Əlaqə Arxiv
news Image
2017.04.21
08:00
| A A A
Minsk qrupuna xitam verilir?!
Elman Nəsirov: “Müxtəlif dinlərin təmsilçiləri bir yerdə olanda münaqişələrin həll edilməsi üçün daha unikal imkanlar yaranır” Asim Mollazadə: “Minsk qrupunun fəaliyyətini canlandırmaq üçün ilk növbədə təcavüzkarın hərəkətinə qiymət verilməlidir”

Minsk qrupunun fəaliyyəti bu qurumun Qarabağ münaqişəsinin həllində yartımazlığını açıq-aydın göstərməkdədir. Belə vəziyyətdə isə qrupdan imtina və ya onun tərkibinin yenilənməsi daim gündəmdə olan məsələdir. Ancaq təəssüf ki, bu günə qədər müxtəlif səviyyələrdə dəfələrlə analoji təkliflər səsləndirilsə də, dəyişən nəsə yoxdur. Eyni zamanda siyasilərin bu məsələyə  yanaşması da birmənalı deyil. 

Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirov ilk növbədə ATƏT-in Minsk qrupunun tarixinə toxundu: “Qurum 1992-ci il 24 mart tarixində yaradılıb və tərkibində 11 dövlət var. Bu il qrupun “fəaliyyətinin” 25 ili tamam oldu. Bu müddət ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətində öyünəcəyi yalnız bir məqam var. Onu hər zaman dilə gətirirlər ki, guya ATƏT-in Minsk qrupu olmasa idi, münaqişə çoxdan müharibəyə çevrilmişdi. Xüsusən də həmsəsdrlər bu ifadəni dillərində əzbər ediblər. Lakin ötən ilin aprel döyüşləri göstərdi ki, onların bu arqumentinin əsası yoxdur. 
Onların fəaliyyəti münaqişənin müharibəyə keçməsinin qarşısını ala bilmədi. Yəni, artıq yeganə arqumentləri də əhəmiyyətini itirib. Belə olan vəziyyətdə dəfələrlə fikirlər səslənir ki, ya ATƏT-in Minsk qrupundan imtina edilsin, ya da onun formatında müəyyən dəyişikliyə ehtiyac yaranıb. 
Bu anda deyə bilərik ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyli ili” elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünyada İslam həmrəyliyinə Azərbaycanın verdiyi töhfədir. Həm də nəzərə alaq ki, İslam həmrəyliyi yalnız müsəlman ölkələri yox, qeyri-İslam ölkələrlə də həmrəyliyin inkişafına xidmət edən addımdır. Bu məntiqlə mədəniyyətlərarası, dinlərarası dialoqun gücləndirilməsi naminə, ATƏT-in Minsk qrupunun tərkibində də dəyişiklik etmək olar. Nəzərə alaq ki, həmsədrlərin üçü də xristian dövlətidir. O baxımdan sülh məsələlərinin həllində müxtəlif dinlərin təmsilçiləri bir yerdə olmalıdır. Bununla da göstərə bilərlər ki, müxtəlif dinlərin təmsilçiləri bir yerdə olanda münaqişələrin həll edilməsi üçün daha unikal imkanlar yaranır. Bu məntiqlə üç xristan dövləti ilə yanaşı, paritet əsasda növbəti üç müsəlman dövlətin Minsk qrupunda təmsili səmərəli ola bilər. Məsələn, Pakistan və Türkiyənin adını indidən çəkmək mümkündür. Bu, mədəniyyətlərarası, dinlərarası platforma olmaqla yanaşı, birlikdə mürəkkəb problemlərin həllinə töhfə vermək imkanını da ortaya qoyur”.
Millət vəkili Asim Mollazadə isə əks fikirdədir: “ATƏT-in Minsk qrupuunu tərkibi dəyişdirilsə də, nəyəsə nail olunmayacaq. Çünki Ermənistan və onun sahibləri sülh prosesini hər zaman pozublar. Ona görə BMT TŞ-də, həm də ATƏT-in özündə Minsk qrupunun fəaliyyətini canlandırmaq üçün ilk növbədə təcavüzkarın hərəkətinə qiymət verilməlidir. O qiymət olmayana, beynəlxalq hüquq normaları əsas prinsip götürülməyənə qədər münaqişənin həlli mümkün olmayacaq. 
Minsk qrupundan imtina da heç bir fayda verməyəcək. Çünki ondan başqa hansısa vasitəçi yoxdur. Bu istiqamətdə dəfələrlə cəhdlər olub. Sədrliyə də müxtəlif ölkələr keçib. Görünən isə odur ki, heç bir dəyişiklik yoxdur. Əsas səbəb onunla bağlıdır ki, BMT TŞ-nin qətnamələri əsasında müvafiq addımlar atılmır, beynəlxalq hüquq normaları işlədilmir. Ona görə də hansısa nailiyyət əldə etmək üçün ilk növbədə məhz beynəlxalq hüquq normaları əsas prinsip götürülməlidir. Əks halda Minsk qrupu beynəlxalq siyasi turizm şirkətinə  çevriləcək. Mənasız görüşlər əsasında öz fəaliyyətini davam etdirəcək”.
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz