Əlaqə Arxiv
news Image
2017.05.26
14:08
| A A A
Dərs ilinin müddəti artırılacaqmı?

Ötən ildən başlayaraq ölkənin ümumtəhsil müəssisələrində dərs ilinin müddətinin qısaldılması ilə bağlı təkliflər səslənsə də, nazirlik gözlənilməz açıqlama yayıb. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov dərs ilinin bir qədər də uzadılması haqda müzakirələrin aparıldığını bildirib: “Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, ancaq hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik?” 
Nazirlik rəsmisinin dərs ilinin uzadılması ilə bağlı verdiyi son açıqlama ictimaiyyətdə, sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.  
Qeyd edək ki, dərs ilinin müddətinin, dərs proqramının tam tədris edilib başa çatmaması səbəbindən uzadıldığı barədə iddialar səslənir. 


Təhsil üzrə ekspert Kamran Əsədov isə Movqe.az-a açıqlamasında sözügedən səbəbin dərs ilinin müddətini artırmaq zərurəti yaratmadığını söyləyir: “Bu müəllimin tədris proqramını qurması ilə bağlı bir problemdir. Hesab edirəm ki, bu düzgün yanaşma tərzi deyil.  Məsələn , özəl orta məktəblər hətta aprel ayında tədris proqramlarını başa vururlar. Bununla bərabər, 30 aprel tarixli ali məktəblərə qəbul imtahanlarında 10 nəfər maksimum nəticə - 700 bal toplayıb. Onlar tədris ili başa çatmamış tam proqrama necə cavab verib? İki mindən çox abituriyent 600 baldan yuxarı nəticə əldə edib. Bu onu göstərir ki, tədris proqramı may ayının sonlarında başa çatır. Xoşagəlməz hal odur ki, bir sıra məktəblərdə may ayının 20-dən sonra şagirdlərə verilmiş dərslikləri yığırlar. Bu da ciddi şəkildə təsir göstərir”.
Həmsöhbətimiz xarici ölkələrdə tətil müddətinin daha çox olduğunu söyləyir: “ Qeyd edim ki, inkişaf etmiş ölkələrdə təhsil həftələrinin sayı çox olsa da onların heçdə hamısı aktiv dərs deyil. Müəyyən hissəsi tətillər dövrünə təsadüf edir. Doğrudur, Avropa öləkərində yay tətili qısa olur. Lakin il boyunca tədris elə bölünüb ki, şagird yorulmur. Bundan başqa, onların iqlimi də bunun üçün əlverişlidir. Onlarda Yevlax, Kürdəmir kimi isti yerlər yoxdur. İyun ayında maksimal temperatur 28 dərəcə olur. Təhsil müəssisələrində kondinsionerə belə ehtiyac yoxdur. Amma biz hər şeyi onlardan götürək deyərkən, öz reallıqlarımızı unutmamalıyıq. Yoxsa, qaş düzəltdiyimiz yerdə vurub göz də çıxarmış olarıq. Hələ demirik ki, biz dini bayramlarımızın adını belə çəkməyə qorxuruq, amma onlar iki ən vacib dini bayramlarında (Milad və pasxa) 2-3 həftə tətil verir”.
K. Əsədovun sözlərinə görə, İngiltərədə il boyu məktəb tətilləri qeyd olunur: “Milad bayramı - 15 gün, fevralda tətil - 5 gün, pasxa bayramı - 19 gün, may sonu - 5 gün, yay tətili - 17 iyul - 5 sentyabr, payız tətili (oktyabr) - 10 gün. Bizdə isə bu tətil günləri olduqca azdır. Amma bizdə bir çox ölkələrdən fərqli olaraq VI gün dərs var. Bu isə 34 əlavə gün deməkdir (7 həftə). Deməli 41 həftədir tədris ilimiz və bizdə onlardan çoxdur. Hesab edirəm ki, bu təklif, dərs həftələrinin artırılması qəbul edilməyəcək. Azərbaycan məktəbi üçün ən uğurlu tədris ili 1 sentyabr tarixində başlayıb, 30 mayda bitməsi ola bilər. May ayının sonlarında orta məktəbdə dərslikdəki mövzuları bitmiş olur. Şagirdlər iyun ayının 14-ünə qədər boş - boşuna getmiş olurlar. Biz şagirdləri yükləməməliyik”.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz