Əlaqə Arxiv
news Image
2017.02.21
18:35
| A A A
YAP rəsmisi: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi Yeni Azərbaycan Partiyasının uğurudur

Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi Azərbaycan xalqının, Yeni Azərbaycan Partiyasının (YAP) uğurudur.

Bunu YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O bildirib ki, Mehriban Əliyeva öz aktiv fəaliyyəti ilə dünyada kifayət qədər tanınmış ictimai-siyasi xadimdir:

“Mehriban Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görüb, həm millət vəkili kimi, həm də Heydər Əliyev Fondunun prezidenti kimi ölkəmizi dünyada layiqincə təmsil edib. Heydər Əliyev Fondu tərəfindən ölkəmiz üçün böyük əhəmiyyət daşıyan “Xocalıya ədalət!” kampaniyası uzun müddətdir uğurla davam edir və qarşıya qoyulan məqsədə nail olur. Məhz bu kampaniyanın sayəsində dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında geniş məlumat əldə edib. Mehriban xanım UNESCO və İSESCO-nun xöşməramlı səfiri kimi də mühüm işlər görüb, elmin, mədəniyyətin, təhsilin inkişafına mühüm töhfələr verib, dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, o cümlədən multikultural dəyərlərin inkişafında çox böyük səyi olub”.

S.Novruzov bildirib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məktəblər, uşaq bağçaları, xəstəxanalar tikib, mədəniyyət abidələrini təmir etdirib: “Mehriban xanım Azərbaycan mədəniyyətinin, xüsusilə də milli musiqimiz olan muğamın inkişafı, yenidən dirçəlməsi istiqmətində mühüm işlər görüb. Bununla yanaşı Mehriban xanım ölkədə idmanın inkişafına da mühüm töhfələr verib. Məhz Mehriban xanımın sayəsində Azərbaycanda idmanın gimnastika növü xeyli inkişaf edib, ölkəmiz bu sahədə dünyada layiqincə təmsil edilir, Azərbaycan mötəbər beynəlxalq yarışlara ev sahibliyi edib və bundan sonra da edəcək. "Eurovision" adlı mahnı müsabiqəsinin, Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili məhz Mehriban Əliyevanın sayəsində mümkün olub. Bu səbəbdəndir ki, IV İslam Həmrəylik Oyunlarının keçirilməsi də Mehriban xanıma həvalə edilib”.

Millət vəkili bildirib ki, Mehriban Əliyevanın təşəbbüsü ilə indiyə qədər 4 amnistiya aktı qəbul olunub ki, bu da 40 mindən artıq şəxsə şamil olunub: “Mehriban xanımın dövlətimizin, xalqımızın inkişafı, Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə çatdırılması istiqmətində gördüyü işlər o qədərdir ki, sadalamaqla qurtarmır. Bu baxımdan Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması çox düzgün qərardır və xalqımız tərəfindən yüksək qiymətləndiriləcək”.

Sizin Reklam Yeriniz