Əlaqə Arxiv
news Image
2017.05.23
17:25
| A A A
"Bağa baxsan bağ olar, baxmasan..." və yaxud nazirliyin əkdiyi ağaclar quruyubmu? REPORTAJ


Ataların belə bir məsəli var: "Bağa baxsan bağ olar, baxmasan dağ olar"... Mətbuatda da tez-tez salınan yaşıllıqların quruduğu, baxımsız qaldığı barədə məlumatlar yayılır. Elə gedəcəyimiz ünvanda əkilmiş ağacların da çoxunun quruduğu, qulluq edilmədiyindən çoxdan məhv olduğu barədə bəzi mətbu orqanlarda məlumatlar yer alsa da, ünvana çatanda fərqli mənzərə ilə rastlaşdıq.   Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 22-ci kilometrliyinin ətrafında salınan yaşıllıqlardakı ağaclar xeyli boy atıb böyümüşdü. Elə ilk həmsöhbətimiz də ərazidəki ağaclara qulluq edən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 2 saylı Yaşıllaşdırma İdarəsinin bağbanı Gülxar Əhmədova oldu:

-Yazırlar ki, burada əkilən ağacların çoxu quruyub…
-Çoxu çox söz yazır, siz özünüz gəlmisiz baxın görün burada quruyan ağac varmı? Günün 8 saatını bu ərazidə keçiririk. Ağaclara qulluq edilir deyə quruyanı yoxdur. Mənim sözümə inanmasanız özünüz də gəzib baxa bilərsiz. Bizə buna görə əmək haqqı verirlər. Əkilən ağacları “göz bəbəyimiz” kimi qoruyuruq. Vaxtında suvarırıq. Yoxsa burda belə yaşıllıq olardımı?
Bağban Gülxar xanımla söhbət zamanı öyrənirik ki, bu gün ekologiya işçilərinin peşə bayramı günü o, ikiqat bayram sevinci yaşayır. Çünki, o yaşıllıqların salınması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə seçildiyindən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov tərəfindən diplomla təltif ediləcək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəhbərliyi və kollektivi peşə bayramı münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra onlar da bu ünvanda,   Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 22-ci kilometrliyinin ətrafında salınan yaşıllıqların ərazisində keçirilən iməciliyə qoşuldular.  Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov peşə bayramı münasibəti ilə nazirliyin kollektivini təbrik edərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirdi. Nazir görülən işlər, həyata keçirilən tədbirlər, qarşıdakı vəzifələr və perspektiv planlar barədə qısa məlumat verdi. H. Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə nazirliyin fərqlənən əməkdaşlarını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri fərman”ı ilə təltif etdi. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olundu. 
Əraziyə gəldikdə ilk həmsöhbət olduğumuz bağban Gülxar xanım da bu gün təltif olunanlar sırasında olan sadə və zəhmətkeş ekologiya işçisi ilə yenidən söhbətləşdik: “Mən ağaclara, yaşıllıqlara can-başla qulluq edirəm. Sağ olsunlar qiymətləndirənlər. Əlbəttə ki, bizim kimi işçilərin nazirlik tərəfindən təltif edilməsi daha da bizi həvəsləndirir. Mənim evim bu əraziyə yaxın olduğundan, mən iş vaxtı qurtarsa da, ağacların hamısına qulluq etməmiş işimdən ayrılmıram. Bu ağaclara belə qulluq edilməsəydi, bu gün burada belə yaşıllıq olmazdı. Şərt ağacı əkmək deyil, ona qulluq etməkdir. Biz əkdiyimiz ağaclara qulluq edirik. Vaxtında sulayıb lazımi aqrotexniki qulluğu göstəririk. Əks halda atalar sözündə deyildiyi kimi, “bağa baxsan bağ olar, baxmasan dağ olar” məsəli burada bağ yox, sahədə quru səhra ilə rastlaşardız”.
Həmsöhbətimiz deyir ki, bağban işi çətin olsa da, birmənalı olaraq bu işə qadın sənəti deyil demək doğru olmaz: “Əksinə, qulluq etmək, qayğı göstərmək daha çox qadınlara xas xüsusiyyətdir. Mən ailəliyəm, övladlarım var. Evdə onlara, bu ərazidə ağaclara qulluğu özümə bir borc bilirəm. Çünki, nəticədə hər ikisi mənim vəzifəmdir, işimdir, üzərimə düşən məsuliyyətdir. Bəzən başqa yerlərdə əkilib baxımsız qalan, quruyan ağacları da bizim adımıza “yazırlar”. Amma dəqiqləşdirmirlər ki, o ağacları əkən hansı qurumdur. Biz öz əkdiyimiz ağaclara, saldığımız yaşıllıqlara məsuliyyət daşıyırıq. Çalışırıq ki, həyat verdiyimiz, əkdiyimiz heç bir ağac qurumasın”.     
Tədbirin davamı olaraq 30 hektar ərazidə iməcilik keçirildi. İməcilikdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov, nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak etdi.Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərildi, ağacların dibi yumşaldılaraq, sahə alaq otlarından təmizləndi.
Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz