Əlaqə Arxiv
news Image
2017.03.07
09:54
| A A A
Ermənilər erməni əsgərlərinin Qarabağı tərk etməsini istəyir
Elşən Mustafayev: “Bu tip müraciətlərin sayının artması Ermənistan daxilində münaqişənin həlli prosesinə Azərbaycanın haqlı mövqeyi prizmasından baxanların sayının artmasına gətirib çıxaracaq”

Ermənilər özləri işğal edilmiş ərazilərimizdə qanusuz olaraq yerləşən əsgərlərinə müraciət edirlər ki, Qarabağdan çıxıb getsinlər. Artıq erməni jurnalist Syuzan Caqinyan, hüquq müdafiəçisi Vaan Martirosyan, Ermənistan vətəndaşı Sergey Culakyanın belə müraciəti olub. 

Qeyd edək ki, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulan erməni əsilli insanların da sayı artmaqdadır. Belədə görürük ki, Ermənistanda getdikcə daha çox insan Azərbaycanın haqq mövqeyini dəstəkləyir. Onlar Serj Sarkisyan rejimi tərəfindən təzyiqlərə baxmayaraq, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bəyan edirlər. Hətta son zamanlar Ermənistanda oğullarının işğal edilmiş Azərbaycan torpaqlarına göndərilməsinə etiraz edən əsgər analarının da fəaliyyəti genişlənib. 
Politoloq Elşən Mustafayev bildirdi ki, işğal etdikləri ərazilərdə məskunlaşan erməni əsgərlərinə edilən bu tip müraciətlərin sayının artması Ermənistan daxilində münaqişənin həlli prosesinə Azərbaycanın haqlı mövqeyi prizmasından baxanların sayının artmasına gətirib çıxaracaq: “20 ilə yaxındır ki, Ermənistan hakimiyyətini bir klan zəbt edib. Köçəryan, Sarkisyan da məhz Qarabağ klanının nümayəndələridir.  Apreldə baş tutacaq parlament seçkiləri ilə də sözügedən klan hakimiyyətdə qalmaq istəyir. Amma məsələ ondadır ki, bu klanın nüfuzu günü-gündən aşağı düşür. Dağlıq Qarabağ dalğası fonunda hakimiyyətə gəlmiş bu klan isə prosesin həll edilməsində maraqlı deyil. Çünki problemin həlli fonunda işğal edilmiş ərazilər beynəlxalq normalara uyğun olaraq Azərbaycana qaytarılacaq. Sirr deyil ki, hazırda Dağlıq Qarabağda qanunsuz olaraq hərbi xidmət keçən ermənilərin böyük əksəriyyəti Ermənistandan hərbi xidmətə çağırılan əsgərlərdir. Hətta işğal edilmiş ərazilərimizdə ermənilərin törətdikləri təxtibatlar nəticəsində
ölən ermənilərin  əksəriyyəti məhz Ermənistan vətəndaşı olub. Bu fonda artıq iki ilə yaxındır ki, Dağlıq Qarabağ məsələsində Ermənistanda əks fikirlər də formalaşmağa başlayıb.  Onlar haqlı olaraq narazılıqlarını bildirirlər ki, 20 ildən artıqdır Dağlıq Qarabağın işğal altında saxlanılması birinci növbədə Ermənistranın özü üçün ciddi problemlər yaradır. Ermənistan üçün bu fonda yaşanan ciddi problemlərin əsasında da iqtisadi amil dayanır. Ermənistan iqtisadi cəhətdən ağır durumda qalmaqda və daha çətin vəziyyətə düşməkdədir. 
Digər tərəfdən də artıq mütəmadi olaraq Ermənistan əsgərlərinin cənazələri ölkəyə gətirilir. Bu fonda da rejimdən narazılıq artır. Artıq bu ölkədə əhalinin böyük bir hissəsi Sarkisyan rejimindən narazılığını gizlətmir. Hesab edirəm ki, Ermənistanda artıq Dağlıq Qarabağa maraq ildən-ilə azalır. Onlar bildirirlər ki, Dağlıq Qarabağ nə müstəqil olmayacaq, nə də Ermənistana birləşdirilməsi baş tutmayacaq. Belə olan halda nədən övladları gedib özgə torpaqlarda həlak olmalıdır. 
Həmçinin bir klanın 20 ilə yaxındır hakimiyyətdə olması da Ermənistan əhalisinin səbr kasasını doldurub. Ona görə hesab edirəm ki, aprel seçkiləri ərəfəsi Sarkisyan rejiminə qarşı çıxan qüvvələr sözügedən istiqamətdə daha ciddi işlər görməyə çalışacaq ki, əhali seçkilərdə hakim partiya nümayəndələrinə səs verməsin. Sadə erməni insanları mövcud vəziyyətdən cana doyub. Onlar anlayırlar ki, Dağlıq Qarabağ konflikti qaldıqca, həyatları da puç olaraq qalmaqda davam edəcək. Ona görə də artıq getdikcə daha çox erməni insanı işğal olunmuş Azərbaycan torpaqlarına göndərilən əsgərlərinə Dağlıq Qarabağdan çıxıb getməklə bağlı müraciət ünvanlayırlar. Erməni əsgərlərinə ünvanlanan bu sayaq çağırışların artması gözləniləndir. Fikirlərin bu şəkildə açıqlanması və bu tip çağırışların artması fonunda belə iqtidarda qalacağı təqdirdə Sarkisyan hakimiyyətinin güzəştə gedəcəyini gözləmirəm. Əhalinin 80 faizi Ermənistan əsgərlərinin Qarabağa göndərilməsinin əleyhinə olsa da belə, Sarkisyan hakimiyyətdə qalacağı təqdirdə, prosesdə irəliləyiş olacağını düşünmürəm. Ona görə də ilkin olaraq Dağlıq Qarabağ probleminin həllinin Ermənistan tərəfidən yolu hakimiyyətdə olan klan rejiminin dəyişdirilməsindən keçir. Yalnız bu fonda yeni qüvvələrin gələcəyi halda problemin daha tez həlli olunacağına ümid etmək olar. Dağlıq Qarabağın müstəqil olması fikri erməni insanının beynindən təmizlənərsə, o zaman Sarkisyanın yerinə gələn digər hakimiyyət danışıqlara da rahat şəkildə gedəcək. Ona görə də Ermənistanda Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu barədə səslənən fikirlər genişlənməlidir. Belə düşüncə geniş vüsət alarsa,  növbəti Ermənistan iqtidarı da Qarabağ danışıqlarında müəyyən güzəştlərə gedə bilər. Yəni, əksər erməni insanında sağlam düşüncənin yaranması gələcəkdə problemin dinc yolla həllinə xidmət edə bilər. Amma Sarkisyan dönəmində bu mümkün olmayacaq. Belədə isə münaqişənin həlli ancaq müharibə yolu ilə mümkün olacaq ki, aprel hadisələrinin yenidən təkrar olunması isə Ermənistanı daha ağır vəziyyətlə üz-üzə qoyacaq”.  

Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz