news Image
2017.05.12
19:15
| A A A
ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək (FOTO)

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Koreya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar “Koreya üzrə sual-cavab” yarışı keçirilib.

Universitetdən  Movqe.az-a verilən məlumata görə, ADU və Koreyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev qonaqları salamlayaraq onları tədbirdə görməkdən məmnunluğunu bildirib.

Tədbirdən öncə foyedə təşkil olunmuş Koreyanın həyat tərzini əks etdirən foto-sərgiyə baxdığını bildirən professor bu sərginin onda xoş təəssüratlar yaratdığını vurğulayıb. O, Koreya haqqında keçirilən tədbirin həmin ölkənin dilini öyrənən tələbələr üçün motivasiya rolunu oynadığını qeyd edib.

Ə.Abdullayev çıxışının sonunda Koreyanın Azərbaycandakı səfiri Kim Canq Qyuya tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkür edib və viktorinada iştirak edən tələbələrə uğurlar arzulayıb.

Səfir K.C.Qyu qonaqları salamlayaraq Azərbaycana gəlməmişdən öncə ölkəmiz və ADU haqqında məlumatlı olduğunu bildirib. O, ölkəmizin gündən-günə inkişaf etdiyini, Azərbaycan və Koreya xalqlarının qohum xalqlar olduğunu sözlərinə əlavə edib. İki ölkə arasındakı diplomatik münasibətlərə toxunan səfir ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ötən il I yerə layiq görülmüş tələbənin Koreyada Azərbaycanı təmsil etdiyini deyən səfir K.C.Qyu onun Koreyada keçirilən final mərhələsində qalib olduğunu vurğulayıb. Sonda səfir tələbələrə uğurlar arzu edib.

Sonra 2016-cı ildə keçirilən “Koreya haqqında viktorina”nın qalibi çıxış edərək Koreya dilinə, mədəniyyətinə, tarixinə böyük maraq göstərdiyini bildirib və Azərbaycanı təmsil etməkdən qürur duyduğunu qeyd edib.

Daha sonra 2 mərhələdən və 12 iştirakçıdan ibarət viktorina təşkil olunub. 25 suala doğru cavab verən və I yerə layiq görülən tələbə Koreyada Azərbaycanı təmsil etmək şansı qazanıb.

Viktorinanın sonunda I, II və III yerlərə layiq görülmüş tələbələr mükafatlandırılıb.

Qeyd edək ki, viktorinada I yerin qalibi Fəridə Aydayeva ADU-nun Tərcümə fakültəsinin tələbəsidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs