Əlaqə Arxiv
news Image
2017.02.24
09:30
| A A A
Rusiya yenə Qarabağ münaqişəsinin həllini sürətləndirmək iddiasına düşüb
Qabil Hüseynli: “Rusiyanın təşəbbüsü ilə münaqişə tərəfləri arasında danışıqlar prosesi bərpa olunsa da, onun nəticə verəcəyini söyləmək o qədər də asan deyil” Elxan Şahinoğlu: “Həmsədrlər, özəlliklə də Rusiya problemin mərhələli şəkildə həllinə nail olmaq üçün Ermənistana təzyiq etmir”

Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqların yeni raundu başlayır. Həmsədrlər diplomatik durğunluğun yaranmaması üçün səylər göstərir. Prosesdə yenə Rusiyanın fəallığı müşahidə olunur. Münaqişənin masa arxasında çözülməsi yönündə Kreml səylərini artırıb. Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı  Edvard Nalbadyan arasında müzakirələr aparılıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Nalbadyanın ardınca rəsmi Bakı ilə də danışıqlar aparılacaq. 

Qeyd edək ki, keçən ilin aprelində Qarabağ cəbhəsində Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları fonunda Rusiya uzun müddət dalana dirənən danışıqlar prosesinə yenidən start verdi. Vyana və Sankt-Peterburq görüşləri baş tutdu. Lakin bununla da proses sanki bitdi. Rusiya, eləcə də digər həmsədr ölkələr  atəşkəsin elan olunmasına nail olmaqla, işlərini bitmiş hesab etdilər. Nəticə olaraq Ermənistan təcavüzkar siyasətindən hələ də əl çəkməyib. İndi görünür, Rusiya yenidən danışıqlar prosesini canlandırmaq istəyir. Həmin səbəbdən də Rusiya XİN-in rəhbəri Sergey Lavrov erməni həmkarı Nalbadyanla görüşüb. Ardınca da Moskvada anoloji görüşün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla olacağı gözlənilir.  
Politoloq Qabil Hüseynlinin fikrincə, Moskvanın yenidən aktivləşməsi fonunda belə münaqişə ətrafında danışıqlar prosesində irəliləyiş olacağı gözlənilmir: “Rusiya hər an Dağlıq Qarabağ problemini öz inhisarında saxlamağa çalışıb və bu gün də anoloji siyasətini yürüdür. Moskva bu hərəkətilə hər iki tərəfə öz təsir və təzyiqini göstərmək üçün istifadə edir. Bunun nəticəsidir ki, Ermənistan tamamilə Rusiyanın təsiri altındadır. 
Rusiya Cənubi Qafqaz bölgəsini, xüsusən də Ermənistanı özünün arxa bağçası hesab edir. Burada cərəyan edən prosesləri daim nəzarət altında saxlamaq istəyir. Dağlıq Qarabağla bağlı danışıqlar prosesini də yeniləmək istəyirlər. Amma bütün hallarda danışıqlar prosesində irəliyə doğru nəsə bir möcüzənin baş verəcəyini gözləmirəm. Ən azından məsələnin obyektiv və beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətində addımların atılacağını gözləmirəm. Çünki Rusiya birmənalı qaydada Ermənistanın mövqeyinə uyğun şəkildə hərəkət edir. Bu hərəkətlərini də son zamanlar ümumiyyətlə, gizlətmirlər. Rusiyanın təşəbbüsü ilə münaqişə tərəfləri arasında danışıqlar prosesi bərpa olunsa da, onun nəticə verəcəyini söyləmək o qədər də asan deyil. Çünki prosesdə həlledici rol Rusiyaya məxsusdursa, problemin ədalətli həllinə nail olmaq çətin olacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da əmin deyil ki, Rusiyanın yenidən fəallıq nümayiş etdirməsi Qarabağ münaqişəsinin həllində pozitiv yeniliyə gətirib çıxaracaq: “Rusiyanın danışıqlar prosesini intensivləşdirmək üçün fəallaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri yoxdur. Bunu son illər Moskvanın həyata keçirdiyi fəaliyyəti də göstərir. 
Rusiyanın bütün səviyyələrdə işğalçı Ermənistana dəstəyi də davam edir. Bu işğalçı ölkəyə silah verir, maliyyə ayırırlar. Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında dediyi kimi, həmsədrlər, özəlliklə də Rusiya, problemin mərhələli şəkildə həllinə nail olmaq üçün Ermənistana təzyiq etmir. Məsələ ətrafında yaranan bütün problemlərin kökündə də bu danayır”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz