news Image
2017.06.20
13:34
| A A A
Qazaxıstanın latın əlifbasına keçidi müzakirə olunub

Qazaxıstanın latın əlifbasına keçidi türk xalqları arasında elmi inteqrasiyanı gücləndirəcək
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın ortaq təşkilatı olan Beynəlxalq Türk Akademiyası (TWESCO) Qazaxıstanda latın əlifbasının bərpası məsələlərinə həsr olunmuş konfrans keçirib.
 Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin "Egemen Qazaxıstan" qəzetində dərc olunan "Gələcəyə doğru yol: Mənəvi yenilənmə" adlı geniş məqaləsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi məsələlərinin geniş dəyərləndirildiyi toplantının moderatorluğunu Akademiya prezidenti Darxan Kıdırali edib.
Tədbirdə nüfuzlu ictimai-siyasi xadim Mırzatay Joldasbekov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Ağsaqqallar Şurasının üzvü Adil Əhmədov, Qazaxıstan Milli Elmlər Akademiyasının üzvü Bolat Kömekov, А.Baytursınov adına Dilçilik İnstitutunun Direktoru Yerdən Kajıbek, habelə görkəmli türkoloq və dilçilər iştirak edib.
 "Eurasian Book Fair - 2017" beynəlxalq kitab sərgisi çərçivəsində təşkil edilən konfransda iştirakçılar Prezident Nursultan Nazarbayev tərəfindən qarşıdakı illərdə həyata keçirilməsi nəzərdə tutulan mühüm layihələrdən biri kimi qazax dilinin latın əlifbasına keçidinə dair fikirlərini bölüşüblər. Artıq latın əlifbasına keçmiş digər türk respublikalarının təcrübələri üzərində dayanılıb, bu prosesin aktual məsələləri və mexanizmləri müzakirə edilib. Mütəxəssislərin ortaq qənaəti latın əlifbasına keçidin qardaş türk xalqları ilə əməkdaşlığı yeni səviyyəyə çıxararaq elmi inteqrasiyanı gücləndirəcəyi yönündə formalaşıb. 
 Bu baxımdan Y.Kajıbekin "Ortaq latın əlifbası mənəvi azadlığın simvoludur", A.Jünisbekin "Latın əlifbasını canlandırmağın aktual məsələləri" mövzusunda məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 
 Tədbir çərçivəsində Beynəlxalq Türk Akademiyasının elmi layihələrindən biri kimi prof. Alimxan Jünisbekin "Ortaq türk latın əlifbası" adlı monoqrafiyasının da təqdimatı keçirilib.
Beynəlxalq Türk Akademiyasının
Mətbuat xidməti

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs