Əlaqə Arxiv
news Image
2017.02.25
07:00
| A A A
Yeni aprel müharibəsi başlanır
Elman Nəsirov: “Mövcud vəziyyətdə cəbhə bölgəsində irimiqyaslı hərbi əməliyyatların yenidən təkrarlanması ehtimalı artır” Fikrət Sadıxov: “Erməni təxribatları güclənsə, aprel hadisələrinin yenidən təkrarlanması qaçılmazdır”

Məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi düşmənə qarşı daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib. Bütün bunlar hərbi əməliyyatların yenidən başlamasına gətirib çıxara bilərmi?
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, mövcud vəziyyətdə cəbhə bölgəsində irimiqyaslı hərbi əməliyyatların yenidən təkrarlanması ehtimalı artır: “Əslində, Dağlıq Qarabağ konflikti dondurulmuş münaqişə deyil. Bu, hər kəsə gün kimi aydındır. Kimlərsə buna şübhə ilə yanaşırdısa, aprel döyüşləri bu həqiqəti bir daha ortaya çıxardı. 
İndi əslində, bir dondurulmuş məsələ var, o da dondurulmuş diplomatiyadır. Münaqişə dodurulmuş deyil, dondurulmuş diplomatiya var. Çünki Ermənistan tərəfi heç bir halda danışıqlara getmək istəmir. Hər dəfə müxtəlif bəhanələrlə danışıqlardan yayınır. Təxribatlara əl atmaqla onsuz da dalana dirənmiş danışıqlar prosesinin tamamilə dayandırılımasına gətirib çıxaran addımlar atır. Bu nöqteyi-nəzərdən, qondarma rejimdə keçirilən qondarma referendum və paralel şəkildə cəbhə xəttində ağır artileriyadan istifadə etməklə təxribata əl atmaları bütün bu dediklərimizi təsdiqləyir. 
Azərbaycan Müdafiə Nazirliyinin də adekvat, çox kəskin reaksiyası hər birimizə bəllidir. Düşmənin hər bir təxribat əməlinə sarsıdıcı zərbələr endiririk. Ermənistan da bunu gözəl bilir. Bütün bunlar onu deməyə əsas verir ki, istənilən halda mövcud proses hərbi əməliyyatların daha geniş miqyasda inkişafına gətirib çıxara bilər. Aprel döyüşlərinin başlandığı zamanın bütün əlamətləri hazırda da ortalıqdadır. Bunun baş verməməsi üçün də ATƏT-in Minsk qrupu, digər beynəlxalq təşkilatlar Ermənistanı danışıqlar masası arxasında əyləşməyə məcbur etməlidir. Əks təqdirdə, cəbhədə gərginlik pik həddinə çatar. Ermənistanın təxtibat xarakterli əməlləri, təmas xəttində atəşkəsi ağır silahlardan istifadə etməklə pozması vəziyyəti istənilən an hərbi əməliyyatların başlana biləcəyinə qədər gərginləşdirə bilər. Aprel döyüşlərindən sonra onun yenidən təkrarlana biləcəyinə qətiyyən şübhə ilə yanaşmaq olmaz. 
Doğrudan da, Ermənistan tərəfinin təxribatlarına ATƏT-in Minsk qrupunun lazımı reaksiyası olmayacağı halda, hadisələrin ən mürəkkəb ssenarisini də proqnozlaşdırmaq olar. Hadisələr məhz arzuolunmaz ssenari üzrə inkişaf edərsə, bu halda bütün məsuliyyət Ermənistanın, ona himayədarlıq edən tərəflərin, ATƏT-in Minsk qrupunun və bütövlükdə beynəlxalq ictimaiyyətinin üzərinə düşəcək. Çünki onlar Ermənistanın belə təxribatlarına münasibətdə heç bir kəsərli və qətiyyətli addım atmırlar. Bu əsasda da Ermənistanda belə bir təsəvvür formalaşıb ki, onlar cinayət edə və cəzasız qala bilərlər. Tarix də göstərib ki, cinayətkar cəzasız qaldığının fərqində olanda, o şirniklənərək daha ağır cinayətlərə əl atır. Bu halda da fəlakətin miqyası daha da genişlənir və müharibə variantı tamamilə labüdləşir”. 
Politoloq Fikrət Sadıxov da bildirdi ki, Qarabağ cəbhəsində hərbi əməliyyatların yenidən alovlanması ehtimalı böyükdür: “Həqiqətən də Ermənistan son zamanlar yeni-yeni təxribatlara əl atmağa başlayıb. Onların bu təxribatlarını bir sıra səbəblərlə əlaqələndirmək olar. Ermənistanda aprelin əvvəlində parlament seçkiləri keçiriləcək. Görünür, məhz seçkilər ərəfəsi bəzi ermənilər cəbhədə qurban getməlidir ki, bu fonda İrəvanda oturan hakim rejim daha da güclənərək növbəti dəfə hakimiyyətini saxlaya bilsin. Amma hadisələr göstərir ki, bütün hallarda uduzan ermənilər olur. 
Keçən ilin aprelində baş verən hadisələr fonunda verdikləri qurbanlar və ağır məğlubiyyətləri indiyə kimi Ermənistan cəmiyyətində əks-səda doğurur. Orada vaxtaşırı narazılıq dalğası baş qaldırır və Sarkisyan əleyhinə çıxışlar olur. Tərəfdaşları da artıq Sarkisyandan üz döndərərək yeni partiyalar yaradırlar. Ona görə də düşünürəm ki, erməni təxribatları güclənsə, aprel hadisələrinin yenidən təkrarlanması qaçılmazdır. Ermənistan bu hərəkətilə hökmən bunu alacaq”.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz