Əlaqə Arxiv
news Image
2017.04.25
08:00
| A A A
Azərbaycandan da Avropa ölkələrinə vizasız getmək mümkün olacaq
Elman Nəsirov: “Tərəflər arasında vizasız rejimin tətbiqi münasibətlərin inkişafının göstəricisi, həm də əlaqələrin intensivləşməsi mənafeyinə xidmət göstərmiş olacaq” Qabil Hüseynli: “Azərabycanla strateji əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verilir”

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında vizasız rejimin tətbiqi imkanı istisna deyil. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib: "Vizasız rejim tətbiq edilməzdən əvvəl bir çox məsələlər, o cümlədən texniki məsələlər həll olunmalıdır. Tərəflər bir sıra prosedurları keçməlidirlər. Əgər bütün aprektlər razılaşdırılsa və müəyyən edilsə, Aİ və Azərbaycan arasında vizasız rejim prinsipcə mümkün olacaq". 

Xüsusi nümayəndə müvafiq razılaşmanın əldə olunması ilə bağlı dəqiq tarixi deməyib: "Bu məqsədə çatmaq üçün konkret tarix barədə nəsə demək hələ çətindir. Tərəflər belə imkana baxılmasının erkən mərhələsindədirlər. Lakin bu perspektiv istisna edilmir".
H.Salber Aİ ilə Azərbaycan arasında münasibətləri kifayət qədər geniş və hərtərəfli adlandırıb. Onun sözlərinə görə, ikitərəfli münasibətlər əvvəlki illərlə müqayisədə ən yüksək səviyyədədir: “Tərəflər arasında yeni saziş siyasət, ticarət və energetika sahələri daxil olmaqla, əməkdaşlığın müxtəlif aspektlərini əhatə edir”. Diplomat yeni saziş üzrə danışıqların bu il başa çatacağına ümid etdiyini bildirib: “Yeni saziş gələcək əməkdaşlıq üçün möhkəm və əlverişli baza yaradacaq”.
Elə siyasi şərhçilər də Avropa İttifaqı və Azərbaycan arasında vizasız rejimin tətbiqinin qarşılıqlı əhəmiyyət daşıyacağını düşünürlər. Millət vəkili, Aİ-Azərbaycan Parlamentlərarası əməkşdaşlıq komitəsinin üzvü Elman Nəsirov Azərbaycan-Aİ münasibətlərinin dinamik inkişaf tempinə malik olduğunu bildirdi: “İndi də Azərbaycan-Aİ arasında vizasız rejiminin tətbiq edilməsi gündəlikdə dayanan əsas məsələlərdən biridir. Artıq bu istiqamətdə danışıqlar gedir. Xüsusi ilə də Prezident İlham Əliyevin ilin əvvəlində Avropa Komissiyasına səfəri zamanı bu məsələ ciddi müzakirə olunub. 
Tarixində ilk dəfə Aİ deyil, Azəbaycan Aİ-yə texniki tərəfdaşlığı özündə ehtiva edən yeni sənədi təqdim edir. Adətən, belə sənədi qarşı tərəfə Aİ təqdim edirdi. İndi isə Aİ-də Azərbaycanın təqdim etdiyi sənəd öyrənilmə prosesindədir. Avropa İttifaqı onun ayrı-ayrı detalları üzrə öz mövqeyini hazırlamalıdır. Bizdə olan məlumata görə, sənəddə mövcud olan əsas məsələlərdən biri ölkələr arasında vizasız rejimin tətbiqi ilə bağlı məqamdır. Tərəflər arasında vizasız rejimin tətbiqi münasibətlərin inkişafının göstəricisi, həm də əlaqələrin intensivləşməsi mənafeyinə xidmət göstərmiş olacaq. Məsələ müzakirə mövzusuna çevrildiyindən onun reallaşma əmsalı kifayət qədər böyükdür. Bu, reallaşacağı təqdirdə münasibətlərimiz yeni inkişaf mərhələsinə daxil ola bilər. Bundan isə hər iki tərəf qazanacaq”. 
Poitoloq Qabil Hüseynli isə hadisənin həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıdığın qeyd etdi: “Çünki Türkiyə uzun illərdir, Aİ ilə vizasız gediş-gəlişə nail ola bilmir. Burada Türkiyə kimi başqa ölkələrin də adını çəkə bilərik. Yalnız son illərdə postsovet ölkələrindən Gürcüstan və Ukrayna ilə vizasız rejim haqqında müqavilə imzaladılar. Bu, həmin ölkələr üçün prinsipial əhəmiyyətə malik hadisədir. Çünki hər iki ölkələdə işsizliik problemi yaşanır. O baxımdan onların vətəndaşlarına Avropada iş tapmaq və yaşamaq imkanları yaranıb. 
Azərbaycan üçün də vizasız rejimin böyük əhəmiyyəti olacaq. Azərbaycanın Aİ ölkələri ilə sıx ticari əlaqələri mövcuddur. Azərbaycan Aİ-nin bəzi ölkələrini neftlə təmin edir. Müəyyən müddətdən sonra Azərbaycan Aİ-yə daxil olan ölkələrin üçdə birini mavi yanacaqla təmin edəcək. Bu, böyük tarixi hadisədir. Azərbaycan ilə Aİ arasında ticari əlaqələri yüksək səviyyəyə qaldıracaq. 
Azərbaycan eyni zamanda İpək Yolunu işə salıb. Buna görə Azərbaycan həm enerji koridoru, həm nəqliyyat dəhlizi kimi Aİ üçün böyük rol oynayacaq. O baxımdan Azərabycanla strateji əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verilir. Aparıcı Avropa dövlətlərinim bir çoxu Azərbaycana strateji tərəfdaş kimi baxır. Bu səbəbdən də Gürcüstandan sonra Azərbaycan ilə vizasız rejiminin tətbiq edilməməsi tarixi ədalətsizlik sayılardı. Yaxın zamanlarda Aİ-nin nümayəndə heyəti Azərbaycana gəlməsi planlaşdırılır və bu məsələ son həllini tapmalıdır”.
Politoloq əlavə etdi ki, vizasız rejimin tətbiqi Azərbaycan həqiqətlərinin Avropa ölkələrinə daha yaxşı çatdırılmasına kömək edəcək: “Bizim də əsas problemimimiz Dağlıq Qarabağdır. Problemlə bağlı Avropa ölkələrində yetərli təsəvvür yoxdur. Xristian təəssübkeşliyi onları çaşdırıb. Bu baxımdan vizanın aradan qaldırılması Azərbaycandan Avropaya yalnız iş axtaranlar yox, həm də potensial təbliğatçıların getməsinə şərait yaradacaq. Avropa qitəsində yaşadığımıza görə, Avropa İttifaqının bir parçası olmağımız həm də mədəni inkişafımızda önəmli rol oynayacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz