news Image
2012.04.24
21:11
| A A A
Avropada soydaşlarımıza qarşı diskriminasiya siyasəti

Qərb ölkələrində, xüsusən də Fransada son dövrlər müsəlmanlara qarşı yeni bir diskriminasiya siyasətinə start verilməsi getdikcə daha aydın şəkildə özünü büruzə verməkdədir. Avropada belə hesab edilir ki, müsəlmanların buraya kütləvi axınının davam etməsi onların qitənin ictimai-siyasi həyatına daha çox təsir etməsinə, xristianların təsir qüvvəsinin azalmasına gətirib çıxara bilər.

Elə bu səbəbdən Avropaya müsəlman ölkələrdən miqrasiya axınının qarşısını almaq üçün getdikcə daha sərt tədbirlər həyata keçirilməyə başlanılıb. Eyni zamanda hazırda Avropada yaşayan müsəlmanlara qarşı da heç də müsbət qarşılana bilməyən bir siyasətin həyata keçirilməsinə start verilməkdədir. Bu isə digər müsəlmanlar kimi Avropada məskunlaşan soydaşlarımızın, eləcə də müxtəlif Avropa ölkələrinə getmək istəyən azərbaycanlıların da yaxın tezlikdə ciddi problemlərlə qarşılaşa biləcəklərini istisna etmir.

Vəziyyətin acınacaqlı olması isə "köhnə qitə"nin özündə, həmçinin nüfuzlu beynəlxalq qurumlar tərəfindən də etiraf olunur. Məsələn, "Amnesty İnternational" təşkilatının yaydığı hesabatda bildirilir ki, Avropa ölkələrinin hökumətləri müsəlmanlarla mənfi stereotiplərlə mübarizə aparmaq üçün daha çox cəhd etməlidirlər. Xüsusilə də təhsil və məşğulluq sahəsindəki ayrıseçkiliyə son qoyulmalıdır.

"Seçim və qabaqlayıcı tədbirlər: Avropada müsəlmanlara qarşı diskriminasiya" adlanan 125 səhifəyə yaxın hesabat Avropa Şurası insan haqları üzrə komissarı Tomas Hammarbergin aşağıdakı sitatı ilə başlayır: "Maliyyə böhranından sonra Avropa ölkələrini deyəsən növbəti böhran gözləyir - insani dəyərlərin parçalanması. Bunun əlamətlərindən biri də müsəlmanlara qarşı dözümsüzlükdür. Avropa ölkələrində aparılan sorğular göstərir ki, burada İslam mədəniyyəti və müsəlmanlara qarşı mənfi münasibət var. Belə islamofobiya elementləri əsasən Türkiyə, ərəb ölkələri və Cənubi Asiyadan gələnlərə qarşı yönəlir".

Sənəddə xüsusilə də Belçika, Fransa, Niderland, İspaniya və İsveçrədə məscidlərin təsis olunmasına, qadınların başı və üzü bağlı gəzməsinə yaradılan problemlərdən söz açılıb. Hesabatda bir çox Avropa ölkələrində ayrı-seçkilik faktları haqqında ayrı-ayrılıqda məlumat verilib. "Amnesty International"ın diskriminasiya üzrə eksperti Marko Pereolini deyir ki, indi bir çox Avropa ölkələrində müsəlman qadınlarına iş verilmir, qızların isə məktəbə getməsinə qadağa qoyulur: "Çünki onlar başlarını bağlayırlar. Kişilər isə dinin tələblərinə uyğun saqqal saxladıqlarından, işdən qovula bilər. Siyasi partiyalar isə buna qarşı çıxmaq əvəzinə əksər hallarda seçici səsi yığmaq üçün bu fikirlərə qahmar çıxırlar".

Pereolini onu da bildirir ki, dini və mədəni simvolların gəzdirilməsi, müəyyən paltarların geyilməsi ifadə azadlığı hüququnun bir hissəsidir. Bu, həmçinin dini etiqad və inanc azadlığının bir hissəsidir və hər bir inanc davamçıları bu hüquqdan bəhrələnməlidir: "Hər kəs öz dininə uyğun geyinə bilər, ənənələrinə əməl edə bilər. Hansısa formalı geyimə qadağa qoyulması, insanların azad geyim seçməsinə maneə yaradır".

Hesabatda xüsusi olaraq məşğulluq sahəsində diskriminasiyaya yol açan qanunlar tənqid olunur. Qeyd edilir ki, Belçika, Fransa və Niderlanddakı qanunlar sahibkara icazə verir ki, kiminsə istifadə etdiyi dini simvol iş yerində xoşagəlməz səs çıxardarsa, şirkətin korporativ imicinə və ya müstəqilliyinə ziyan vurması adıyla bu adamı işdən çıxartsın.

"Amnesty İnternational" qeyd edir ki, bu cür qanun Avropa Birliyinin ayrıseçkiliklə mübarizə haqqında tələblərinə birbaşa ziddir: "Avropa Birliyində dini etiqad və inancına görə iş yerində ayrı-seçkiliyi qadağan edən bu qanun deyəsən bütün Avropada dişsiz bir qanuna çevrilib. Çünki biz müsəlmanlar, xüsusilə də qadınlar arasında işsizliyin yüksək səviyyədə olduğunu görürük". Hesabatda bildirilir ki, son illər ərzində İspaniya, Fransa, Belçika, İsveçrə və Niderland daxil olmaqla bir çox ölkələrdə orta məktəblərdə baş örtüyü və digər dini geyimlər qadağan olunub. Pereolini isə qeyd edir ki, dini simvolların, ənənəvi geyimlərin məhdudlaşdırılması ilə bağlı hallar ayrı-ayrı situasiyalara uyğun qiymətləndirilməlidir:

"Ümumi qadağa qoyulması müsəlman qadınların savadsız qalmasına, onların dini etiqad və ifadə azadlığının pozulmasına gətirib çıxara bilər".

"Amnesty İnternational" "Azadlıq" radiosunun məlumatına görə, məscidlərin tikintisi ilə bağlı duruma da toxunub. Qeyd olunur ki, 2010-cu ildə İsveçrə Konstitusiyasına edilən dəyişiklik minarələrin tikintisini faktiki qadağan etmiş olurdu. Bu da İsveçrənin hörmət etməli olduğu beynəlxalq öhdəliklərə ziddir.

İspaniyada məscid tikintisi yerli ənənələrə uyğun gəlməyinə görə qadağan edilib. Burada müsəlmanlar açıq meydanlarda, küçədə namaz qılmalı olurlar.

Təbii ki, bütün bu çətinliklərlə digər müsəlmanlar kimi Avropada yaşayan soydaşlarımız da üzləşir. Hadisələrin inkişaf istiqaməti isə bu çətinliklərin miqyasının daha da böyüyəcəyini ehtimal etməyə əsas verir.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs