Əlaqə Arxiv
news Image
2017.03.29
09:00
| A A A
Düşmən ölkədə “köhnələr”in mövqeyi getdikcə güclənir
İndiki hakimiyyətin Qarabağ siyasətindən narazılıqlar artır

Ermənistanda 2017-ci ilin həlledici həftəsi başlayıb. Parlament seçkiləri üzrə bir neçə ay əvvəldən başlanmış siyasi marafon başa çatmaq mərhələsində qədəm qoyub. Hakimiyyət uğrunda mübarizə aparan siyasi partiyalar və təşkilatların apardıqları təbliğat, seçki vədləri və cəmiyyətin qarşısında duran problemlərin həlli yolları ölkədə parçalanma yaradıb. Hakimiyyətdə olan hakim elita ilə hakimiyyətə can atan müxaliflər arasında daha çox iki məsələdə fikir ayrılığı mövcuddur. Birincisi, rusiyayönlü və qərbyönümlü olmalarında, ikincisi Qarabağ münaqişəsinin həlli yollarının seçilməsində. 
Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyan bir neçə gün əvvəl seçicilər ilə görüşündə bildirib ki,  Dağlıq Qarabağ münaqişəsinin   nizama salınması ilə bağlı bütün təkliflər beynəlxalq strukturlar tərəfindən irəli sürülüb: “Məsələ konkret qoyulub. “Madrid prinsipləri” əsasında nizamasalma planı var, hansı ki, Ermənistan və Azərbaycan rəhbərliyi 10 il ərzində bu planı müzakirə edirlər”. Onun sözlərinə görə, nizamasalınmanın “paket həlli” rədd edilir: “İrəvan və Bakı “Madrid prinsipləri”nə prinsipial olaraq razılıq verib. Burada ərazilərin qaytarılması, gücün tətbiq edilməməsi hüququ yer alır. Danışıqlar ona görə aparılır ki, tərəflər imkan daxilində özləri üçün ən əlverişli həlli tapsın. Lakin fikir ayrılığı başlanğıcda böyük idi. İndi isə cəmi iki məsələdə fikir ayrılığı var”, - deyə o bildirib. Beləliklə, Levon Ter-Petrosyan məsələni konkret qoyur və münaqişənin həllinin bu formul əsasında həllinin vaciblyini bildirir. Erməni mediası yazır ki, ölkədə Levon Ter-Petrosyanla həmfikir olanların sayı sürətlə artır. 
Belə görünür ki, Levon Ter-petrosyan ölkəsinin düşdüyü vəziyyətə daha praqmatik münasibət bəsləyir və buna görə də anlayır ki, işğal siyasətindən əl çəkməyincə Ermənistanda istər siyasi, istərsə də iqtisadi problemləri həll etmək mümkün olmayacaq. Elə buna görə də o, münaqişənin həllinin seçki platformasının mühüm elementi kimi təqdim edir. Bu gün parlamentdə yer almaq üçün erməni siyasətçiləri maaşları iki dəfə artırmaqdan tutmuş Dağlıq Qarabağı müstəqil dövlət edib Ermənistana birləşdirməyə qədər hər cür vədlər verirlər. Hazırkı prezident və deyək ki, siyasi səhnədə baş rolun ifaçısı olan Serj Sarkisyan da partiyasının parlamentdə daha çox yer qazanması üçün Qarabağ platformasından gen-bol istifadə edir. O, hətta “İsgəndər” raketlərini nəzərdə tutaraq Azərbaycana “xox” gəlməkdən də çəkinmir. Düzdür, Sarkisyan yaxşı bilir ki, Azərbaycanı raketlə qorxutmaq gülünc görünür. Amma üzü hamam daşı tək sürüşkən olan birisinin belə şeylər vecinə gəlməz. Çünki, məqsədi avam kütləni dalınca sürükləməkdir. Onun dəstəsi 25 ildir bu yolla gedir və nəticəsi də göz qabağındadır: ermənilər kasıb yaşayır və imkan düşdükcə ölkəni tərk edirlər. 
L.Ter-Petrosyan isə açıq görür ki, xalq daha yorulub və belə yaşamaq istəmir. İş burasındadır ki, Sarkisyan özü Qarabağda anadan olsa da qarabağlı ermənilər ondan yavaş-yavaş uzaqlaşır və qədim köklərinə qayıtmağı arzulayırlar. İrəvanlıların isə artıq Serjin başçılıq etdiyi Qarabağ klanına nifrəti aşıb daşır. Bütün bunların səbəbincə Ermənistan Milli Konqresinin tərəfdarları çoxalır. 
Son söz seçkilərindir. Parlamentdə hansı tərəf daha çox səs toplayarsa, o tərəf də ölkəni arxasınca aparacaq. Düzdür, saxtakarlıq da baş alıb gedəcək. Buna görə əldə olunacaq nəticənin reallığı indidən şübhə altındadır. Amma nə bilmək olur. Serj Sarkisyan rejiminə qarşı üsyançı mövqe sərgiləyən elektoratın aprelin 2-də sürpriz edəcəyi də istisna deyil. Bu mənada seçkilərdən sonra Qarabağ münaqişəsinin həllində ermənilərin hansı istiqamətdə gedəcəklərinə bir aydınlıq gələcək. Axı, «Madrid prinsipləri» ilə yanaşı stol üzərində Azərbaycanın ciddi güzəştə gedərək Dağlıq Qarabağa geniş muxtariyyət ststusu verməyə hazır olması da var.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz