Əlaqə Arxiv
news Image
2017.03.30
08:00
| A A A
Aprel döyüşləri yenidən təkrarlanacaq?!
Araz Aslanlı: “Ermənistanın bu siyasəti isə aprel döyüşlərindən də böyük toqquşmaları labüd edir” Qabil Hüseynli: “Cəbhədə nisbi sakitlik yaşansa da, vəziyyətin həmişə belə qalacağını ehtimal etmək olmaz”

Aprel hadisələrinin yaxınlaşması fonunda Ermənistanda böyük narahatlıq müşahidə olunur. Erməni cəmiyyətində belə təəssürat formalaşıb ki, ermənilər üçün aprel “dərsləri” yenidən təkrarlana bilər. Elə analitiklərin də fikrincə, erməni siyasi rəhbərliyi danışıqlar prosesində qeyri-konstruktivliyi ilə bu gözləntilərə əsaslar yaradır. 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı bildirdi ki, aprel döyüşləri münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların, Ermənistanın zəruri addımlar atmadığına görə baş vermişdi: “2008-ci il Gücüstanda baş vermiş avqust hadisələrindən sonra ciddi şəkildə müzakirə olunmuşdu ki, status-kvo nə qədər davam edə bilər. Ondan sonra bir neçə təşəbbüs oldu. Amma zaman göstərdi ki, ya təşəbbüs göstərənlərin, ya da Ermənistanın qeyri-səmimiliyinə görə cəhdlər uğursuzluqla nəticələndi. Aprel döyüşlərindən sonra bu suallar yenidən ortaya çıxdı. Ancaq proseslər göstərir ki, Ermənistanın siyasəti həllə istiqamətlənməyib. 
Ermənistan ya aprel uğursuzluğundan geriyə dönüş etmək istəyir, ya da status-kvonu qoruyub saxlamağa çalışır. Ermənistanın bu siyasəti isə aprel döyüşlərindən də böyük toqquşmaları labüd edir. Çünki söhbət Azərbaycanın torpaqlarından gedir. Azərbaycanın bu torpaqları azad etmək üçün həm hüquqi haqqı, həm də hərbi imkanları var. Ermənistan isə status-kvonu saxlamaqla üstünlük əldə etməyə çalışır. Bu isə dünyanın heç bir yerində qəbul edilən məsələ deyil. Münaqişənin həllsiz qalması həm də ona görə müharibə ehtimalını artırır ki, münaqişə dondurulmuş vəziyyətdə deyil. Daim atəşkəs pozuntuları baş verir. Sərsəng su anbarı ilə bağlı təhlükə qalmaqdadır. Azərbaycan əraziləridən qaçaqmalçılıq üçün istifadə edilir. Yəni işğal faktının davam etməsi ilə bağlı riskli məqamlar çoxdur. Həmin risklərin qarşısında yeni aprel döyüşləri kiçik ehtimal deyil”.
Politoloq Qabil Hüseynli isə məsələyə bir qədər fərqli yanaşır: “Ermənistan hərbi təlimlər keçsə də, Azərbaycanı təhdid edən fikirlər səsləndirsə də, bu gün müharibə üçün beynəlxalq şərait əlverişli deyil. Çünki danışıqlar prosesini yenidən başlatmaq istəyirlər. Minsk qrupu həmsədrləri İrəvanda olublar. Qarşıda xarici işlər nazirlərinin görüşü təşkil olunacaq. Hətta prezidentlərin görüşü ehtimalı da səsləndirilir. Belə bir şəraitdə güman edilmir ki, aprel döyüşləri üçün şərait yetişib. 
Eyni zamanda, nəzərə alaq ki, Ermənistanda parlament seçkiləri keçiriləcək. Ermənistanın müharibə ritorikasının çoxu daxili auditoriyaya yönəlib. Lakin bütün ehtimallara qarşı barıtı quru saxlamaq lazımdır. Əgər Serj Sarkisyan qələbə qazanarsa, seçkilərdən sonra - 24 aprel qondarma «erməni soyqrımı» ərəfəsində vəziyyəti qarışdırmağa çalışa bilər. Bunu müəyyən həmsədr dövlətlərin təhriki ilə də etməsi mümkündür. Ona görə də Azərbaycan Ordusu daim döyüş hazırlığını yüksəldir. Ermənilərin ehtimal edilən təxribatına qarşı hazır vəziyyətdə durur. Cəbhədə nisbi sakitlik yaşansa da, vəziyətin həmişə belə qalacağını ehtimal etmək olmaz. Çünki danışıqlar prosesinin müsbət nəticələr verəcəyini də proqnozlaşdırmaq mümkün deyil. Yəni, Azərbaycanı hərb varinatı qaşısında qoya bilərlər. Azərbaycan da bu məsələyə həmişə hazır olmalıdır”. 
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz