşdır. Əlaqələrimiz normaldır. ABŞ bundan əvvəl də Azərbaycana müəyyən hərbi məsələlərdə dəstək verib. Xüsusən Xəzər dənizində təhlükəsizlik məsələləri, qeyri-qanuni narkotiklərlə mübarizədə Azərbaycana maddi dəstək verirdi. Bakıda keçirilən görüş isə iki böyük güc arasında olsa da, Azərbaycana verilən önəm ermənilərə də mesaj olmalıdır ki, Azərbaycan NATO və Rusiya üçün vacib ölkədir. 
Dağlıq Qarabağın həlli ilə istiqamətində  erməni tərəfi addımlar atmalıdır. Addım atılmayacağı təqdirdə Azərbaycanın edəcəyi hərəkət həm Rusiya, həm də ABŞ tərəfindən yəqin ki, anlayışla qarşılanacaq. Düzdür, onlardan hansısa ciddi dəstək gözləmirik. Amma ən azından BMT qətnaməsi çərçivəsində Azərbaycanın mövqeyini müdafiə etməyə borclu olacaqlar. Cozef Danfordun Bakıya səfərinin davamı da olacaq. Odur ki, ciddi dinamikanın şahidi ola bilərik”.
Siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlıq mövcuddur: “Azərbaycan bu görüşdə daha çox ev sahibi rolunda çıxış edib. Heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford arasında iki ölkə arasında əməkdaşlıq məsələsinə də toxunulub. Ancaq ABŞ-ın hərbi rəsmisinin səfərinin məqsədi rusiyalı həmkarı ilə görüşmək və iki dövlət arasındakı münasibətləri müzakirə etmək olub. 
Qeyd edək ki, Azərbaycan ABŞ-la birlikdə bir sıra beynəlxalq hərbi proqram və layihələrdə fəaliyəyyət göstərir. Məsələn, NATO-nun "Tərəfdaşlıq Proqramı", terrorçuluğa qarşı mübarizəni göstərə bilərik”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz