Əlaqə Arxiv
news Image
2017.04.25
09:37
| A A A
Qarabağ sülh danışıqlarına yenidən start verilir
Natiq Miri: “Hər bir halda danışıqlar prosesinin başlaması Azərbyacanın marağı çərçivəsindədir”

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub. Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər. 

Qeyd edək ki, uzun müddət idi ki, sözügedən istiqamətdə görüşlərə ara verilmişdi. Nəinki prezidentlər, hətta xarici işlər nazirləri səviyyəsində belə təmaslar dayandırılmışdı. Bu əsasən də işğalçı Ermənistanda keçirilən parlament seçkilərilə bağlı idi. Belə ki, Serj Sarkisyan rejimi parlament seçkilərini bəhanə edərək, danışıqlar prosesinin dalana dirənməsinə çalışırdı. Eyni zamanda görünür, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Moskva da Ermənistanda seçkilər ərəfəsi vassallarının marağına uyğun olaraq danışıqlarda fasilə verilməsini daha məqbul variant hesab edib.  Moskva həm də çalışır ki, bu münaqişənin tənzimlənməsində vasitəçi qismində dominant rolunu saxlasın. Belə bir fonda aprelin 27-də Moskvada xarici işlər nazirlərinin iştirakı ilə növbəti bir görüşün olacağı gözlənilir.    Görəsən, bu görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində hansısa addımlar atıla bilərmi? Əks halda konfliktlə bağlı nə gözlənilir? 
Politoloq Natiq Miri Moskva görüşündən ciddi nəticələr gözləmir: “Dağlıq Qarabağ probleminin həllilə bağlı Rusiyanın yenidən aktivləşməsi əsasən prosesi digər həmsədr dövlətlərə buraxmamaqla bağlıdır. Bilirsiniz ki, Rusiya Qarabağ münaqişəsinin həllində özünü  həlledici siyasi amil kimi görür. Bu münaqişəni Moskva heç bir vəchlə öz monopoliyasından çıxarmaq istəmir. Çünki Dağlıq Qarabağ münaqişəsi uzun müddət diqqətdən kənarda qala bilməz. 
Cəbhə xəttində hər gün atəşkəs pozulur. Nəinki kiçik atıcı silahlardan, artıq artileriyadan qarşılıqlı olaraq istifadə olunur ki, bu da ötən ilin aprel hadisələrinin yenidən təkrarlanması təhlükəsini yaradır. Ona görə də həmsədrlər məsələni ən azından müzakirə mərhələsində saxlayırlar ki, heç olmasa, atəşkəsi qoruyub saxlamaq mümkün olsun. Yəni, proses böyük mənada hərbi əməliyyatlar fazasına keçməsin. Xarici işlər nazirlərinin Moskvada olacaq görüşü də düşünürəm ki, məhz bu kontekstdə olacaq. 
Təbii ki, həmin görüşdə mümkün olarsa, münaqişə tərəflərinin prezidentləri səviyyəsində görüşün təşkil olunması əsas müzakirə predmeti olacaq. Ancaq prezidentlər səviyyəsində görüşün baş tutması üçün də mütləq mənada ortada hansısa bir anlaşma, fikirlərdə yaxınlaşma olmalıdır. Lakin hələlik bu da sezilmir. Gördüyünüz kimi. Ermənistan çalışır ki, danışıqları sabotaj etsin. Ortada bir cəzasızlıq mühiti olduğundan Ermənistan bu sabotajı fonunda özü üçün heç bir təhlükə görmür. Serj Sarkisyan Moskvadan razılıq aldığı üçün parlament seçkilərini də asanlıqla öz xeyrinə saxtalaşdıra bildi. İndi də özünü istədiyi siyasi qüvvələri parlamentə yerləşdirməklə sözəbaxan bir hökumətin formalaşdırılmasına nail olmuş kimi aparır. Bunun nəticəsidir ki, hazırda ölkə daxilində Sarkisyan hakimiyyəti üçün hansısa bir ciddi təhlükə də görsənmir. Ancaq hər bir halda seçki prosesi bitdiyindən artıq Sarkisyan müəyyən mənada danışıqlara da başlaya bilər. O baxımdan düşünürəm ki, rəsmi Moskva bu faktı da nəzərə alıb. 
Fikir verdinizsə, seçkiyə qədər Moskva danışıqlar prosesində barmağını barmağının ucuna belə toxundurmadı. Anlayırdı ki, Sarkisyan çətin durumdadır və bu cür görüşlərin olması, söhbətin hansısa güzəştlərdən getməsi seçkilərdə işğalçı rejim üçün ciddi risqlərlə müşahidə oluna bilərdi. Artıq seçki də bitib və danışıqlara da başlamaq mümkündür. Lakin bu, o demək deyil ki, xarici işlər nazirlərinin Moskva görüşündə hansısa konkret siyasi nəticələr əldə olunacaq.     Bu  danışıqlar əsasən cəbhə xəttində prosesin hərbi fazaya keçməməsinə nail olmaq istiqamətində aparılan danışıqlardır. Ona görə də 27 aprel danışıqlarından ciddi nəticə gözləmirəm.  Ancaq hər bir halda danışıqlar prosesinin başlaması Azərbyacanın marağı çərçivəsindədir. Bakı bir daha görsə ki, danışıqlar zaman qazanmaq hadisəsindən başqa heç nəyə yaramır, yəqin  ona münasibətdə adekvat addımlar atmaq məcburiyyətində qalacaq. Fikir vermisinizsə, Azərbaycan irimiqyaslı hərbi təlimlərə başlayıb. Onu da əlavə edək ki, artıq Türkiyə qoşunlarının müəyyən hissəsi də  Azərbaycana gəlib və iki qardaş ölkə birgə hərbi təlimlər keçirəcək. Bu isə həm Ermənistan, həm də onun havadarı olan ölkələrə ciddi mesajdır.     Yəni, danışıqlar bu formada uzun acı bağırsaq kimi uzana bilməz. Hansısa mərhələdə təbii ki, Azərbaycan torpaqlarını azad etmək qərarına gələcək. Onda da artıq sülh danışıqlarından danışmaq çətin olacaq. Ona görə də fikrimcə, Kremlin təşkil etdiyi danışıqlar öncəsi belə hərbi təlimlərin keçirilməsinin özü Azərbaycanın prosesdə əks tərəfdən fərqli olaraq, yenə də sadəcə, zaman qazanmaq fikrində olmadığına dair bir mesajdır”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz