Əlaqə Arxiv
news Image
2017.05.25
09:17
| A A A
İslamiada Azərbaycaan yeni turist axınına rəvac verir
Fikrət Yusifov: “Bir milyarddan artıq insanın izlədiyi bu yarışlar Azərbaycana yeni iqtisadi dividendlər gətirəcək” Müzəffər Ağakərimov: «İslam Həmrəyliyi Oyunları artıq Azərbaycanı bütün Şərq dünyasına tanıtdırdı»

IV İslam Həmrəyliyi Oyunları başa çatdı. Tədbir idman xarakterli olsa da, həm siyasi, həm iqtisadi əhəmiyyəti ilə yadda qaldı. Siyasi cəhətdən İslam dünyası üçün həmrəyliyini özündə ehtiva edən yarışların Azərbaycan üçün həm də iqtisadi davamı var. Belə ki, mütəxəssislərin fikrincə, bu cür tədbirlərdən sonra ölkəmizə turist axını kəskin artacaq. Bu məsələyə Prezident İlham Əliyev də IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə toxundu. Ölkə rəhbəri bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacağını qeyd edib. Ekspertlərin sözlərinə görə, ölkədə artıq bu tendensiya müşahidə edilir. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirdi ki, iqtisadi uğurlarımızın imkan verdiyi bir səviyyədə keçirdiyimiz mötəbər beynəlxalq yarışlar və digər beynəlxalq tədbirlər təkcə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasına xidmət etmir: “Bu tədbirlər eyni zamanda Azərbaycanın bütün dünyaya təbliğ edilməsində yaxşı bir vasitəyə çevrilməklə, ölkəmizə milyardlarla investisiyaların, milyonlarla turistin axınına yol açır. Belə beynəlxalq tədbirlərin keçirilməsi, hər hansı bir kompaniyanın və ya onun istehsal etdiyi məhsulun reklam olunması demək deyil. Bütövlükdə bir ölkənin dünyaya geniş təqdimatıdır ki, bunun da nəticəsində ölkələr özlərinin gələcək iqtisadi perspektivlərini müəyyənləşdirir, xarici investorların və böyük turist kütləsinin diqqətini cəlb edə bilirlər. “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunlarına, “Formula-1” yarışmalarına ev sahibliyi etməklə Azərbaycan eyni zamanda bütün dünyaya,  milyardlarla insanlara təqdim olundu. İnsanlar Azərbaycanı yaxından tanıyıb, ora gəlməyə həvəsləndilər. İş adamları ölkəmizdəki geniş fəaliyyət meydanını görüb Azərbaycana yatırım seçimi etdilər, həmçinin turist axını kifayət qədər gücləndi. 
Hazırda paytaxt Bakıda, bölgələrimizdə turistlərin sayının bir neçə il bundan öncəki illə müqayisədə əhəmiyyətli dərəcədə artdığının şahidi ola bilirik. Başqa bir misal isə, ötənilki iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatına 7 milyard dollardan artıq xarici investisiyaların yatırılmasıdır. Bütün bunlar ölkə iqtisadiyyatının inkişafının sürətlənməsinə təkan verən amillərdir. Son olaraq Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə – “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Bir milyarddan artıq insanın izlədiyi bu yarışlar Azərbaycana yeni iqtisadi dividendlər gətirəcək. İlk növbədə bunu İslam birliyinə daxil olan ölkələrdən Azərbaycana investisiya axınının və turistlərin sayının bir neçə dəfə artması ilə müşahidə edə biləcəyik. Bu gün Azərbaycan regionda ictimai-siyasi sabitliyin hökmranlıq etdiyi bir mühitdə yaşayan yeganə dövlətlərdən biridir. Hər bir investor və turist üçün isə bundan önəmli olacaq bütün məsələlər ikinci sırada yer ala bilər”. 
Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov bildirdi ki, İslam Həmrəyliyi Oyunları artıq Azərbaycanı bütün Şərq dünyasına tanıtdırdı: “İkincisi, bu tədbirdə elə ölkələr iştirak edirdi ki, onların bəzilərinin Azərbaycanla turizm əlaqələri yox idi. Azərbaycanda ilk dəfə olan insanlar ölkəmiz üçün canlı reklamdırlar. Çünki onlar öz ölkələrinə qayıdanda mütləq Azərbaycan barəsində danışacaq, Azərbaycan haqqında təəssüratlar aparacaqlar. 
Yada salaq ki, Sovet dönəmində ölkəmizi Azərbaycan deyəndə yox, neft, Bakı deyəndə tanıyırdılar. Ancaq müstəqillik əldə edildikdən sonra artıq Avropa da Azərbaycanı yaxşı tanıyır. İndi isə Avropa ilə yanaşı, Afrikanın, Asiyanın müsəlman dövlətləri də Azərbaycanı yaxından tanıyır. Nəzərə alaq ki, idmançılardan başqa ölkəmizə xarici azarkeşlər də gəlib. 
Ümumiyyətlə, son illərdə ölkəmizə gələn ərəb tuiristlərin sayı xeyli artıb. 2018-ci ildə isə müsəlman ölkələrindən gələn turistlərin sayı daha da artması proqnozlaşdırlır.  Marağın səbəbində də bir neçə amil dayanır. Bunların ən başlıcası Azərbaycanda olan sabitlikdir. Həmçinin ölkəmizə gələnlər Azərbaycanın qonaqpərvərliyindən çox danışdılar. Bu da turizmin inkişafında mühüm rol oynayır. Müsahibələrindən hiss olundu ki, onlar bir daha ölkəmizə qayıtmaqda maraqlıdırlar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz