Əlaqə Arxiv
news Image
2017.04.25
07:00
| A A A
Ermənistan üçün ciddi təzyiqə çevrilən platforma
Aydın Mirzəzadə: “Sülh Platformasına beynəlxalq təşkilatların da maraq göstərməsi Azərbaycanın münaqişənin həlli prosesində haqq səsini dəstəkləyənlərin sayının daha sürətlə artdığına bir nümunədir” Asim Mollazadə: “Qısa zamanda görülən işlər onu deməyə əsas verir ki, doğru yoldayıq”

Keçən ilin dekabrın 7-də təsis edilən Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulan üzvlərin sayı durmadan artır. Əvvəllər bu platformaya fərdi şəkildə qoşulurdular. İndi isə bütöv təşkilatlar, özü də beynəlxalq səviyyəli təşkilatlar Sülh Platforması ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edirlər. . Bu günlərdə beynəlxalq qurumlardan “The Caucasus İnterface” təşkilatı da eyni mövqedən çıxış edib. Eyni zamanda, Avropa İttifaqı da Sülh Platforması  ilə əməkdaşlıq edə biləəcyini istisna etməyib.

 Qeyd edək ki, Sülh Platformasına çoxsaylı erməni nümayəndələri də qoşulub ki, bu addımın atılması Ermənistan hakimiyyətində ciddi narahatlıq və qorxu yaradıb. Platformaya qoşulan erməni fəalları Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Xocalı soyqırımına görə Ermənistan hakimiyyətini ittiham edərək, üzr istəyiblər. İndi isə Sülh Platforması daha geniş vüsət alaraq beynəlxalq təşkilatların da maraq dairəsinə düşüb. 
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Sülh Platformasına beynəlxalq təşkilatların da maraq göstərməsi  Azərbaycanın münaqişənin həlli prosesində haqq səsini dəstəkləyənlərin sayının daha sürətlə artdığına bir nümunədir:  Sülh Platforması çox unikal bir sülh çağırışı və təşəbbüsüdür. Ona görə də prosesə həm fərdi qaydada, həm də təşkilatlar daxilində qoşulanların sayı artır. Əsas məsələ də tərəflər arasında sülh və bir-birinə inam yaratmaqdır. Onun da yolu ancaq və ancaq beynəlxalq hüquq normalarına, ona uyğun olaraq hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməsindən keçir. 
Dünyada heç zaman bir dövlətin digər dövlət ərazisinə torpaq iddiası sülh və əminamanlığa gətirib çıxartmayıb. Sülh Platforması da bu mənada tarixi həqiqəti yada salır və hər kəsi müharibəyə son qoymağa, ərazi bütövlüyünə hörmət edilməklə  regionda stabillik yaratmağa çağırır. Artıq həm Azərbaycan, həm də Ermənistandan prosesə kifayət qədər insanlar qoşulub. Beynəlxalq təşkilat və qeyri-hökumət təşkilatlarının qoşulması isə təşəbbüsün dünya miqyasında dəstəkləndiyini, onun daha çox insanları ətrafına topladığını göstərir. Hesab edirəm ki, təşəbbüs daha da böyük dairəni əhatə edəcək. İstər-istəməz ictimai rəy hər bir məsələyə təsir edən bir faktordur. Ermənistanın bunu nəzərə almaması mümkün deyil”.   
Milli Məclisin deputatı Asim Mollazadə qeyd etdi ki, platformaya beynəlxalq təşkilatların da maraq göstərməsi dünya ictimaiyyətinin sülh istəyində olduğunun göstəricisidir: “Dünya miqyaslı bu və ya digər təşkilatların Sülh Platformasına diqqəti ən azından beynəlxalq ictimaiyyətin sülh istəyində olduğunu nümayiş etdirir.  Belə bir addımın daha geniş vüsət alması beynəlxalq ictimaiyyətin sülhün zərurəti barədə məlumatlandırılmasından xəbər verir. 
 Azərbaycana sülh lazımdır. Azərbaycan hər bir təşkilat, ölkə və bütün dünya ictimaiyyətini sülhün əldə edilməsi istiqamətində səyləri əsirgəməməyə dəvət edir. Qısa zamanda bu istiqamətdə görülən işlər onu deməyə əsas verir ki, doğru yoldayıq”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz