Əlaqə Arxiv
news Image
2017.02.24
07:00
| A A A
Azərbaycan yeni müasir silahlar alır
Üzeyir Cəfərov: “Azərbaycanın bu silah-surtsatı əldə etməsi özünün təhlükəsizliyi və müadafiəsi baxımından çox önəmlidir ” Tərlan Eyvazov: “Ermənistan narazılığını bildirsə də, Rusiyanın buna cavabı açıq şəkildə olub”

Rusiyanın "Almaz-Antey" hava-kosmik müdafiə konserni ixrac potensialını artırmağı planlaşdırır. İxrac potensialının artımı həm "Rosoboroneksport" ASC, həm də fərdi satış hüququ vasitəsilə nəzərdə tutulub. Konserndə Rusiyanın zenit-raket sistemləri və zenit-raket komplekslərinin tədarükü üçün ən perspektivli silah bazarları arasında Azərbaycan da daxil olmaqla, bir sıra ölkələr göstərilib. 

Beləliklə, göründüyü kimi, Ermənistanın narazılığını əksinə olaraq, Rusiya bundan sonra da Azərbaycana böyük həcmdə müasir silahlar satmağa hazırlaşır. Mütəxəssislərin fikrincə, Ermənistan bu vəziyyətdən özünə mesaj almalıdır. Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, Rusiya son zamanlar öz hərbi sənaye kompleksini var gücü ilə işlətməyə başlayıb: “Özünün iqtisadi vəziyyətini düzəltmək üçün hərbi sənaye kompleksinin rəhbərlərinə, konkret olaraq baş nazirin müavini Dmitri Roqonizə lazım olan göstərişlər verilib. Artıq Rusiya xeyli ölkəyə silah-sursat satır. İndiki açıqlama isə həmçinin ermənilərə bir mesajdır. 
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun  son hesabatı da göstərdi ki, dünyada silah ixracında Rusiya ABŞ-dan sonra ikinci yerdə gəlir. Azərbaycanın bu silah-surtsatı əldə etməsi özünün təhlükəsizliyi və müadafiəsi baxımından çox önəmlidir. Düzdür, ermənilər narazılıq edirlər. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın Azərbaycana silah satmasına narazılığı ifadə edən açıqlamalar verib. Amma Azərbaycan Ermənistanda fərqli olaraq, həmin silahları öz halal pulu ilə alır. Həmin silahlar paradda nümyiş etdirmək, ya da haradasa saxlamaq üçün alınmayıb. O silahlar Azərbaycanın ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etmək üçün lazımdır. Ermənilərin bütün narazılıqlarına baxmayaraq, Rusiyadan Azərbaycan silah-sursat almaqda davam edəcək. Bu sırada Rsuiyadan başqa, Pakistan, Türkiyə, İran, Çin də var. Odur ki, heç kəsə əhəmiyyət vermədən öz işimizi davam etdirməliyik”.
Hərbi məsələlər üzrə digər ekspert Tərlan Eyvazov isə bildirir: “ABŞ hər il Ermənistana silah yardımı göstərib. Lakin Azərbaycanın imkanları olsa da, ABŞ-dan silahların alınmasında çətinlik çəkir. Ümumiyyətlə, Rusiyanın dünya silah bazarında xüsusi yeri var. Həmişə bu sahədən böyük gəlirlər əldə edib. Əsasən də inkişaf etməkdə olan ölkələrə satır. Belə bir bazarı əldən çıxartmaq istəmirlər. Ermənistan isə yarandığından bu günə qədər yaltaqlıq siyasəti yürüdüb. Rusiyadan sərfəli şərtlərlə silah alıb. Ancaq Ermənistana bu formada silah satışı Rusiya hərbi sənayesi üçün sərfəli deyil. Azərbaycan isə aldığı silahların pulunu ödəyir. Bu baxımdan Rusiya Azərbaycana silah satmaqda maraqlıdır.
 Ümumiyyətlə, Azərbaycan hava hücumundan müdafiə sistemini daim gücləndirib. Bu amil Ermənistanı qıcıqlandırmaya bilməz. Düzdür, Ermənistan narazılığını bildirsə də, Rusiyanın buna cavabı açıq şəkildə olub. D.Roqozin dəfələrlə bununla bağlı açıqlama verib ki, Rusiya Azərbaycanla bu məsələdə daima etibarlı iqtisadi tərəfdaşdır. Digər tərəfdən iqtisadi əlaqələrinin olması Rusiyanın silah sənayesinin rəhbərliyini Azərbaycanla daha yaxın münasibətlərə sövq edir. Bu da öz növbəsində Rusiyanın siyasətinə təsir edəcək bir məqama qədər yüksələ bilər. Rusiya heç vaxt iqtisadi tərəfdaşını tamamilə gücdən salmaq istəməz. Daim oradan xeyir götürməyə çalışar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz