Əlaqə Arxiv
news Image
2017.02.25
09:40
| A A A
İslam həmrəyliyinə indi bütün dünyanın ehtiyacı var
Birlik və həmrəyliyin Azərbaycan modeli hamı tərəfindən qəbul edilir

Müasir dövrdə dünyanın elə bir ölkəsi yoxdur ki, orada monokultur və monokonfessial cəmiyyət olsun. Min illər ərzində insanların müxtəlif səbəblərdən miqrasiya etməsi, elmin, incəsənətin, folklorun inteqrasiyası, əməkdaşlığın və tərəfdaşlığın inkişafı Yer kürəsini bütün insanların vətəninə çevirib. Amma bütün bunlarla yanaşı, hər kəsin doğulub böyüdüyü mühit, torpaq, dövlət və cəmiyyət mövcuddur. Hər kəsin inancı, ailə tərbiyəsi, qazandığı mədəniyyət, dünyagörüş tam fərqlidir və hec cür mümkün deyil ki, hamı eyni cür düşünsün, eyni cür geyinsin, yaxud birinin mentaliteti hamını qane etsin. Bu isə inkişaf dərəcəsindən asılı olmayaraq, bütün cəmiyyətlərə xas olan xüsusiyyətdir və bu uyğunsuzluq dövrümüzə qədər müxtəlif təbəqələr və etnik qruplar arasında münaqişələr yaşanmasının başlıca motivini formalaşdırıb. Rasizm, sionizm, faşizm və neofaşizm, islamofobiya, türkofobiya və digər bu kimi hallar söylənilən səbəblərdən doğan mənfi təzahürlərdir. 
Nə qədər ki, sərhədlər bağlı idi, dünya xalqlarının inteqrasiya prosesləri, qloballaşma başlamamışdı, sanki hər şey normal idi. Lakin bu proseslər start götürəndən sonra məlum olub ki, vəziyyət heç də düşündüyümüz kimi deyil və insanların dil tapıb yola getməsi məsələsində son dərəcə ciddi təbəddülatlar yaşanır. İndiyə qədər dünya ictimaiyyəti hər hansı problemin həllindən danışanda Avropanın inkişaf etmiş ölkələrini nümunə kimi misal göstərirdilər. Amma indi görün, müasir sivilizasiya adlandırdığımız Avropada nələr baş verir. Millətçilik ekstremizmi, irqşilik, islamofobiya və sairə bu kimi mənfi hallar getdikcə daha geniş yayılır və insani münasibətlərə xələl gətirir. 
Yaxın Şərqdə baş verənlər isə yalnız dəhşət saçır. İnanc etibarilə bir-birindən bir söz yaxud bir adətlə fərqlənən doğma qardaşlar bir-birinin qanına susayıb vuruşur, mənasız qan axıdırlar. Bu hadisələr fonunda adama elə gəlir ki, bu davanın sonu heç vaxt olmayacaq. Doğrudanmı belədir? Bizcə, yox! Xoşbəxtlikdən Azərbaycan adlı diyarda elə bir model yaranıb və inkişaf edir ki, bütün millətlər və inanclar üçün məqbul sayıla bilər. 
Millətlərin, xalqların, dinlərin sayına görə, Azərbaycan digər dövlətlərdən geri qalmır. Hətta ölkədə kifayət qədər kiçik etnik qruplar da mövcuddur. Burada bütün dünya dövlətlərinə aid olan bir eynilik var. Amma bu eyniliyin üfüqündə heç də hamıya xas olmayan, yaxud da hamının çata bilmədiyi bir əzəmətlilik də duyulur. Bu, insanların dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, birgə yaşamaq keyfiyyətini əxz etməsidir. Dünyanın dörd bir tərəfindən gələn səyyahlar-alimlər, ictimai xadimlər, dövlət adamları bu xüsusiyyətinə görə Azərbaycan xalqını dəyərləndirir, hörmət və məhəbbətini bildirir. Həqiqətən Azərbaycan öz təbii sərvətləri ilə yanaşı, mənəvi və mədəni dəyərləri ilə Yer kürəsinin ən varlı bölgələrindən biridir. Mütəxəssislər xalqların yaşam tərzinə görə, artıq Azərbaycan həyat tərzini model kimi görür və təqdir edirlər. Ölkənin multikultural və multikonfessial həyatı hamı tərəfindən yüksək dəyərləndirilən keyfiyyət sayılır və öyrənilib tətbiq edilməsi tövsiyə olunur. Bu mənada yaxın gələcəkdə Azərbaycan dəyərlərinin hər yanda hakim olmasını gözləmək olar. Bunun üçün ölkədə kifayət qədər resurslar yetişib. Elə bu səbəbdəndir ki, Azərbaycanın müsafirləri ildən-ilə çoxalır və onlar bu diyardan vətənlərinə dostluq və həmrəylik düşüncəsi aparırlar. Bu isə o deməkdir ki, Azərbaycan həm də dünyanın həmrəylik mərkəzinə çevrilir.

N.NOVRUZ 
  

Sizin Reklam Yeriniz