Əlaqə Arxiv
news Image
2017.04.04
09:40
| A A A
Azərbaycan Ordusunda dağıdıcı silahlar
Üzeyir Cəfərov: “Silahlar ərazi bütövlüyümüzün bərpası məqsədi ilə alınır” İbrahim Rüstəmli: “İşğalçı ölkə tapdanmış haqqımızı tanımayınca, ölkəmizin silahlanmada davam etməsini, ordunun döyüş qabiliyyətinin daha da artırılmasını təbii qarşılamalıdır”

Aprel döyüşlərinin iştirakçıları ilə görüşdə Prezident İlham Əliyev orduya lazım olan yeni silahların alıması üçün sifarişlərin verildiyi  bildirdi. Tədbirdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Ordumuzunu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunduğunu qeyd etdi. 

Hərbi təhlilçiləri bu açıqlamaların Ermənistan üçün mesaj olduğunu deyirlər. Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirir ki, Azərbaycan Prezidenti və müdafiə nazirinin aprel hadisələrinin ildönümü zamanı hərbiçilərlə görüşdə səsləndirdikləri fikirlər həm düşmənə, həm də beynəlxalq qurumlara xəbərdarlıqdır: “Azərbaycan Qarabağ problemi həllini tapmayana qədər müasir silahları almaqdan çəkinməyəcək. May ayında Türkiyədə “İDEX-2017” silah sərgisi keçiriləcək. Sərgidə 61 ölkədən silah təqdim olunacaq ki, onların arasında Azərbaycan da var. Müxtəlif silahlar təqdim olunacaq. Necə ki, vaxtı ilə JF-17 qırıcı təyyarələrini sərgidə görəndən sonra Azərbaycan Pakistanla danışıqlara başldı və artıq silah Ordumuzun arsenalındadır. Bunların sayı az da olsa, böyük əhəmiyyətə malik silahlardır. Odur ki, ölkə başçısı həmin çıxışda bir daha qeyd etdi ki, bundan sonra da Silahlı Qüvvələr üçün nə lazımdırsa, təmin ediləcək. 
Biz o silahları məcburiyyət qarşısında alırıq. Silahlar ərazi bütövlüyümüzün bərpası məqsədi ilə alınır. Həmin vəsaiti digər sosial sahələrə, infrastrukturun qurulmasına, insanların sosial rifahı naminə sərf edə bilərdik. Amma ordunun döyüş qabiliyyətini artırmaq üçün pulları silahlara xərcləyirik. Beynəlxalq qurumlar nə qədər tez hərəkətə keçsələr, bir o qədər yaxşı olar. 
Hazırda Ermənistan tərəfi işğalçı statusundadır. Ermənistana çağırışlarımız cavabsız qalır. Biz minlərlə erməni vətəndaşının həyatına son qoyulmasını istəmərik. Amma Ermənistan buna vadar edir. Ona görə onlar da öz növbəsində ciddi düşünməlidirlər. Elə qərar verməlidirlər ki, həmin silahlar onlara qarşı işlədilməsin. Ərazilərimiz nə qədər tez azad olunarsa, nə erməni ölər, nə də bu qədər vəsaitin hərbiyə xərclənməsinə ehtiyac qalar”. 
Hərbi məsələlər üzrə digər ekspert İbrahim Rüstəmli də bu açıqlamaları haqqı-hüququ tapdanan xalqın işğal olunmuş torpalarına görə düşmənə verdiyi konkret və qəti bir mesaj hesab edir: “Burada hansısa humanizm və insanlıq prinsiplərini, beynəlxalq hüquq normalarını əlində bayraq kimi tutmaq, Azərbaycanı güclü silahlanmada günahlandırmaq olmaz. Çünki zərərçəkmiş ölkə kimi Azərbaycan dəfələrlə rəsmi şəkildə problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib. Ancaq Ermənistan iqtidarının nə beynəlxalq normalara, nə də indiyədək nüfuzlu təşkilatlar tərəfindən qəbul edilən qərarlara, səsləndirilən bəyanatlara məhəl qoymaması vəziyyəti humanizm prinsiplərindən tamamilə uzaqlaşdırır. Bu da öz növbəsində ordunu əsas söz sahibinə çevirir. Belə olan halda Azərbaycanın öz Silahlı Qüvvələrini günbəgün daha da gücləndirməsindən başqa yolu qalmır. Bizi buna Ermənistan vadar edir. Ona görə də işğalçı ölkə tapdanmış haqqımızı tanımayınca, ölkəmizin silahlanmada davam etməsini, ordunun döyüş qabiliyyətinin daha da artırılmasını təbii qarşılamalıdır. 
Danışıqlar masası arxasında oturmağa, silah gücünə zəbt etdiyin torpaqları sülh yolu ilə geri qaytarmağa hazır deyilsənsə, o zaman zərərçəkmiş tərəfin qəbul etdiyi qərarı da onun halal haqqı kimi tanımalısan. Hansı ki, bu haqq həm də beynəlxalq hüquq normaları tərəfindən qorunur”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz