news Image
2017.05.04
18:30
| A A A
I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

 
DİM-dən movqe.az-a verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılacaq.
 
İmtahanların idarə olunmasına 206 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2226 nəzarətçi-müəllim cəlb olunacaq.
 
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
 
Məlumat üçün bildirək ki, imtahanda 30239 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 25612 abituriyent I qrup üzrə, 4627 abituriyent IV qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 27353 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 23266, IV qrup üzrə 4087 nəfər), 2886 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2346, IV qrup üzrə 540 nəfər) məzunudur. Abituriyentlərin 18092 nəfəri oğlanlar (I qrup üzrə 16621 nəfər, IV qrup üzrə 1471 nəfər), 12147 nəfəri isə qızlardır (I qrup üzrə 8991 nəfər, IV qrup üzrə 3156 nəfər). 23844 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5658 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 66 nəfər ali təhsil müəssisələrinin, 671 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2002-ci ildəndir.
 
Bakı şəhərində 13721, Naxçıvanda 1089, Gəncədə 3253, Sumqayıtda 1871, Mingəçevirdə 1366, Şəkidə 1921, Bərdədə 1309, Göyçayda 1277, Şirvanda 1295, Lənkəranda 1795, Xaçmazda isə 1342 abituriyentin imtahan verəcəyi gözlənilir.
 
İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
 
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
 
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək.
 
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.