Əlaqə Arxiv
news Image
2017.03.29
07:00
| A A A
Düşmən üçün qiyamət ssenarisi
İbrahim Rüstəmli: “Hərbi potensialına görə Azərbaycandan qat-qat geridə qalan Ermənistan digər tərəfdən daha böyük əhəmiyyətə malik məsələlərdə də təşəbbüsü çoxdan əldə verib” Məhəmməd Əsədullazadə: “Azərbaycanın çox güclü artilleriya və raket sistemi düşmənin nəinki Qarabağda, hətta Ermənistandakı hərbi obyektləri vurmağa qadirdir”

Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan prezidenti Serj Sarkisyanın "İsgəndər" operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib. Bəyanatda qeyd olunur: "Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir. Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir".

Mütəxəssislərin fikrincə, düşmən ölkə Azərbaycan Müdafiə Nazirliyinin bu xəbərdarlığından öıçü götürməlidir. Bildirilir ki, düşmənin malik olduğu bir neçə raket hansısa əhəmiyyət daşımır. 
Ehtiyatda olan polkonik-leytenant İbrahim Rüstəmli bildirdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərt bəyanatını xəbərdarlıq kimi dəyərləndirmək sadəlövhlük olardı: “Çünki bəyanatda vurğulananlar nəyinsə xətrinə ifadə olunmuş gəlişi gözəl fikirlər deyil. Bu fikirləri özünümüdafiə instinkti kimi xarakterizə etmək də diqqəti əsas məqamlardan yayındıra bilər. Yəni, bu gün Azərbaycan Ordusunun əsl döyüş imkanları gələcəkdə baş verməsi ehtimal olunan savaş əməliyyatlarında daha dəqiq, daha böyük, daha çevik şəkildə üzə çıxacaq. Onda elə ilk növbədə Ermənistanın özü  indiki durumda nə qədər bağışlanılmaz yanlışlığa yol verdiyini anlayacaq və real vəziyyətlə bağlı daha dolğun təsəvvürə malik olacaq. 
Ola bilsin, o zaman artıq iş işdən keçsin. Amma bütün hallarda Azərbaycan bu gün Ermənistanla, obrazlı desək, “qaçdı-tutdu” oyunu oynamaq kimi daxili auditoriya üçün hesablanmış xəyali gedişlərdən xeyli uzaqdır. Bizim ən böyük üstünlüyümüz də elə məhz bundan ibarətdir. Yəni, ölkəmizdə Dağlıq Qarabağ problemilə bağlı konkret mövqe və məqsədin ortaya qoyulması, məntiqi olaraq, konkret ideoloji prinsipin formalaşmasına gətirib çıxarıb. Belə bir məqamda Azərbaycanla silah dililə danışmaq bir qədər gülməli səslənir. Çünki onsuz da hərbi potensialına görə Azərbaycandan qat-qat geridə qalan Ermənistan digər tərəfdən daha böyük əhəmiyyətə malik məsələlərdə də təşəbbüsü çoxdan əldə verib”. 
Polkovnik-leytenant əlavə etdi ki, hansısa xalqın haqqına girmək, ərazilərini işğal etmək nəzəri cəhətdən heç vaxt özünü doğrultmayıb: “Praktikada da belədir. Tarix, zorundan aslı olmayaraq, bütün işğalçı gücləri hansısa şəkildə  əvvəl-axır öz xanasınadək qovub, öz xarabasında otuzdurub. Sadəcə, geci-tezi var. Bu mənada düşmən tərəfin malik olduğu bir neçə raketin hansısa əhəmiyyəti haqqında danışarkən, ilk növbədə onu deməliyəm ki, ola bilsin, erməni iqtidarı bu silahlardan üstümüzə iki-üç raket atsın. Ancaq bu zaman gərək unutmasın ki, o silahların lülələri gələcəkdə elə onların özləri, yəni Sarkisyan hökuməti üçün çox ciddi problemlər yaşadacaq. O üzdən İrəvanın "İsgəndər" gedişini yerli ictimaiyyət üçün nəzərdə tutulmuş “sakitləşdirici” hesab edirəm. Çünki düşmənin özü də Azərbaycanın hansı (hərbi) potensiala malik olduğunu çox gözəl bilir”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağa qanunsuz  səfəri çərçivəsində hərbi təlimlərə qatılması və Azərbaycana qarşı "İsgəndər" operativ-taktiki raketlə hədələməsi, danışıqlar prosesinə daha bir zərbə vurdu: “Həmçinin daxili auditoriyası üçün hesablanmış bir siyasi gedişdir.  Ümumiyyətlə, erməni dövlət başçısının bu kimi bəyanatları diqqətə alınmalı və lazımi tədbirlər həyata keçirilməlidir. 
Azərbaycan MN-nin S.Sarkisyanın bəyanatına cavab olaraq yazılı bəyanatı Ermənistan üçün çox ciddi xəbərdarlıqdır. Azərbaycanın çox güclü artilleriya və raket sistemi düşmənin nəinki Qarabağda, hətta Ermənistandakı hərbi obyektləri vurmağa qadirdir. Əgər Ermənistan “İsgəndər”dən istifadə etsə, (praktiki bu, mümkün deyil) bu raketlər dərhal havada məhv ediləcək.  Bundan sonra Ermənistan üçün qiyamət baş verər. Ermənistan hakimiyyəti Azərbaycanın çox güclü müasir raket arsenalına malik olduğunun fərqindədir. Ona görə də “İsgəndər” raketlərinin istifadəsi real deyil”. 
Politoloq əlavə etdik ki, Ermənistan Rusiyanın verdiyi raketlərə malikdir: “Bura "Buk" və "Skad" raketləri daxildir. Bu raketlərdən hədəfləri dəqiq vurmağı mümkün deyil. Azərbaycanın raketdən müdafiə sistemi onları neytrallaşdırmağa qadirdir. Ermənistana hazırda Gürcüstan ərazisi ilə hərbi yüklər daşınır. Bu hərbi təyinatlı yüklərdə müxtəlif silahların olması qaçılmazdır.  Buna baxmayaraq, Ermənistan Azərbaycanla silah yarışına girmək iqtidarında deyil”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz