Əlaqə Arxiv
news Image
2017.05.27
08:00
| A A A
Televiziyalarımız yenə tamaşaçı auditoriyasını əcnəbi telekanallara uduzurlar
Qulu Məhərrəmli: “Televiziya rəhbərləri bundan ciddi nəticə çxıartmalıdırlar” Zöhrə Fərəcova: “Vəziyyətin belə hal almasının səbəbkarları Azərbaycan televiziya kanallarının özləridir”

Ötən illərlə müqayisədə Azərbaycanda xarici telekanallara baxma imkanı genişlənib. Bu, xəbər plüralizmi, rəqabət baxımından müsbət haldır. Ancaq problem ondadır ki, xarici kanallar daah çox tamaşaçı auditoriyasını özünə çəkə bilib. Artıq yerli kanallara baxışın kəskin dərəcədə aşağı düşdüyü müşahidə olunur. Yerdəyişmə isə xüsusən Türkiyə və Rusiya  kanalları istiqamətinədir. Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah edirlər.

Mövzu ilə bağlı teletənqidçi Qulu Məhərrəmli bildirdi ki, bu, insanların marağından doğan amildir: “Hazırda Azərbaycanda əsasən Türkiyə və Rusiya telekanallarına baxılır. Başqa xarici dilləri bilənlər isə internet, kabel televiziyası vasitəsi ilə başqa kanallara baxır. Yəni, bu, bizim telekanalların ümumi səviyyəsinin aşağı düşməsi ilə, ona olan tamaşaçı marağının azalması ilə bağlı olan məsələdir. Ona görə də televiziya rəhbərləri bundan ciddi nəticə çxıartmalıdırlar. Lakin tamaşaçanın istiqamətini dəyişmək həmişə mümkündür. 
Bu gün elə kanallar var ki, insanlar onların müəyyən verilişlərinə baxırlar. Lakin təəsüf ki, belə verilişlərin sayı azdır. Problem odur ki, kanallarımızın hamısında verilişlər, xəbərlər bir-birinə təkrarlayır. Tamaşaçı da bu xəbər proqramına baxmır. Ona görə də maraqlı, tamaşaçı zövqünü oxşayan, ümumi səviyyəsi yüksək olan verilişlər efirə getməldiir. Tamaşaçı müqayisə edir. Səviyyə aşağıdırsa, həmin proqrama baxılmır. Amma tamaşaçı auditoriyasını geri qaytarmaq həmişə mümkündür. Bu da maraqlı verilişlərin təşkilində diskusiya proqramalarının çoxluğunda, auditoriyanı maraqlandıran problemlərə toxunan verilişlərdən keçir. Eyni zamanda, auditoriyanı bu müzakirələrə cəlb edilməlidir. Yalnız bu yollarla auditoriyanı geri qaytara bilərik. Ancaq şüarlarla nəyisə həll etmək mümkün deyil”.
Azərbaycan Dillər Universitetinin “Filologiya və jurnalistika” fakültəsinin müəlliməsi Zöhrə Fərəcova bildirdi ki, texnikanın inkişafı ilə necə deyərlər, dünyanı evimizə gətirəcək dövrdə yaşayırıq: “Bu, müsbət bir haldır. Müxtəlif mənbələrdən informasiyalar ala, dünyagörüşümüzü, məlumat dairəmizi genişləndirə bilirik. 
Xarici ölkələrin televizya kanallarına gəlincə, onlar həm də bizim bir tamaşaçı kimi seçim imkanlarımızı artırır. Ancaq təəssüf doğuran başqa bir məqam var. Bu gün ölkəmizdə televiziya tamaşaçılarının böyük hissəsi, əsasən, xarici kanallara, xüsusilə Türkiyə televiziyalarına üstünlük verirlər. Fikrimcə, telekanallarımız bu barədə ciddi düşünməlidirlər. Çünki bu cür seçimi tamaşaçı birdən-birə və istəyərək etmir. Vəziyyətin belə hal almasının səbəbkarları Azərbaycan televiziya kanallarının özləridir. 
Tamaşaçı o halda bir verilişə, hətta  ümumilikdə bir telekanala baxmaqdan tamamilə və ya qismən imtina edir ki, onun tələblərinə, maraqlarına uyğun gəlmir. Bizim televiziya kanallarımız bu gün daha çox şou verilişlərinə üstünlük verirlər. Bütün günü efirdən çal-çağır etməklə, yemək reseptləri verməklə və digər şit, bayağı verilişlərlə reytinqlərini yüksəldəcəklərini düşünürlər. Əlbəttə, tamaşaçıya musiqi də lazımdır, əyləncə də. Amma bunların da içərisində məzmun, məna olmalıdır. Tamaşaçının beynini boş söz yığını ilə yükləmək, musiqi zövqünü korlamaq onun vaxtını oğurlamaqdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz