news Image
2017.05.04
09:49
| A A A
Müəllimlərə imtahan xəbəri

Bu gündən Azərbaycanın daha bir bölgəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır. Movqe.az-ın məlumatına görə, Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 4-6 may tarixlərində Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Qiymətləndirmədə 6 min nəfərə yaxın müəllim iştirak edəcək.

Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla "Şəxsi səhifə" bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Qeyd edək ki, bu il 16-21 apreldə keçirilən diaqnostik qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 mindən çox müəllim iştirak edib. 25-30 apreldə isə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan 12 minə yaxın müəllimin qiymətləndirilməsi aparılıb.

Zülfiyyə QULUYEVA 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs