Əlaqə Arxiv
news Image
2017.03.01
11:23
| A A A
Leyla Əliyeva Moskvada Xocalı soyqırımından danışdı - foto

Fevralın 28-də Moskvada, “Ukrayna” mehmanxanasının konqres salonunda “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Əbədi xatirə” adlı gecə keçirilib.

Movqe.az-ın məlumatına görə, Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən təşkil edilmiş xatirə gecəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Konqres salonunun foyesində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən ədəbiyyat, bukletlər təqdim olunub, “Xocalının 25 sakininin taleyi” adlı sərgi açılıb. Stendlərdə Xocalı dəhşətini yaşamış insanların həyat hekayətləri təqdim edilib. “Xocalının 25 sakininin taleyi” bukleti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!“ beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində nəşr edilib.

Konqres salonunun foyesində quraşdırılan böyük monitorlarda Xocalı faciəsindən bəhs edən videomateriallar nümayiş olunub.

Leyla Əliyeva deyib: 

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 30 ilə yaxındır ki, davam edir, torpaqlarımızın 20 faizi işğal altındadır, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Azərbaycan həmişə öz tolerantlığı ilə tanınan sülhsevər ölkədir. Əsrlərdir ölkəmizdə müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri dinc şəraitdə yaşayır, qonşu ölkələrlə mehriban münasibətlərimiz var. Amma bu gün rəhmsiz olmağa hazırıq, çünki ərazi bütövlüyümüzü müdafiə edirik, öz torpağımız uğrunda mübarizə aparırıq”.

2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının start götürdüyünü xatırladan Leyla Əliyeva deyib: 

“Kampaniya dünya birliyinə bu dəhşətli faciə haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır. Bu günlər dünyanın, demək olar, bütün ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilir. Biz konfranslar, seminarlar, sərgilər təşkil edir, filmlər çəkir, kitablar nəşr edirik. Bu günlərdə Vilnüs, Bern, Afina, London və Parisdə matəm konsertləri olub, Berlində sərgi təşkil edilib, Bosniya və Herseqovinada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Xocalıda baş verən dəhşətlərdən söhbət açan “Sonsuz dəhliz” filminin bu yaxınlarda ABŞ-da təqdimatı olub. Bu film münaqişə tərəflərinin heç birinə aidiyyəti olmayan, böyük bəşəri dəyərlərə malik insanlar tərəfindən çəkilib”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, beynəlxalq ictimaiyyət və təşkilatlar özlərini yalnız kənar müşahidəçi kimi aparıblar və keşiyində durmalı olduqları bütün yüksək prinsip və idealların Azərbaycanda necə tapdalandığını səssiz müşahidə etməyə üstünlük veriblər. Bu amansız gecənin “müəllifləri” layiq olduqları cəzanı almayıblar. Diplomat deyib: 

“Mən ölkəmin səfiri, mədəniyyət xadimi, zəngin həyat təcrübəsi olan bir insan kimi Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması prosesinin təşəbbüskarı olduğuna görə Leyla Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Təsadüfi deyil ki, “ədalət” kampaniyanın əsas sözüdür. Əminəm ki, Xocalıya münasibətdə ədalətin təntənəsinə nail olmaq təkcə bu faciənin qurbanlarının xatirəsi qarşısında borcumuz deyil, həm də öz xalqlarının gələcəyinə və bütövlükdə dünyaya görə məsuliyyət daşıyan bütün insanların vəzifəsidir”.

Sizin Reklam Yeriniz