news Image
2017.05.08
11:46
| A A A
3 ayın dəhşətli qəza statistikası - 162 ölü, 411 yaralı

2017-ci ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 407 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9% az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,9% azalaraq 573 nəfər olub.

Dövlət Statistika Komitəsindən Movqe.az-a verilən məlumata görə, onlardan 162-si həlak olub, 411-i isə yaralanıb. Hadisələrin 46,7%-i gündüz, 33,9%-i gecə, 19,4%-i isə toran vaxtı baş verib, 24,3%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,9%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 24,0% artaraq 119 nəfər, yaralananların sayı isə 7,2% azalaraq 386 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 47,9%-i nəqliyyat vasitələrinin və piyadaların, 33,7%-i bir neçə nəqliyyat vasitəsinin, 18,4%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2016-cı ilin yanvar-mart aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 14,0% artıb, 17,0% və 9,6% azalıb.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 72,8%-ni, yaralananların isə 71,8%-ni kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Belə hadisələrin 85,7%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.