news Image
2017.03.01
09:00
| A A A
Ermənilərin hərəkətinə dünyada laqeyd münasibət müharibəni alovlandırır
Elman Məmmədov: “Həmsədr ölkələr erməni təxribatlarına lazımı reaksiya verməməklə son nəticədə Ermənistan dövlətinin mövcudluğunu belə sual altına qoyacaqlar” Azər Həsrət: “Beynəlxalq ictimaiyyətin bu susqunluğu ikili standartlardan, xristian təəssübkeçliyindən qaynaqlanır”

Cəbhədə ermənilərin ardı-arası kəsilmədən diversiya hərəkətlərinə beynəlxalq ictimaiyyət, o cümlədən Minsk qrupunun həmsədrləri tərəfindən lazımi reaksiya verilmir. Düşmənin cəbhədə təxribatlarının artmasında bu amilin də rolu az deyil. 

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, həmsədr ölkələr erməni təxribatlarına lazımı reaksiya verməməklə son nəticədə Ermənistan dövlətinin mövcudluğunu belə sual altına qoyacaqlar: “ATƏT-in Minsk qrupunda olan həmsədr dövlətlərin Ermənistanla bağlı mövqeləri tarixən məlumdur. Bu dövlətlərin hər üçü ermənilərin köçürülüb tarixi Azərbaycan torpaqlarında məskunlaşması və bizim torpaqlarda Ermənistan adlı dövlətin yaradılmasına səbəb olan dövlətlərdir. Təbii ki, hazırda da onlar həmin siyasəti yürüdürlər. Onların bu münasibəti, mövqeyinin nəticəsidir ki, Ermənistan özünü cəzasız hiss edir. Ancaq onlar bu hərəkətlərilə erməniləri o qədər arxayın edəcəklər ki, son nəticədə Birinci Dünya Müharibəsində baş verən vəziyyət təkrarlanacaq. 
Həmin dövrdə sözügedən dövlətlər erməniləri həvəsləndirərək Türkiyə daxilində türklərə qarşı üsyana qalxmağa sövq etdilər. Bu fonda ermənilərə Türkiyə ərazisində dövlət yaradacaqlarına söz vermişdilər. Həmin hadisələrlə bağlı  son nəticənin nə olduğu məlumdur. İndi də həmsədr ölkələr erməniləri arxayın edib elə bir vəziyyətə gətirəcəklər ki, son nəticədə indiki Ermənistan dövlətinin mövcudluğu belə sual altında qalacaq. Həmsədr ölkələr son olaraq erməniləri belə bir vəziyyətə salacaqlar. Bu gün də ermənilər təxribatlar törədir, amma cəzasız qalırlar. Cəsədlərin qaytarılması zamanı min cürə təxribatlara yol verirlər. 
Serj Sarkisyan hakimiyyətinin ömrünü uzatmaq, siyasi dividend qazanmaq üçün cinayətlərini davam etdirir. Azərbaycan Ordusu onlara layiqli cavab verir, ermənilər sarsıdıcı zərbələr alırlar. 5 nəfər Azərbaycan əsgəri şəhid olub, ermənilərin itkilərinin sayı isə yüzlərlədir. Yəni, nəticə göz önündədir. Ermənilər işğalçı siyasətlərindən əl çəkmədikcə, bundan da betər olacaqlar. Ona görə də həmsədr ölkələr, başqa beynəlxalq qurumlar ədalətli mövqe tutmaqla erməniləri başa salmalıdırlar ki, artıq Azərbaycan torpaqlarından çıxmaq vaxtıdır. Bölgədə sülh yaranmalıdır. Nə qədər ki, işğalçı qoşunlar Azərbaycan ərazisindədir, nə atəşkəs, nə də sülh olacaq. Yeganə yol torpaqlarımızın işğaldan azad edilməsidir. Ondan sonra başqa qonşular kimi ermənilərlə də normal  qonşuluq münasibətində yaşamaq mümkün olar”. 
Siyasi icmalçı Azər Həsrətin fikrincə, cəbhə bölgəsində erməni təxribatlarının artmasına rəğmən, beynəlxalq ictimaiyyətin buna ümumən susqun münasibət bəsləməsinin kökündə Azərbaycan Ordusunun güclü olması, Ermənistan ordusunu dəfələrlə üstələməsi kimi amillər dayanır: “Ümumiyyətlə, dövlət olaraq da Azərbaycanın imkanları Ermənistandan qat-qat yüksəkdir. Təbiidir ki, müharibə olacağı şəraitdə Azərbaycan mütləq şəkildə Ermənistanı darmadağın edəcək. Bu amil keçən ilin aprelində, habelə son günlər də özünü göstərdi. Fəal hərbi əməliyyatlar da Azərbaycan Ordusunun düşməndən dəfələrlə üstün olduğunu açıq şəkildə dünyaya göstərdi. Ona görə də Rusiya başda olmaqla, həmsədr ölkələr və onlara bənzər digər qurumlar balansı Ermənistanın xeyrinə dəyişməyə çalışırlar. Bu fonda da verdikləri bəyanatlarında təəssüf ki, uyğunsuz və qeyri-obyektiv mövqelərə şərait yaradırlar. Son hadisələrlə bağlı da Minsk qrupunun bəyanatında hansısa neytral ərazilərdən söhbət gedir. Halbuki heç bir neytral ərazidən söhbət gedə bilməz. Çünki hadisələr Azərbaycanın BMT tərəfindən tanınmış əraziləri daxilində baş verib. 
İkinci bir tərəfdən, faktiki olaraq, Azərbaycan dinc şəkildə məsələni həll etmək istəyir. Lakin Ermənistan müxtəlif bəhanələrlə məsələnin həllinə əngəl olmaqda davam edir. Bu əsasda yaxşı olardı ki, Minsk qrupu həmsədrləri və onlarla həmahəng səs-səsə verib bəyanat yayan qurumlar Ermənistanın bu hərəkətini görüb sərt şəkildə onlara reaksiya verərdilər. Amma bunu etmirlər. Əksinə, az qala Azərbaycanı öz ərazisində hərbi əməliyyatlar aparmağa görə ittiham edirlər. Azərbaycan öz sərhədləri çərçivəsində hansısa antiterror əməliyyatları aparmaqda sərbəstdir. Bütün bunlara görə heç kim bizi ittiham edə bilməz, bunu etməyə haqları da yoxdur. Yəni, demək istəyirəm ki, xarici dairələr məsələyə münasibətdə həmişə olduğu kimi yenə də ikili standartlardan yanaşırlar. Onlar Azərbaycana qarşı ədalətsilzlik nümayiş etdirirlər. Bunun da səbəbləri hər kəsə bəllidir. 
Həmsədr ölkələr məsələyə həmçinin xristian təəssübkeşliyi prizmasından baxırlar. Digər tərəfdən, Qərbin çaldığı oyuna oynamayan Azərbaycan dövlətini ram etmək üçün də bu kimi vasitələrdən istifadə edirlər. Azərbaycan Ermənistandan fərqli olaraq heç bir xarici dövlətlə hesablaşmır. Belə olan şəraitdə beynəlxalq güclər ölkəmizi hansısa formada ram etmək üçün əllərinə düşən hər vasitədən istifadə etməyə çalışırlar. Ermənistan isə müstəqil deyil. Rusiyanın vassalıdır, eyni zamanda Qərbdəki bəzi dairələrin çaldığı istənilən havaya oynamağa hazırdırlar. İkili standartdan yanaşmanın əsas səbəbləri məhz bunlardır”.
Rüfət NADİROĞLU

money.az currency