news Image
2017.05.05
12:25
| A A A
Əsirlikdə qalan Qarabağ xalçaları-"İndi o xalçalar..."

Onların toxuduqları xalçalar, rəngarəng iplərdən vurduqları naxışlar zaman-zaman dünyaya şöhrət salaraq görənləri heyran qoyub. Bu gün özləri hana qurub dəzgah arxasında əyləşməsələr də, bu qədim xalq sənətinin yaşadılmasına, xalçaçılığın inkişafına olan diqqət və qayğını görüb qəlbləri fərəh, gözləri sevinc yaşı ilə dolmuşdu. “Azərxalça” ASC-nin baş ofisində “Xalçaçı günü” peşə bayramına həsr olunmuş 1 ümumrespublika konfransına toplaşan xalçaçılar bu gün ikiqat bayram sevincini yaşayırdılar. Axı onlardan 27 nəfəri bu gün, elə bu konfransdaca xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə, ölkə başçısının imzaladığı 1 may tarixli sərəncamla orden və medallarla təltif olunacaqdılar. Fürsətdən istifadə edib illərlə bu sənətin yaşadılması, şan-şöhrət qazanmasında misilsiz xidmətləri olan xalçaçılardan bir neçəsi ilə həmsöhbət olub keçmişə qayıtdıq. 

Sexdəki 20-dən çox xalça Şuşa işğal olunanda düşmən əlinə keçdi


66 yaşlı xalçaçı Siyasət Məmmədova Movqe.az-ın əməkdaşı ilə söhbətində keçmişi yada salanda həm qürurlandığını, həm də kədərləndiyini söyləyib: “Mən keçmişə, dəzgah arxasında oturub xalça toxuduğum illərə qayıdanda, Şuşada xalça sexində müdir işlədiyim dövrü xatırlayanda həmişə kədərlənirəm. O illəri yadıma salanda gözlərim dolur. Bu gün xalçaçılığa olan bu diqqəti görüb sevinirəm. Amma yadıma əsirlikdə olan xalçalarım düşəndə qeyri-ixtiyari gözümdən yaş süzülür. Özümə hakim ola bilmirəm”.
Şuşadan olan Siyasət Məmmədova ilə söhbət zamanı öyrənirik ki, torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal olunanda Şuşa xalça sexində toxunan 20-dən çox xalça düşmən əlinə keçib: “Mən xalça toxumağı uşaqlıqdan öyrənmişəm. Qarabağda xalça toxumağı qız uşaqları uşaqlıqdan öyrənirdilər. Çünki gözlərini açıb analarını, nənələrini xalça toxuyan görürdülər. Mən peşə məktəbini bitirdikdən sonra Lətif Kərimov xalçaçılar arasından məni seçərək Şuşa xalça sexinə müdir təyin etdi. Qarabağ xalçaları elə o vaxtdan eksport sayılırdı. Xaricə satılırdı bizim toxuduğumuz xalçalar. Dağlıq Qarabağ münaqişəsi düşəndən sonra sexin də düzəni pozuldu. Ermənilərin atdığı top sexə düşmüşdü. Atışma olsa da biz fəaliyyətimizi davam etdirirdik. Gecə növbəsində işləyirdik ki, qoyulmuş planı verə bilək. Şuşadan qaçaqaç düşəndə toxuduğumuz xalçaların çoxunun dəhnəsi döyülmüşdü.  8 xalça kəsilib hazır idi. Biz xalçaları toxuyub Ağdama təhvil verirdik. Sexdəki 20-dən çox xalça Şuşa işğal olunanda düşmən əlinə keçdi. Düşmən bizim təkcə torpaqlarımızı işğal etməklə ziyan vurmadı. Maddi və mədəni sərvətlərimizi də ələ keçirdi”.

" O xalçaları dünyanın harasında görsəm tanıyaram" 

Danışdıqca kövrələn Siyasət Məmmədova ən böyük arzusunun öz torpağına qovuşmaq, Şuşada yenidən xalça sexinin fəaliyyətini bərpa etmək olduğunu söylədi. Həmsöhbətimiz deyir ki, özünün toxuduğu, eləcə də Şuşa xalça sexində toxunan xalçaları dünyanın harasında görsə tanıyar. Hazırda toxuculuqla məşğul olmasa da Siyasət xanım Qarabağ xalçaçılığının sirlərini gənc nəslə öyrətmək, bu qədim xalq sənətini yaşatmaq arzusunda olduğunu söyləyir: “ İndi xalçaçılığın inkişafına dövlət qayğısı var. Bu sahə inkişaf edir. İnanıram ki, bu diqqət sayəsində Azərbaycan xalçasının şöhrətini qaytarmaq mümkün olacaq”.

"Biz meşəylə qaçanda düşmən ermənilər evlərimizi talayıb xalçalarımızı daşıyırdılar"

Xocalı sakini, illərdir ki, bu qədim xalq sənətini yaşadan Mahirə Salahova da bu gün təltif edilən xalçaçılar sırasındadır. Həmsöhbətimiz deyir ki, xalçaçılığın inkişafına göstərilən bu diqqət onda  bu sahənin gələcəyinə böyük ümid yaradır. M. Salahova xalçaçılığın inkişafının Qarabağ xalçalarının yenidən dünyaya tanıdılmasında da əhəmiyyətli rol oynayacağını düşünür: “Mən də digər qarabağlılar kimi xalça toxumağı anamdan, nənəmdən öyrənmişəm. Xalçalara insanı sehrə salan naxışlar vururduq. Bizim toxuduğumuz xalçalar kəsilən kimi öz müştərisini tapırdı. Öz evimiz üçün də xeyli xalça toxumuşduq. Ondan birini xatirə kimi saxlaya bilmədik. Düşmən bizə necə divan tutdusa, Xocalı soyqrımından canını qurtaran şükür etdi. Biz meşəylə qaçanda düşmən ermənilər evlərimizi talayıb xalçalarımızı daşıyırdılar. Xocalıda ən kasıb ailənin evində ən azı beş xalçası var idi. Düşmən bizim milli və mənəvi sərvətimizi, xalçalarımızı da işğal zamanı talayıb daşıdı. Öz əlimlə toxuduğum, min bir naxış vurduğum xalçaların yağıların ayağı altında sərildiyini, düşmən tapdağı altında olduğunu düşünəndə keçirdiyim hissləri ifadə etməyə söz belə acizdir".  
İndi Goranboy rayonunda kiçik qəsəbədə məskunlaşan M. Salahova bu rayon ərazisində xalçaçılığın inkişafı üçün kadr bolluğu olduğunu söyləyir. Onun sözlərinə görə, ölkə başçısının xalçaçıların peşə bayramını təsis etməsi, onları orden və medallarla təltif etməsi bu qədim xalq sənəti daşıyıcılarında böyük ruh yüksəkliyi yaradıb: “Sağ olsun prezidentimiz. Bizim sənətə verdiyi dəyər inanıram ki, xalçaçılığın inkişafını sürətləndirəcək”.
İqtisadiyyat Nazirliyinin və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə keçirilən “Xalçaçı günü” peşə bayramına həsr olunmuş I  ümumrespublika konfransında çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov da bu sahənin inkişaf etdiyini söylədi. Niyazi Səfərov “Xalçaçı günü” peşə bayramının ilk dəfə rəsmi şəkildə qeyd edilməsinin Azərbaycan dövlətinin xalçaçılıq sahəsinə olan diqqətinin daha bir nümunəsi olduğunu bildirdi. Nazir müavini ölkəmizdə bu sahənin inkişafı ilə bağlı görülmüş işlər haqqında konfrans iştirakçılarına məlumat verdi. 
“Azərxalça” ASC-nin İdarə Heyyətinin sədri Vidadi Muradov Cəmiyyətin  birillik istehsalat  fəaliyyəti, bölgələrdə filial binalarının tikinti-quraşdırma işləri, peşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında “Azərbaycan brendi”nin tanıdılması istiqamətində görülən işlər, xalça çeşnilərinin elektron bazasının formalaşdırılması və zənginləşdirilməsi, Əyirici-boyaq fabrikinin yaradılmasına dair aparılan işlər və perespektivlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. 
Konfransda Bakı, Şuşa, Ağdam, Bərdə, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Lənkəran, Lerik, Qazax rayonlarından olan xalçaçılar çıxış edərək dövlətin xalçaçılığın inkişafına, bu sənətin nümayəndələrinə göstərilən diqqət-qayğıya görə minnətdarlıqlarını bildirdilər. Konfransda cənab prezident İlham Əliyevin 1 may 2017-ci il tarixli sərəncamlarına əsasən Azərbaycan xalçaçılıq sənətinin inkişafındakı səmərəli fəaliyyətinə görə təltif edilmiş 27 nəfər xalçaçıya orden və medallar təqdim edilib. Tədbirin sonunda “Azərxalça” ASC-nin də bəzi əməkdaşları fəxri fərmanla təltif olundu. 

Zülfiyyə QULUYEVA 
  

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs