news Image
2017.03.07
09:45
| A A A
ABŞ Qarabağ siyasətini dəyişir?!
Aydın Ağayev: “ABŞ Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq Qarabağ problemini çox yaxşı başa düşür” Elşən Manafov: “ABŞ problemin çözülməsi istiqamətində sərgilədiyi mövqeyi bundan sonra da davam etdirəcək”

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək". Bunu ABŞ dövlət katibi Reks Tillerson deyib. Vaşinqtondakı Xarici Siyasət İnstitutunun təhlilçisi Maykl Çeçire də bu fonda «Amerikanın Səsi» radiosuna müsahibəsində ABŞ-ın yeni administrasiyasının Qafqaz bölgəsində mümkün siyasəti ilə bağlı çox maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, yeni administrasiyanın təkcə Cənubi Qafqaz bölgəsi deyil, bütünlüklə Avrasiya regionu ilə bağlı əsas prioritetlərinin nədən ibarət olunacağına dair qeyri-müəyyənliklər var, amma ABŞ-ın bölgədə fəallaşması da istsina olunmur.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, belə ümumi xarakterli ifadələr bir nəticəyə gəlməyə imkan vermir: “ABŞ Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq Qarabağ problemini çox yaxşı başa düşür. Bilir ki, Minsk qrupundakı üçlükdə başqa iki dövlət də var. Əlbəttə ki, onlar digər həmsədr ölkələrlə birlikdə prosesi izləyirlər. Ola bilər, aralarında məsələ ilə bağlı müəyyən əlaqələr də var. Problemlə bağlı onların hansısa düşüncələri də ola bilər. Amma yeni dövlət katibi Tillersonun fikirlərindən dərin nəticələr çıxartmaq lazım deyil. 
Verilən bəyanatlar dəfələrlə eşitdiyimiz ümumi ibarələrdən ibarətdir. Bu tip ümumi ibarəli bəyanatları təkcə ABŞ tərəfi deyil, digər iki həmsədr ölkə də dəfələrlə səsləndirib.  Belə ümumi xarakterli ifadələr isə bir nəticəyə gəlməyə, hansısa məna çıxartmağa imkan vermir. Düzdür, ABŞ-ın yeni adminstrasiyasında proseslə bağlı maraq var. Diplomatik çalışmalar da göz önündədir. Fransa, Rusiyada da mövzuya dair son zamanlar müxtəlif şərhlərin sayı artıb. Amma nə fayda. Reallıqda nə baş verdiyini nə şərhçilər, nə də qeyri-kimsə bilmir. Ermənistanın götürdüyü aqresiv xətt nəticəsində proses dalana dirənib.  Son həftələr təmas xəttində baş verənlər də bütünlüklə Ermənistandan qaynaqlanır. 5 il bundan qabaq Ermənistan əhalisi indi hakimiyyətdə olan quldurlara indiki qədər nifrət etmirdi. Amma indi bu nifrət getdikcə dərinləşir, ermənilər, o cümlədən onlara himayədarlıq edənlər də bunu bilir. Lakin bunların hamısının problemin həllinə heç bir təsiri yoxdur. Kimsə öz daxili problemləri, kimsə seçki məsələlərilə məşğuldur, kimsə də hansısa dövlətlə problemləri öz xeyrinə çözmək istəyir. Arada da ərazi bütövlüyümüzün pozulması məsələsi onlar üçün bir kart kimi istifadə olunur. Bu situasiyada bir addım belə geri çəkilməməliyik, daim öz prinsipial mövqeyimizdə qalır və qalacağıq. Baxmayaraq ki, qondarma referendumdan sonra beynəlxalq aləmdən daha ciddi təpki olacağını gözləyirdik. Lakin bunu da görmədik. Ermənistan burada bu və ya digər dərəcədə təsir gücü olan dövlətlərdən yapışmaqla açıq şəkildə müharibə avanturasına gedir. Bunun qarşısında Azərbaycan tək dayanıb və dayacanaq. Əlbəttə, Azərbaycanı başa düşən, mövqeyimizi bölüşən, mənəvi, siyasi və digər yardımları göstərən dövlətlər də var. Azərbaycan siyasəti bu illər ərzində vəziyyəti xeyli dərəcədə öz xeyrinə dəyişə bilib. Amma qarşıda hələ çox işlər var. Ona görə yekun olaraq bildirirəm ki, problemin beynəlxalq hüquq çərçivəsində həllinə dair ciddi mesajlar gəlsə, dərhal da düzgün qiymətləndiriləcək. Lakin indilikdə bu mesajları görmürük”.
Politoloq Elşən Manafov ümid edir ki, Donald Trampın zamanında da ABŞ Qarabağla bağlı sərgilədiyi mövqeyi davam etdirəcək: “Trampın prezident seçilməsindən sonra bir sıra ekspertlər bu qənaətə gəldilər ki, ABŞ sovet məkanındakı bir sıra münaqişələrə münasibətdə düzəlişlər edəcək. Hətta ABŞ-ın postsovet məkanını Rusiyaya güzəştə gedəcəyilə bağlı müəyyən ehtimallar da var idi. Ancaq bu günlərdə ABŞ Dövlət Departamenti növbəti dəfə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etdi. 
ABŞ-ın Ukrayna məsələsilə bağlı seçki öncəsi səslənən fikirlər də özünü doğrultmur. Tramp hakimiyyəti də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcəyini bəyan edib. Bu, onu göstərdi ki, məsələ heç də seçkilərdən öncə bəzi ekpertlərin düşündüyü kimi deyil. ABŞ özlərinin marağı olan bölgələrdə güzəştlərə getmək fikrindən uzaqdır. Düşünürəm ki, ABŞ-ın yeni dövlət katibinin Qarabağ problemilə bağlı söylədiyi fikirləri də əslində, müəyyən mənada Azərbaycan diplomatiyasının xeyrinə olan fikirlər kimi qeyd etmək olar. ABŞ bölgədə fəal şəkildə təmsil olunub. Vaşinqton Bakı ilə əməkdaşlıq edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol da bəllidir.  Bu mənada düşünmürəm ki, ABŞ Dağlıq Qarabağ probleminin həllilə bağlı məsələdə Rusiyanın xeyrinə hər hansı bir ciddi güzəştə getsin. Görünür, bu məsələdə Tramp Rusiyanın ümidlərini doğrultmayacaq. Ona görə güman edirik ki, ABŞ problemin çözülməsi istiqamətində sərgilədiyi mövqeyini bundan sonra da davam etdirəcək. Bu isə ən azı danışıqlarda Ermənisanın lehinə vəziyyətin dəyişməsinin qarşısının alınmasında öz sözünü deyəcək”.

Rüfət NADİROĞLU


  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs