Əlaqə Arxiv
news Image
2017.05.10
15:47
| A A A
Gün eynəkləri ilə bağlı xəbərdarlıq-Gözdə xərçəng, mirvari suyu yaradır

Havalar isinən kimi gün eynəklərinə tələbat artır. Gün eynəklərindən gözü ultrabənövşəyi şüalardan qorumaq üçün istifadə edilsə də, bəzən səhv eynək seçimi gözümüz üçün təhlükəyə çevrilə bilər. Elə oftalmoloqlar da gün eynəyini seçərkən diqqətli olmağı məsləhət görürlər. Oftalmoloqu Sevinc Əsədova yay aylarında gün eynəklərindən istifadənin bəzən əks effekt verdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, gün eynəkləri seçərkən əksər hallarda dəbə, eynəyin görünüşünə diqqət yetirilir: “Halbuki gün eynəyi seçimində əsas diqqət yetirilməli məqam eynəyin keyfiyyətidir. Amma çox təəssüf ki, indi çox az adam gün eynəyi seçərkən bu vacib məqamı düşünür. Çox insanı eynəyin ona necə yaraşması, xarici görünüşünün dəbli görünməsi maraqlandırır. Bu isə zaman-zaman gözdə müxtəlif fəsadlara gətirib çıxardır. Nəzərə almaq lazımdır ki, eynəyi gözümüzü ultrabənövşəyi şüalardan qorumaq üçün taxırıq. Deməli, istifadə etdiyimiz gün eynəyin gözü ultrabənövşəyi şüalardan qorumaq üçün mühafizə qatının olması şərtdir. Gün eynəyinin ultrabənövşəyi şüa filtri olmalıdır. Bu filtr gözə düşən ultrabənövşəyi şüaları dəf etmək qabiliyyətinə malikdir. Bu gün satışda olan əksər gün eynəklərində bu cür şüa filtiri olan, gözü ultrabənövşəyi şüalardan qoruyan mühafizə qatı yoxdur. Amma bu cür eynəkləri alıb gün eynəyi kimi istifadə edən insanların sayı həddindən artıq çoxdur. Əslində bu cür gün eynəklərindən istifadə göz üçün eynək taxmadan günəşə çıxmaqdan daha təhlükəlidir. Əlbəttə, insanlar bu gün eynəklərinin fəsadını gözdə qısa müddətdə hiss etmirlər. Bir neçə mövsüm bu cür keyfiyyətsiz, ultrabənövşəyi şüalardan mühafizə qatı olmayan eynəklərdən istifadə tədricən gözdə görmə qabiliyyətini azaldır”.
Həmsöhbətimiz deyir ki, bu cür keyfiyyətsiz gün eynəklərindən istifadə gözdə sulanmaya, qaşınmaya səbəb olmaya da bilər: “Keyfiyyətsiz gün eynəklərinin gözdə yaratdığı fəsad tədricən hiss olunur. Ola bilər ki, ultrabənövşəyi şüadan qorunma təbəqəsi olmayan gün eynəyi gözdə qızarma, sulanma yaratmasın. Amma bir müddətdən sonra gözün görmə qabiliyyətini aşağı salsın. Ona görə də, gün eynəyinə aksesuar kimi yanaşmaq olmaz”. Oftalmoloq deyir ki, əgər rəngli gün eynəklərindən ətrafda hər şey eynəyin rəngində görünürsə, bu göz  göz üçün daha böyük təhlükə yarada bilər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Uşaqlarda Gözün Patalogiyası şöbəsinin həkim oftolmoloqu Nigar Həsənova da uşaqlara ultrabənövşəyi şüalardan müdafiə qatı olmayan gün eynəkləri almağın mənasız olduğunu bildirib. Həmsöhbətimiz deyir ki, ucuz gün eynəkləri gözü ultrabənövşəyi A və B şüalarından qorumur: “Ultrabənövşəyi şüalar gözlə görünməyən düz xətt boyunca yayılır. Qeyd edim ki, ultrabənövşəyi şüalar  A (UBA), ultrabənövşəyi B (UBB), Ultrabənövşəyi C (UBC) şüalar olmaqla 3 qrupa bölünürlər. Bu şüalardan ultrabənövşəyi C şüaları atmosfer  təbəqəsi tərəfindən mənimsənildiyi üçün yer kürəsinə gəlib çatmır və göz üçün ciddi bir problem törətmirlər. Ultrabənövşəyi A və B şüaları isə göz üçün olduqca təhlükəlidirlər. Ona görə də, gözü qorumaq üçün gün eynəyindən istifadə vacibdir. Azərbaycanda ultrabənövşəyi şüalar daha aqressiv olduğundan, gün eynəklərindən istifadə vacibdir. Bu gün Aran zonasında gözdə mirvari suyunun yaranmasına əsas səbəb, məhz həmin zonada ultrabənövşəyi şüaların daha aqressiv olmasıdır. Tarlada əkin-biçinlə məşğul olan insanlar gün eynəklərindən istifadə etmədiklərindən bu xəstəliyə həmin zonadan olan insanlarda daha çox rast gəlinir. Amma gün eynəyinin ultrabənövşəyi şüalardan müdafiə təbəqəsi yoxdursa, bu eynəyi taxmaqla-taxmamağın bir fərqi yoxdur. Əksinə keyfiyyətsiz eynəklər gözü ultrabənövşəyi şüalardan qorumadığından gözdə mirvari suyunun yaranmasına, göz qapaqlarının xərçəngi xəstəliklərinin meydana çıxmasına səbəb ola bilər”.
N. Həsənovanın sözlərinə görə, görmə qabiliyyəti zəif olan uşaqlara isə adətən xamelyon eynəklər tövsiyyə edilir. 
Oflalmoloqlar illərdir ki, ucuz gün eynəklərinin göz üçün təhlükəli olduğunu söyləsələr də, gün eynəyi həvəskarları bu xəbərdarlığa məhəl qoymurlar. Sədərək Ticarət Mərkəzində illərdir ki, gün eynəklərinin satışı ilə məşğul olan Elnur Hümbətov deyir ki, alıcılardan indiyə qədər gün eynəyinin keyfiyyət göstəriciləri ilə maraqlananı olmayıb: “Birinci müştəri sizsiniz ki, məndən sertifikat tələb edirsiniz. Ümumiyyətlə alıcılar gün eynəyini keyfiyyətinə yox, görünüşünə, sifətə yaraşmağına görə seçirlər. Eynək sifətə yaraşırsa alıcı onu alır. Xarici görünüşünə görə dəbdə olan gün eynəklərini də müştərilər çox alır. İndi üst çərçivəsi qabarıq olan eynəklər, çərçivəsi üstdən düz dəmir xəttlə birləşik olan, eyni zamanda iri şüşəli eynəklər dəbdədi. Bizdə təbii ki, firma malları yoxdur. Amma görünüşcə bu ilin dəbi olan eynəklərin oxşarları satılır. Alıcılar da əsasən görünüşə, sifətə yaraşmağına, dəbinə görə alırlar”.
E. Hümbətovun sözlərinə görə, əsas tələbat qara və qəhvəyi rəngli gün eynəklərinədir: “Alıcılar bəzən çərçivəsi müxtəlif rəngdə olan bir neçə gün eynəyi seçib alırlar ki, geyindikləri libasın rəngi ilə uyğun olsun. Bizdə də çərçivəsi müxtəlif rəngdə olan eynəklər var. Amma əsas tələbar çərçivəsi qəhvəyi, metal olan eynəklərədir”. 
Satıcı vitrində olan gün eynəklərinin qiymətinin 9 manatdan başlayaraq 31-33 manata qədər dəyişdiyini söyləyir. Onun sözlərinə görə, ötən illə müqayisədə gün eynəklərinin qiymətində artım var: “Ötən il bizdə 5 manata da gün eynəyi satılırdı. İndi isə, həmin eynəklərin qiyməti 9 manatdan aşağı satılmır”.

Zülfiyyə QULUYEVA 
    

Sizin Reklam Yeriniz