news Image
2017.03.10
10:00
| A A A
Status-kvodan artıq ermənilər də narazılıq edir
Sarkisyan rejimi bütün xalqı öz mənafeyinə qurban verir

 “Ermənistan Milli Konqresi”nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan Kotayk vilayətində seçicilərlə görüşündə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı indiki status-kvo özünü doğrultmur: “Bu gün Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunmasının yeganə yolu və imkanı sülhün əldə edilməsidir. Status-kvonu saxlamaq siyasəti özünü doğrultmur”.

Müxalif siyasətçi bildirib ki, ATƏT-in Minsk Qrupunun hələ 90-cı illərin ortalarında tərəflərə təqdim etdiyi nizamlama planı hazırda da müxtəlif modifikasiyalar altında danışıqlar masası üzərindədir. Zurabyan təmsil etdiyi blokun Qarabağ münaqişəsinin nizamlanmasının kompromislər yoluyla mümkün olduğunu deyib. Onun sözlərinə görə, əsas məsələ budur ki, xalq atəşkəs razılaşması ilə sülh razılaşmasının arasındakı böyük fərqi başa düşsün.
Üç ay əvvəl, partiyanın 2016-cı il dekabrın 17-də keçirilmiş qurultayında “Ermənistan Milli Konqresi”nin lideri, eks-prezident Levon Ter-Petrosyan çıxışı zamanı indiki hakimiyyətin Qarabağ siyasətini tənqid edib, bunun Ermənistanı və Dağlıq Qarabağ ermənilərini uçuruma apardığını deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi nizamlanmasa ermənilərin qalan problemlərinin heç biri həll edilməyəcək. Ter-Petrosyan Qarabağ münaqişəsinin həllinin ancaq mərhələli yolla mümkün olduğunu və buna görə də seçkilərə Qarabağda sülh, barışıq və xeyirxah qonşuluq devizi ilə qatılacaqlarını elan edib.
Keçmiş prezidentdən fərqli olaraq  Sarkisyan rejiminin tamamilə davakar əhval-ruhiyyədə köklədiyi erməni cəmiyyəti Ter-Petrosyanın barışıq və kompromislərə dair çağırışlarına hələlik tam dəstək vermir, amma bu mövqeyi dəstəkləyənlər də var.  
Ümumiyyətlə, Ermənistanın hazırkı rəhbərliyi Qarabağda törətdiyi cinayətkar əməllərə görə sülhə gedə bilmir. Çünki, sülhə razılaşmaq onun özünə qəbir qazması deməkdir. Amma digər tərəfdən sülhün olmaması ucbatından Ermənistan regiondakı bütün innovativ layihələrdən geri qalıb, iqtisadiyyatını yüksəldə bilmir və nəticə etibarilə bütövlükdə ölkə üçün qəbir qazılır. Yəni, əslində Sarkisyan rejimi bütün xalqı öz mənafeyinə qurban verir. 
Bu günlərdə “Amerikanın Səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədrli Ceyms Uorlik deyib: “Mən insanları eşitmək istərdim, çünki Ermənistanda və Azərbaycanda insanlar hesab edirlər ki, sülhün və prezidentləri tənzimlənmə yolu ilə getməyə vadar etməyin vaxtı çatıb”. Onun sözlərinə görə, “status-kvo”nun qorunub saxlanması sülhə gətirməyəcək. “Status-kvo qeyri-sabitdir, o, müharibə təhlükəsini daha inandırıcı edir, sülh isə regionda hər şeyi dəyişəcək. Bu, Ermənistana yeni imkanlar açacaq, iqtisadi artıma səbəb olacaq” – deyə Uorlik fikrini yekunlaşdırıb.
Ötən payız Bakıda təsis edilən “Sülh Platforması”na qoşulan ermənilərin və beynəlxalq ictimaiyyət nümayəndələrinin sırası da gündən-günə genişlənir. Ermənistan əhalisinin sadə nümayəndələri tez-tez özlərinə sual verirlər: “Axı, biz niyə pis yaşayırıq?”, “Axı, niyə bizim balalarımız Azərbaycan torpağında vuruşub ölməlidirlər?” Cavab isə sadədir: Sarkisyan rejimi Azərbaycan torpaqlarının işğalını davam etdirir. Ermənistanın xaricdə yaşayan görkəmli ziyalılarının xalqı bütün bəlaların səbəbkarı olan Sarkisyan rejiminə qarşı silahlı üsyana çağırmaları da vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Belə görünür ki, Qarabağda sülh üçün xalqın ayağa qalxacağı gün uzaqda deyil.
N.NOVRUZ 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs