Əlaqə Arxiv
news Image
2017.02.22
10:00
| A A A
Azərbaycan Ermənistan üzərində əzici hərbi üstünlüyünü artırır
Üzeyir Cəfərov: “Azərabycan son illərdə Silahlı Qüvvələrinə ən müasir silah-sursat alıb, hərbi infrastrukturunu davamlı şəkildə yeniləyir” Azad İsazadə: “Hər gün aprel döyüşləri təkrar oluna bilər”

Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutu növbəti (SIPRI) hesabatını açıqladı. Hesabatda qeyd olunur ki, 2012-2016 illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb. Mütəxəssislər bildirirlər ki, ermənilər bu hesabatdan nəticə çıxartmalıdırlar. Güclər arasında böyük fərq Dağlıq Qarabağ münaqişəsində də özünü göstərəcək.

Ehtiyatda olan polkovnik-leytenat Üzeyir Cəfərov xatırlatdı ki,  Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutu hər il belə hesabatlar hazırlayır: “Həmin hesabatlar da əksər rəqəmlər üzrə reallığı əks etdirir. Aydın məsələdir ki, ölkələraldıqları çox silah-sursat açıqlamırlar. Məxfi hesabat kimi təqdim olunur. Amma ümumi fərq açıqlanır. Bundan da başqa Ermənistan heç bir halda Azərbaycan ilə müqayisə oluna bilməz. 
Azərabycan son illərdə Silahlı Qüvvələrinə ən müasir silah-sursat alıb, hərbi infrastrukturunu davamlı şəkildə  yeniləyir.  Yəni, qüvvələr arasında fərq müqayisəolunmaz dərəcə böyükdür. Bu baxımdan bəlkə də 20 dəfədən çoxdur. Ermənistan bütün parametrlər cəhətdən Azərbaycan ilə müqayisəolunacaq ölkə deyil. Ermənistan bu günə qədər havadarlarının hesabına yaşayıb. Düzdür, Azərbaycan aldıqları silah-sursatı hələlik Dağlıq Qarabağın azad olunmasına yönəltmir. Lakin nə vaxtsa bu baş verəcək və buna heç kimin şübhəsi olmamalıdır. Azərbaycanın başqa yolu da yoxdur. Biz həmin silah-sursatı yalnız parklarda saxlamaq, paradlarda nümayiş etdirmək üçün almamışıq. Həmin silahlar ölkənin təhlükəsizliyi və müdafiəsi  üçün alınıb. Ermənistan isə silah almır, dilənçiliklə məşğuldur. Ona görə də bizlə müqayisə oluna bilməz. 
Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin də bəyanat verdi ki, Azərbaycana silah satışı bundan sonra davam etdiriləcək. Ümumiyyətlə, silahlanma prosesi Dağlıq Qarabağla bağlı problem həllini tapana qədər davam edəcək. Ölkə başçısı da dəfələrlə bunu öz açıqlamalarında bildirib. Bunun üçün Azərbaycanın bütün imkanları mövcuddur. Silahlı Qüvvələrin gücü baxımından Azərbaycandan Ermənistan 20 yox, daha güclüdür. Düzdür, bəzi şəxslər bu qədər silahlanma ilə bağlı ironik fikirlər səsləndirirlər. Amma dövlət nəyi nə vaxt etməsini daha yaxşı bilir. Yəni, onun-bunun sözü ilə yox, konkret dövlət siyasətinə uyğun addımlar atılır”. 
Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, ilk növbədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini nəzərə almalıyıq: “İndiki vəziyyət də Ermənistanı qane edir. Deməli, onun qarşısında bir məqsəd dayanıb. Bu da status-kvonu qorumaq, müdafiə olunmaqdır. Azərbaycan isə torpaqları sülh yolu ilə azad olunmasa, müharibə vasitəsi ilə azad etməyə hazırdır.  Deməli, biz hücum etməliyik. 
Azərabycan ötən illər ərzində silah ehtiyatını çoxalda bilib. Keyfiyyət baxımından da Azərbaycanın hər il arsenalını modernləşdirməyə imkanı var. Amma burada hərbi-iqtisadi amil də var. Belə ki, silahların alınması onların istifadə edilməsi demək deyil. Silahın alınması təbii olaraq əks tərəfi də silah almağa məcbur edir. Yəni, silah yarışı başlayır. Bu da zəif Ermənistan iqtisadiyyatının müəyyən hissəsini silah almağa məcbur edir. Yəni, əks tərəf iqtisadi cəhətdən zəifləyir. Düzdür, Azərbaycan da həmin vəsaiti daxili problemlərin həllinə yönəldə bilər. Amma reallıq belədir ki, bu gün Azərbaycanda silahlanma prosesi davam edir. Hər gün aprel döyüşləri təkrar oluna bilər. Azərbaycan buna hazırlaşır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz