Əlaqə Arxiv
news Image
2017.02.22
19:59
| A A A
“Emosional gərginliyin aradan qaldırılması üçün...” - LAVROV

“Rusiya Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə imzaladıqları sənədlərə uyğun olaraq Qarabağ münaqişəsinin qarşılıqlı məqbul sayılacaq həll yollarının axtarılmasının tərəfdarıdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, görüş zamanı Qarabağ tematikasına, danışıqlar prosesinin irəliləməsi üçün şəraitin yaradılmasına xüsusi diqqət yetirilib: “Güc tətbiqi ilə bağlı təhdidlər yolverilməzdir və sülh prosesinə zərbə vurur. Əgər doğrudan da Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı məqbul sayılacaq həll yollarının axtarılmasına dair prinsipial anlaşmaya sadiqliyimizi nümayiş etdiririksə, hazırkı ATƏT-in Minsk formatına alternativ yoxdur. Bununla Azərbaycan və Ermənistan liderləri, beynəlxalq təşkilatların rəhbərləri razılaşıblar. Minsk qrupunun həmsədrləri fəaliyyətsiz deyillər. Münhen təhlükəsizlik konfransı zamanı qəbul edilən son bəyanatda sülh yolu ilə nizamlanmanın alternativsizliyindən, güc tətbiqinin yolverilməzliyindən bəhs olunur”.
 
Lavrov onu da əlavə edib ki, Dağlıq Qarabağ ətrafındakı emosional gərginliyin aradan qaldırılması üçün səylər davam etdiriləcək.
 
Nalbandyan isə bildirib ki, Münhendə hamı güc tətbiqinin yolverilməzliyi, eyni zamanda 1994 və 1995-cu illərdə atəşkəslə bağlı imzalanmış sənədlərin, habelə Peterburq və Vyana razılaşmalarının icrasının vacibliyi ilə bağlı eyni fikirdə olub. Onun sözlərinə görə, həmçinin əsir və meyitlərin qaytarılması ilə bağlı Həştərxan razılaşmaları xatırlanıb.

Sizin Reklam Yeriniz