Əlaqə Arxiv
news Image
2017.03.30
07:00
| A A A
Minsk qrupunun fəaliyyətinə son verilə bilər
Natiq Miri: “Minsk qrupu formatını kənara atıb, daha çox regional formatlara üstünlük verilməsi barədə düşünməliyik”

Qarabağ münaqişəsinin dinc yolla həlli üçün mövcud danışıqlar formatı uzun illərdir, istənilən nəticəni vermir. İşğalçı Ermənistan dövləti hər vəcolə çalışır ki, danışıqlar baş tutmasın və yaxud baş tutanda da nəticə əldə olunmasın.  

O da aydındır ki, Ermənistan təkbaşına danışıqlar prosesinin pozulmasına nail ola bilməz. O, bu addıma ancaq və ancaq hamilərinin dəstəyi, habelə ATƏT-in Minsk qrupunun münaqişənin həlli prosesinə ciddi yanaşmaması nəticəsində gedə bilir. ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərsə də, bu günə qədər konfliktin həllinə nail olmaq üçün real addımlar atmayıb. Sözügedən qurum ötən illər ərzində Ermənistana hər hansı bir təsir və ya təzyiq göstərməyib ki, bölgədə işğal faktoruna son qoyulmaqla sülhə nail olunsun. Bu fonda dəfələrlə Minsk qrupu formatının dəyişdirilməsi və yaxud tərkibinin yenilənməsi məsələsi gündəmə gətirilib. Bura Avropa İttifaqının, Almaniya, hətta Türkiyənin də daxil olması vacibliyi vurğulanıb.  
Politoloq Natiq Miri bildirdi ki, ABŞ, Fransa və Rusiyanın Minsk qrupundakı həmsədrliyi dövründə münaqişəni həll etmək mümkün olmayacaq: “ATƏT-in Minsk qrupu formatı çərçivəsində Qarabağ probleminin həllini gözləmək fikrimcə, əbəsdir. Çünki bu formatda problemin həllinə yanaşma tərzi dəyişməyənə qədər məsələni müsbət, ədalətli bir sonuca daşımaq mümkün olmayacaq. 
Beynəlxalq hüquq selektiv yanaşmanı qəbul etmir. Yəni, bir münaqişəyə bir cür, başqa konfliktə isə tamamilə fərqli rakusdan yanaşmağı beynəlxalq hüquq qəbul etmir. Ancaq maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə digər münaqişələrdən fərqli yanaşma tərzi sərgilənir. Ermənilər Dağlıq Qarabağda aborigen xalq olmadığına baxmayaraq, bu milli azlığa xalq statusunda yanaşırlar. Prosesdə yanlış olan da budur. Bütün dünya bilir ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aborigen xalq deyil, gəlmədirlər. Ermənilər XVIII əsrin sonlarından başlayaraq, Rusiyanın bilavasitə geosiyasi maraqları çərçivəsində Dağlıq Qarabağa köçürülüblər. Milli azlıq olduqlarına görə də onlar yaşadıqları ərazinin siyasi taleyini həll edə bilməzlər. Beynəlxalq hüququn gərəyi olan bu hüquq ortalıqda varkən, nədənsə bu, gözardı edilir. Gürcüstandakı Abxaziya, Cənubi Osetiya, Moldovadakı Dnestryanı, Ukraynadakı Krım, Donbas münaqişələrinə isə nədənsə Qərb dünyası beynəlxalq hüquq çərçivəsində yanaşır, həmin münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Dağlıq Qarabağa gələndə fərqli mövqe ortaya qoyurlar. Münaqişəyə belə bir yanaşma tərzi dəyişməyincə, onu ATƏT-in Minsk qrupu çərçivəsində həll etmək mümkünsüzdür”.
Həmsədrlər içərisində hansısa dövlətin dəyişməsinə gəldikdə isə, həmsöhbətimiz qeyd etdi ki, bu, artıq mümkünsüz hala gəlib: “Çünki, ATƏT-in Minsk qrupu həmsədr dövlətlərini münaqişə tərəfləri, yəni Ermənistanla Azərbaycanın razılığı ilə dəyişirlər. Azərbaycan istəsə, Ermənistan isə dəyişmək istəməsə, məsələni həll etmək mümkün olmayacaq. Ona görə ki, ATƏT-də bütün məsələlər qarşılıqlı güzəşt çərçivəsində həll olunur. ATƏT üzvü olan hər hansı bir ölkə qərara veto qoyursa, artıq onun qəbulu baş tutmur.  Bunun nəticəsidir ki, məsələni sözügedən qurum çərçivəsində həll etmək olduqca çətindir”. 
Politoloq bu qənaətdədir ki, problemi qlobal səviyyədən regional müstəviyə daşımaq imkanı yaranıb: “Bunu ən azından Suriyada gördük. Burada ABŞ kimi hegemon gücün prosesdə iştirakına rəğmən, Suriyada atəşkəsi təmin edən dövlətlər regional ölkələr - Türkiyə, Rusiya və İran oldu. Doğrudur, bu gün atəşkəsə riayət olunmur. Çünki həmin üçlüyün özlərinin Suriya daxilində geosiyasi maraqları vardır. Bu üçlük formatını və yaxud Türkiyənin iştirakı ilə dördlük formatını regional format olaraq Dağlıq Qarabağ probleminə də tətbiq etmək olar. Çünki region dövlətləri Qarabağ konfliktinin həllində daha çox maraqlıdır, nəinki qloballaşmış bu problemi həll etmək istəyən Minsk qrupu formatı. 
Qlobal səviyyədə, Yaxın Şərqdə Qərblə Rusiya qarşıdurması var. Bu qarşıdurma Ukrayna və ardınca da Suriyaya transfer etdi və uzlaşma da yoxdur. Dağlıq Qarabağda da qlobal səviyyədə belə bir uzlaşmanın olacağını gözləmək özünü aldatmaqdan başqa bir şey deyil. Ona görə də 24 ildir effekt verməyən Minsk qrupu formatını kənara atıb, digər formatlar barədə düşünmək olar. Bu zaman da fikrimcə, daha çox regional formatlara üstünlük verilməlidir. Hər bir halda bu məqamı da yoxlamaq olar.  Çünki regionda hazırda savaş olmasını İran, Türkiyə, nə də Rusiya istəyir. Ayrıca onu da nəzərə alaq ki, bu ölkələrin Ermənistana təsir imkanları da böyükdür.  Çünki Ermənistanla sərhəd ölkələridir və onlardan ikisinin İrəvanla müttəfiqliyi var.  Türkiyə İrəvanla, ikincinin günahı üzündən yaxşı münasibətlərdə olmasa da, Ermənistanın gələcək inkişafı məhz Ankara ilə sərhədlərin açılmasından keçir. Bütün bunlar da bizi regional formatlar barədə düşünməyə vadar edir. Ya da məsələni BMT səviyyəsinə qaldırmalıyıq. Azərbaycan ən azından öz ərazi bütövlüyünü bərpa etmək hüququnu ortaya qoymaqla, dəqiqliklə bütün mövqeləri aydınlaşdırmalıdır.  Söhbət ondan gedir ki, Azərbaycan ilk mərhələdə Dağlıq Qarabağ ətrafındakı 7 rayonu bu günün özündə də rahatlıqla və hər hansı beynəlxalq təpki olmadan azad edə bilər. Ona görə bu məqamda ciddi şəkildə dünyaya aydınladılmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilərə qarşı da hər hansı bir hüquq məhdudiyyətinin yaradılmayacağı barədə də Bakı konkret zəmanət verməlidir. Fikrimcə, 7 rayonun azad edilməsindən sonra, artıq Dağlıq Qarabağ problemini masa arxasıında həll etmək Azərbaycana daha rahat olacaq. Çünki Azərbaycanın hərbi təzyiqi olmadan masa arxasında problemi həll etmək çətin olacaq.  Ona görə də təzyiq elementi mütləq mənada paralel olaraq həyata keçirilməlidir”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz